Redaktor
Azərbaycanlı 2 tələbə birləşib startap qurdu - Minlərlə tələbənin ortaq probleminin həlli tapıldı
İxtisas seçimində abituriyentlərə yardım edəcək bir startap qururlar. Abituriyentərə faydalı olsunlar deyə, bu il ixtisas seçimlərindən öncə layihələrini təqdim edirlər. Qısa müddətdə 3 000 istifadəçiyə çatırlar. Ancaq ixtisas seçimləri başa çatdıqdan sonra saytda istifadəçi azalması baş verir. “Necə edək” deyə düşünərkən sayta tələbələr üçün faydalı olacaq funksiyalar əlavə edirlər. Yeni yaranmalarına baxmayaraq startaplarına marağın çox olduğunu deyirlər. Söhbət “Uniaz” startapından gedir.
Valyuta.az startapın təsisçiləri Vüqar Qurbanlı və Nihad Tağıyev ilə həmsöhbət olub və gələcək planları haqqında danışıb.
Qeyd edək ki, Vüqarla Nihad Memarlıq və İnşaat Universitetinin İT ixtisası üzrə 3-cü kurs tələbələridirlər.
- İlk olaraq, “Uniaz” ideyasından danışaq. Layihənin ideyası necə və nə vaxt yarandı?
Vüqar Qurbanlı: Biz abituriyentlərin ixtisas seçimi zamanı nə qədər çaşqın və məlumat çatışmazlığı içində olduqlarını müşahidə edirdik, onlara faydalı olsun deyə bu platformanı qurmağı qərara aldıq. Məqsədimiz, gənclərə ixtisas seçimini daha asan, şəffaf və məlumatlı şəkildə etməyə kömək edən bir platforma yaratmaq idi. Layihəmiz bu ilin iyul ayında fəaliyyətə başladı. “Uniaz” platforması komandamızın ilk startap təcrübəsidir və bu layihə təhsil sahəsindəki real bir problemdən doğdu.
- Bu startapın əsas funksiyaları nələrdir və necə işləyir?
Nihad Tağıyev: “Uniaz” platforması abituriyentlər üçün ixtisas seçimində köməkçi platformadır. Məsələn, abituriyent həm blok, həm də buraxılış imtahanından yığdığı balı platformada daxil edərək hansı universitetə düşə biləcəyini sistem vasitəsiylə dəqiqləşdirə bilir. Artıq ixtisas seçimi zamanı abituriyentlərin yığdıqları bal ilə 50 səhifəlik jurnalı vərəqləyərək “hansı ixtisasa qəbul ola bilərəm” sualı ətrafında düşünməsinə ehtiyac qalmır. Biz bu prosesi avtomatlaşdırmışıq.
- Startaplarda ilk dövrlər heç də asan olmur. İlk çətinliklər nələr idi?
Vüqar Qurbanlı: Texniki və idarəetmə təcrübəmiz az olduğuna görə biz bir çox prosesi "səhv edib-öyrənmə" üsulu ilə öyrəndik. Bu mərhələdə qarşılaşdığımız ən böyük çətinlik layihənin daha geniş auditoriyaya çatdırılması və istifadəçi etimadının qazanılması idi. Zamanla həm texniki biliklərimizi, həm də istifadəçi yönümlü yanaşmamızı inkişaf etdirdik. Bu gün artıq 25 mindən çox istifadəçimiz, istifadəsi rahat interfeysimiz və faydalı analitik alətlərimiz var.

- Hazırda layihədə iki nəfərsiniz?
Nihad Tağıyev: İlk başlayanda 2 nəfər idik, lakin sonradan komandamızı böyütdük.
- Azərbaycan bazarında rəqibləriniz varmı və varsa fərqiniz nədir?
Vüqar Qurbanlı: Bizim üçün əsas məqsəd rəqabət aparmaq deyil, təhsil ekosistemində real dəyər yaratmaqdır. Bu səbəbdən “Uniaz”ı təkcə ixtisas seçimi ilə məhdudlaşdırmırıq – platformanı təhsillə bağlı bütün mərhələləri əhatə edən, tələbələrin və abituriyentlərin ehtiyaclarına cavab verən kompleks təhsil platformasına çevirməyi planlaşdırırıq.
- İdeyanız formalaşanda, kimlərlə məsləhətləşdiniz? Hər hansı mentor və ya dəstək aldığınız şəxslər oldumu?
Nihad Tağıyev: Heç kəsdən dəstək almadan, tam öz gücümüzlə bu layihəni inkişaf etdirdik və qısa müddətdə 25 min istifadəçiyə çatdıq. Layihənin həm developer, həm də reklam tərəfi tamamilə bizim komandaya məxsusdur.
- İnvestisiya müraciətlərinə başlamısınız?
Vüqar Qurbanlı: Hazırda biz investisiya məsələləri üzərində çox dayanmamışıq. Ancaq gələcək zamanda, platformaya fərqli funksiyalar gətirdikdən sonra stratapımızı investor qarşısında təqdim etməyi düşünürük.

- Sistem üzərindən gəliriniz nə qədər olur?
Vüqar Qurbanlı: Hələ ki onu açıqlamasaq yaxşıdır (Gülür).
Nihad Tağıyev: Fokus pul olsa, uğur az olur. Fokus pul olanda startapın olmur, pulun olur. Sən pul üçün işləyirsən startap qalır qıraqda.
- "Uniaz " platforması 3-4 aydır fəaliyyət göstərir. Bu dövrdə hansı nəticələr əldə etmisiniz və startapın gələcəyini necə görürsünüz?
Nihad Tağıyev: Hazırda bizim startap müvsümlükdür, ancaq ixtisas seçimi zamanı aktiv olur. İxtisas seçimləri zamanı, yeni yaranmağımıza baxmayaraq, bir gün ərzində saytımıza 3 000-dən çox insan daxil olmuşdu. Ən böyük partlayışımız orda oldu. Ancaq ixtisas seçimi bitdikdən sonra platformada bir müddət istifadəçi azalması baş verdi. O zaman biz düşündük ki, platformanın imkanlarını daha da genişləndirməliyik. Platformada tələbələr üçün yeni funksiya - Tələbələr üçün bildiriş sistemi – yaratdıq. Bu necə işləyir? Universitetlərdə Alt-üst həftə məsələsi var. Çox sadə problemdir və tələbələrin əksəriyyəti bunu qarışdırır. Platforma üzərindən tələbələrə həftəsonu məlumat gedir ki , məsələn bu həftə alt həftədir, yoxsa üst həftə. Bu çox sadə problemdir. Mən hələ də tələbə olaraq bilmirəm ki, bu həftə alt həftədir, yoxsa üst?
Vüqar Qurbanlı: Hazırda əlavə funksiyalar - fərdi tövsiyə sistemi, təhsil müəssisələri haqqında analitik məlumat bölməsi və istifadəçi üçün fərdiləşdirilmiş təcrübə modulları üzərində işləyirik. Qısacası, “Uniaz” tədricən gənclərin təhsil qərarlarını daha ağıllı və məlumatlı şəkildə vermələrinə kömək edən bir “rəhbər platforma”ya çevrilir.
- Yeni olan platforma ilə bağlı hədəflər nələrdir?
Vüqar Qurbanlı: Bizim əlavə edəcəyimiz yeni funksiyalarla platforma il ərzində təhsil sahəsində olan şəxslərə, əsas da abituriyent və tələbələrə xidmət edəcək. Həmçinin Platformada Mentor funksiyasını da əlavə edəcəyik. Komandamız bunun üstündə işləyir. Tanınmış kouçlarla danışıqlar gedir. Çox yaxın zamanda onları platformaya cəlb etməyi planlayırıq. Onlar platforma üzərindən təlimlər verəcəklər. Çox peşəkar kouçlar olacaq, həm tələbələr, həm də abituriyentlər üçün maraqlı yeniliklərimiz olacaq.
Turanə Ağayeva