Redaktor
“Aqrarkredit”in əmlakları 10% endirimlə təkrar satışa çıxarılır
Cari ilin iyunun 3-də “Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatının balansında olan bir sıra daşınmaz əmlakların təkrar hərracı keçiriləcək. Hərraca əsasən Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən qeyri-yaşayış sahələri və binalar çıxarılıb.
Valyuta.az xəbər verir ki, satışa çıxarılan əmlakların ümumi start qiyməti 9,9 milyon manatdan çoxdur.
Siyahıya Nərimanov, Səbail, Yasamal və Xətai rayonlarında yerləşən kommersiya təyinatlı obyektlər daxildir.
Ən yüksək start qiyməti Nərimanov rayonunda, Məmməd Araz küçəsi 95 ünvanında yerləşən 1 078,10 kvadratmetr sahəyə malik qeyri-yaşayış binasına təyin olunub. Həmin əmlakın ilkin satış qiyməti 5 milyon 220 min manat təşkil edir. Səbail rayonunda, Zərifə Əliyeva küçəsi 3 ünvanında yerləşən 412,8 kvadratmetrlik qeyri-yaşayış sahəsi isə 2 milyon 173 min 500 manat start qiyməti ilə hərraca çıxarılır.
Yasamal rayonunda, Yeni Yasamal yaşayış massivində yerləşən iki iri qeyri-yaşayış sahəsi də satış siyahısına daxil edilib. Əsəd Əhmədov küçəsində yerləşən 5 948,3 kvadratmetrlik sahə 990 min manata, 5 151,7 kvadratmetrlik digər sahə isə 1 milyon 64 min 700 manata təklif olunur.
Bundan başqa, Xətai rayonunda, Çingizxan Kərimov küçəsində yerləşən 1 025,5 kvadratmetrlik zirzəmi tipli qeyri-yaşayış sahəsi 460 min 800 manat start qiyməti ilə hərraca çıxarılıb.
Hərracda iştirak etmək üçün beh məbləği əmlakdan asılı olaraq 2 304 manatdan 26 min 100 manatadək dəyişir.
Qeyd edək ki, siyahıda göstərilən əmlaklar ikinci dəfə təkrar hərraca çıxarılır və onların qiyməti 10% aşağı salınıb.
Mayya Hüseynova