Redaktor
Aİ böyük dəyişikliyə hazırlaşır: İstehlakçılar və biznesin işi çətinləşəcək
Avropa İttifaqında alış-veriş zamanı müəyyən hallarda satıcılar müştərinin şəxsiyyətini müəyyənləşdirməyə imkan verən məlumatları tələb edə biləcək. 10 min avronu aşan əməliyyatlar üçün isə tam identifikasiya proseduru məcburi olacaq.
Valyuta.az xəbər verir ki, bu barədə Gazeta Prawna yazıb.
3 min avrodan yuxarı nağd əməliyyatlar üçün də sadələşdirilmiş müştəri yoxlanışı (CDD – Customer Due Diligence) tətbiq olunacaq. Praktikada şirkətlər alıcıdan vergi ödəyicisinin identifikasiya nömrəsini (RNOКPP/İNN) və ya bank hesab nömrəsini tələb edə biləcək.
Yeni qaydalara əsasən, bank hesabından köçürmə edilməsi vəsaitin qanuni mənbəyini avtomatik təsdiqləməyəcək. Dəyişikliklərin 2027-ci ilin iyul ayının ortalarında qüvvəyə minməsi gözlənilir.
Yeni tələblər avtomobil satıcıları, daşınmaz əmlak vasitəçiləri, incəsənət qalereyaları, hərrac evləri, kriptovalyuta xidmət təminatçıları, kraudfandinq platformaları və bəzi kredit şirkətlərini əhatə edəcək. Beləliklə, 10 min avronu aşan avtomobil, lüks saat, sənət əsəri və ya daşınmaz əmlak alışı mütləq identifikasiya ilə müşayiət olunacaq.
Əsas məsuliyyət bizneslərin üzərinə düşsə də, dəyişikliklərin təsiri böyük məbləğli əməliyyat edən istehlakçılara da toxunacaq, çünki əlavə yoxlama prosedurlarından keçmək lazım olacaq.
AML (Anti-Money Laundering – çirkli pulların yuyulmasına qarşı mübarizə) qaydaları bütün Aİ ölkələrində tətbiq ediləcək. İslahatın məqsədi çirkli pulların yuyulmasına qarşı mübarizə qaydalarını unifikasiya etmək və Avropa İttifaqı ərazisində terrorizmin maliyyələşdirilməsinin qarşısını almaqdır.
Ekspertlər bildirirlər ki, bir çox sahibkar üçün bu, son illərin ən böyük təşkilati dəyişikliklərindən biri olacaq. Xüsusilə maliyyə sektorundan kənar şirkətlər müştəri identifikasiyası sistemləri qurmalı, sənədləşmə aparmalı və əməkdaşları təlimdən keçirməlidirlər.
Paşa Məmmədli