Redaktor
ABŞ-yə köçmək istəyənlər "Green Card" üçün 100 min dollar ödəməli ola bilər
ABŞ Prezidenti Donald Tramp administrasiyası "Green Card" (daimi yaşayış icazəsi) almaq istəyən şəxslərdən 100 min dollar məbləğində depozit (bond) tələb etməyi nəzərdən keçirir.
Valyuta.az xəbər verir ki, məlumata görə, ABŞ Dövlət Departamenti aşağı gəlirli əcnəbilərin immiqrasiyasını məhdudlaşdırmaq məqsədilə hazırlanan təklifi qiymətləndirir. Plan ilkin mərhələdə bir neçə ölkədə sınaqdan keçirilə bilər.
Təklif qəbul olunarsa, müraciətçilər depoziti əvvəlcədən ödəyəcək, ABŞ vətəndaşlığını əldə etdikdən sonra isə vəsaiti geri ala biləcəklər. Bu proses bir neçə il davam edə bilər.
Administrasiya hesab edir ki, depozit sistemi ABŞ-a köçən şəxslərin özlərini maliyyə baxımından təmin edə bilməsi üçün təminat rolunu oynayacaq.

ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqott bildirib ki, Prezident Donald Tramp ölkəyə köçmək istəyən şəxslərin maliyyə cəhətdən özünü təmin etməsinin vacibliyini dəfələrlə vurğulayıb.
Qeyd edək ki, "Green Card" əsasən ABŞ vətəndaşlarının həyat yoldaşı, valideynləri və bacı-qardaşları kimi ailə üzvlərinə verilir. Ötən il bu kateqoriya üzrə təxminən 500 min immiqrasiya vizası təqdim edilib.
Bu təşəbbüs Tramp administrasiyasının immiqrasiyanı sərtləşdirməyə yönəlmiş siyasətinin növbəti addımı kimi qiymətləndirilir.
Sərvanə Rəmixanova