Redaktor
"Şirkətlərin bayramlara risk yox, strateji fasilə kimi yanaşması lazımdır"
Bayram günləri əksər insanlar üçün istirahət və alış-veriş dövrü olsa da, iqtisadiyyatın bütün sahələri üçün eyni dərəcədə müsbət təsir yaratmır. Əksinə, bəzi bizneslər üçün bu günlər “pik mövsüm” hesab olunduğu halda, digərləri üçün fəaliyyətin zəiflədiyi, hətta gəlirlərin kəskin azaldığı mərhələyə çevrilir. Xüsusilə Azərbaycanda bayramların ardıcıl şəkildə tətil günləri ilə birləşdirilməsi - bəzən 7-10 günlük fasilələrin yaranması bir sıra sahələrdə iş prosesini demək olar ki, tam dayandırır.
Biznes konsultant Mübariz Quliyev Valyuta.az-a bildirir ki, bayram günləri iqtisadi baxımdan ikitərəfli təsir yaradır: “Turizm və iaşə sektoru bu dövrdə daha çox qazanan sahələr sırasındadır. İnsanların səyahətə və istirahətə üstünlük verməsi bu bizneslərdə canlanma yaradır. Lakin istehsal, B2B satışlar, İT xidmətləri, logistika və təchizat zənciri kimi əməliyyat yönümlü sahələr üçün bayram günləri ciddi çətinliklər yaradır. Bu dövrdə sifarişlər azalır, iş prosesləri dayanır və nəticədə gəlirlərdə azalma müşahidə olunur”.
Ekspertin sözlərinə görə, tətil günlərinin uzunluğu bu təsiri daha da dərinləşdirir: "Xüsusilə kiçik və orta bizneslər üçün bir neçə günlük fasilə belə ciddi maliyyə boşluğu yarada bilər. Bununla belə, bu vəziyyətin qarşısını tam almaq mümkün olmasa da, təsiri minimuma endirmək üçün bir sıra effektiv yanaşmalar mövcuddur".
M.Quliyev qeyd edir ki, əsas çıxış yolu əvvəlcədən planlaşdırmadır: “Planlaşdırma yalnız biznesdə deyil, bütün fəaliyyət sahələrində uğurun əsas şərtidir. Bayramdan əvvəl işlərin düzgün bölüşdürülməsi, sifarişlərin öncədən icrası və proseslərin optimallaşdırılması itkiləri azalda bilər”.

Ekspert həmçinin Azərbaycan bizneslərində ən zəif nöqtələrdən birinin rəqəmsallaşma və avtomatlaşdırma olduğunu vurğulayır: “Əgər sistemlər qurulubsa, işçi heyəti tam fəaliyyət göstərmədiyi halda belə biznes işləməyə davam edə bilər. Rəqəmsallaşma imkan verir ki, sahibkar fiziki olaraq işdə olmasa belə, proseslər dayanmasın”.
Digər həll yolları kimi növbəli iş rejiminin tətbiqi və xərclərin optimallaşdırılması göstərilir: "Şirkətlər bu dövrdə xərclərini minimuma endirməklə maliyyə yükünü azalda bilər. Bununla yanaşı, alternativ gəlir mənbələrinin yaradılması da vacibdir".
Ekspert hesab edir ki, bayram günləri yalnız itki kimi deyil, inkişaf fürsəti kimi də dəyərləndirilməlidir: “Tətil müddətində şirkətlər komanda inkişafına, daxili proseslərin təkmilləşdirilməsinə, məhsul və xidmətlərin yenilənməsinə fokuslana bilər. Bu isə bayramdan sonra bazara daha güclü qayıtmağa imkan yaradır”.
Onun sözlərinə görə, Azərbaycanda bir çox biznes subyekti bayramları "itirilən zaman" kimi qəbul edir: “Əgər 10 gün tətil olursa, bunu 10 gün itki kimi qiymətləndirirlər. Halbuki düzgün yanaşma ilə bu dövrü effektiv fasiləyə çevirmək mümkündür. Digər şirkətlər istirahətdə olduğu müddətdə siz strukturlaşa, komandanızı inkişaf etdirə və bazara daha hazır şəkildə qayıda bilərsiniz”.
“Bayramlara risk kimi yox, strateji fasilə kimi yanaşmaq lazımdır. Müasir dövrdə rəqabət yalnız aktiv iş vaxtında deyil, fasilələrin necə idarə olunması üzərində qurulur. Əsas məqsəd odur ki, siz biznesinizin başında olmadığınız zaman belə, biznesiniz işləməyə davam etsin”, - deyə biznes konsultant əlavə edib.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSabah ölkə ərazisində 20 dərəcə isti olacaq
18.03.2026Azərbaycanda işə qəbul qaydası dəyişir: sənədlərin siyahısı artır
18.03.2026"Nvidia"nın DLSS 5 texnologiyası mübahisəyə səbəb oldu
18.03.2026AFB Bank daşınmaz əmlak krediti: Xəyal etdiyiniz evə bir addım qalır! ®
18.03.2026“zypl.ai” 5,5 milyon dollar investisiya alıb
18.03.2026Bu şəxslər ömürlük pensiya alacaq - Ali Məhkəmə
18.03.2026"Şirkətlərin bayramlara risk yox, strateji fasilə kimi yanaşması lazımdır"
18.03.2026Xəzər dənizində zəlzələ olub
18.03.2026
Bayram günlərində bu 4 bank işləməyəcək
18.03.2026Çay idxalı 37%-dən çox geriləyib
18.03.2026
Bayram günündə işləyən banklar və “exchange”lər açıqlandı - SİYAHI
18.03.2026Neftimizin qiyməti ucuzlaşıb
18.03.2026İbrahim Əhmədov departament direktoru təyin edildi
18.03.2026Rubl ucuzlaşarkən, avro bahalaşmaqda davam edir
18.03.2026