Fəxri Ağayev
Peşakar idarəçi
İdarəçilik tərzi ilə rəqabət dövrünə daxil olduq. Bu gün Azərbaycan iş dünyası çox ciddi dəyişikliklər dövründədir. Baş verən dəyişiklikləri belə ifadə etmək olar: artıq elmi idarəçilik zamanıdır. Yəni, idarəçilik tərzi tam dəyişməlidir.
Qərbdən ən bahalı avadanlığı, texnikanı, təmiri və mebeli alan şirkətlər pul ilə alınması mümkün olmayanları – müştərilərə xidmət keyfiyyəti, şirkət daxilində dəyərlər üzərində mədəniyyətin formalaşdırılması, insanları komandaya birləşdirilməsi kimi mövzularda heç nə edə bilmirdi. Nəticədə müştərilər bahalı binaların içində müştərisinə qeyri-ciddi yanaşan işçilər və keyfiyyətsiz xidmətlə qarşılaşırdılar.
Bütün müasir texniki avadanlıq və görünüşə malik olan, lakin biznesin ruhu olan xidməti təqdim edə bilməyən şirkət bilirsiniz nəyə bənzəyir? “Hummer” avtomobilinə “Lada” mühərrikinin yerləşdirilməsinə: xarici görünüş olaraq çox qüdrətli, güclü, gözəl görünür, ancaq əslində bu mühərrik bu gövdəni daşıya bilmir.
Öncəki dövrün idarəçilik tərzinə ümumi baxanda görmək olar ki, şirkət ancaq sahibkarın gücü, əməyi, zəhməti, çevrəsi və əlaqələri sayəsində ayaq üstə dururdu.
Ciddi rəqabətin olmadığı, böyük pul kütləsinin, yüksək marjaların və seçimlərini qiymətə çox da baxmadan edən müştərilərin olduğu dövrdə peşəkar idarəçilik yox idi. Tam tərsi vardı: çox sayda şirkətlərdə idarəçiliyin əsaslarını belə bilməyən və əsas işi sahibkarın dediklərini icra etmək olan rəhbərlər çox idi. Cəmiyyətdə belə bir düşüncə formalaşmışdı: rəhbərlər savadsızdır.
Şirkətlərin idarə edilməsinin bir çox hallarda menecment fakültələrinin birinci kurslarında belə keçirilən dərslərdəki mövzularla qəti əlaqəsi olmurdu. Biznesin ancaq sahibkarın gücü üzərində durduğu dövrdə idarəçilik də o mühitə görə idi və əsas işçi seçimi etibar meyarı üzərində idi. Məhz buna görə də ətrafında qohum, əqrəba, yerli və dostlarını toplayan şirkət təsisçisinin işlərinə bu adamların savadlı və bacarıqlı olub-olmaması çox da təsir etmirdi.
Peşəkar idarəçillər və mütəxəssislərin yetişməsi biznesin şüurlu qərarı olmur. Bu, ölkədə olan mühitin yaratdığı tələbatdır. İqtisadiyyat fakültəsində birinci kursda bizlərə başa salınan ən sadə qanun budur: tələb, təklifi formalaşdırır. Biznesdə idarəçilərin formalaşması, onların xüsusiyyətləri, bilik, savad, təcrübə və şəxsi keyfiyyətləri də bazarda mövcud tələb ilə müəyyənləşdirilir.
Sadə dildə desək - monopoliyaların olduğu, sahibkarın tək qərar verdiyi, rəqabətin zəif olduğu mühitdə peşəkar idarəçiliyə ehtiyac qalmır.
Bu günün reallıqları nələrdir?
Monopoliyaların sayı azalır və bu və digər faktorların təsiri altında rəqabət artır. Marjalar azalır və öncəki böyük satışlar və pul kütləsi yoxdur. Müştəri davranışlarında və qərar vermə mexanizmlərində ciddi dəyişikliklər var. Yeni və öncəkindən fərqli müştəri təbəqəsi yaranır və sayı dayanmadan artır.
Bu günü iki terminlə ifadə etmək mümkündür.
VUCA və BANI bir-birini tamamlayan anlayışlardır.
VUCA anlayışı xarici mühitin xarakterini təsvir edir:
• Volatility - dəyişkənlik
• Uncertainty - qeyri-müəyyənlik
• Complexity - mürəkkəblik
• Ambiguity - çoxmənalılıq
Bu daha çox sistemin makro səviyyədə təsviridir: iqtisadiyyat, siyasət, bazarlar. BANI — sistemlərin və insanların vəziyyətinin təsviridir
• Brittle — sistemlərin kövrəkliyi
• Anxious — insanların narahatlığı və təşvişi
• Nonlinear — qeyri-xətti nəticələr
• Incomprehensible — proseslərin dərkedilməzliyi
VUCA — mühitin diaqnozudur.
BANI — onun nəticələridir.
Bu gün vəziyyət dəyişib və biz VUCA dəyərləri yüksək olan mühitdə fəaliyyət göstərmək məcburiyyətindəyik.
Bu gün Azərbaycan reallıqlarında biznes idarəçiliyində sahibkarlar hansı məqamları nəzərə almalıdırlar?
İlk olaraq anlamaq və qəbul etmək lazımdır ki, daha öncəki dövrdə şirkəti uğura aparan bilik və bacarıqların bəziləri artıq bu gün aktual deyildir. Bu günü şərtlərini nəzərə alaraq, tamamilə yeni bilik və bacarıqlar və ən əsası – tam fərqli düşüncə tərzi mühümdür.
Mühitin daim dəyişkən və qeyri-müəyyənliklərlə-dolu olduğu, mürəkkəb və çoxmənalı olması və insanların mövcud vəziyyət və yaxın gələcəklə bağlı narahat və təşviş içində olması, qeyri-xətti əlaqələr və nəticələrin olmasını nəzərə alaraq tamamilə fərqli idarəçilik alətləri lazımdır. Məsələn, hesab edirəm ki, əslində çox daha dərindir və sadəcə müasir alətlərə sahib olmaqla bu gün ayaq üstə qalmaq mümkün olmayacaq.
Uzunmüddətli düşüncə tərzi. Xeyr, belə deyil – ÇOX uzun müddətli düşüncə tərzi.
Biznes modellərin rahat kopyalandığı, marjaların yüksək olmadığı, müştərinin xidmət keyfiyyətinə əhəmiyyət verdiyi və alternativlərinin çox olduğu bir mühitdə şirkətlər bütün məsələlərdə artıq çox uzun müddətli düşünməlidirlər. Əməkdaşların inkişafı, doğru insanların (dəyərlər, müsbət həyat mövqeyi olan, inkişafa və dəyişikliklərlə açıq) işə qəbul edilməsi, şirkətin brendinin və imicinin qurulması və formalaşdırılması, müştərilərlə uzun müddətli müsbət emosional əlaqələrin qurulması kimi mövzularda şirkət qısa müddətdə nəticə gözləməməlidir və işlərini uzun müddət üçün planlaşdırmalıdır.
Adaptivlik
Uzun illər ərzində idarəçilik iqtisadiyyatda müəyyən stabillik göstəriciləri üzərində qurulmuşdu və sistemin içində olan bütün dəyişkənlər və faktorlar olduğu kimi qalmağa davam edirdi. Oyunun qaydaları hər kəs tərəfindən bilinirdi və hamı da buna görə davranırdı. Bu gün artıq hər şey dəyişib. Sadə misal: bir sahədən hansısa monopoliyanı əlində tutan böyük şirkətin bazardan çıxması orta və kiçik şirkətlərin yerdəyişməsinə və bazar paylarından dəyişikliklərinə gətirib çıxarır. Bu, ən sadə və texniki misaldır.
Çarlz Darvin haqlı idi: sağ qalan ən güclü deyil - sağ qalan dəyişikliklərə ən yaxşı uyğunlaşa biləndir.
Yeni dövrün idarəçilik tərzini mən adaptiv idarəçilik adlandırıram, çünki bu günün dəyişən şərtlərinə ancaq sürətli şəkildə uyğunlaşa bilənlər ayaqda qalacaqlar. Qeyri-müəyyənliklərlə dolu və davamlı dəyişən mühit içində ön plana uyğunlaşa bilmə bacarığı çıxır. Burada “uyğunlaşma” sözünü istifadə edərkən mən ancaq sahibkarın uyğunlaşmasını nəzərdə tutmuram – şirkətin bütün komandası həm yeniliklərə açıq olmalıdır, həm köhnə inancları tənqid edəcək qədər rahat və tənqidlərinə görə qınanmayacaq qədər özlərini psixoloji təhlükəsizlikdə hiss etməlidir, həm də yenilikləri tətbiq edəcək qədər cəsarətli və neqativ nəticələrin olması halında təşəbbüskarlıqlarına görə cəzalandırılmayacaqlarından əmin olmalıdırlar. Bu isə ön plana idarəçilikdə olduqca mühüm bir məfhumu çıxarır – şirkətin daxili mədəniyyəti.
Culture eats strategy for breakfast - “Mədəniyyət strategiyanı səhər yeməyi kimi yeyir” ifadəsi məşhur menecment məsləhətçisi və yazıçısı Peter Druckerə aid məşhur sitatdır. Bu fikri daha aydın ifadə etmək üçün qeyd etmək lazımdır ki, o strategiyanın əhəmiyyətsiz olduğunu demirdi. Onun demək istədiyi odur ki, güclü və insanları gücləndirən təşkilati mədəniyyət təşkilatın uğuruna aparan daha etibarlı yoldur.
Şirkətlərin mədəniyyəti insanları “çeynəməyi” çox sevir. Baxırsan ki, xaricdə təhsil almış, savadlı və həvəsi bir insan gəlir. Bir il keçir, o da ətrafındakı hamı kimi olub. Şirkətin mədəniyyət onu “yedi”.
Şirkətlərin mədəniyyəti çox geniş mövzu olduğuna görə bu yazımda çox təfərrüata girmədən ancaq bunu qeyd edə bilərəm ki, sahibkarın ən mühüm öhdəliklərindən biri də şirkətdə doğru daxili mədəniyyətin formalaşdırılmasıdır. Şirkət pul ilə bina, torpaq, ən müasir avadanlıq, texnika, mebel ala bilər, lakin mədəniyyətin şirkətdə formalaşdırılmasını satın almaq mümkün deyildir – bunun üzərində məqsədyönlü şəkildə illərlə zəhmət çəkmək lazımdır.
Bütün yuxarıda qeyd edilənlər üçün bilik lazımdır, amma bütün bu məlumatlar bir insanda ola bilməz. Bunun üçün də rəhbər işə müasir savadı olan insanları qəbul etməlidir. Bu insanları yüksək maaş və şərtlərlə cəlb etmək yetərli olmur, o insanların effektiv işləməsi üçün həm də doğru mühit yaranmalıdır. Bunun üçün də sahibkar özü maariflənməlidir. Çünki bəzi işlər var ki, ondan başqa onları heç kim edə bilməz və etməməlidir də.
Uzunmüddətli düşüncə tərzi, davamlı dəyişikliklər üçün uyğunlaşma, komandaya inkişafa açıq peşəkarların alınması və onlara sərbəstliyin verilməsi, şirkət daxilində ciddi mədəniyyətin formalaşdırılması, mütəxəssislərin fikrini dinləmə, “tək beyin mənəm, geri qalan hamı icraçıdır” düşüncəsindən uzaqlaşmaq psixoloji baxımdan çətin olmaqla bərabər həm də bilik tələb edir.
Bu da azdır: sahibkar ancaq bilikli olmalı deyil, o həm də tam yeni idarəçilik tərzinə keçməlidir. Öncəki idarəçilik tərzini “usta-şagird” tərzli idi. Bu sistemə görə biznesi bir nəfər, usta qurur və idarə edir, geri qalan bütün hər kəs isə ona alətləri verirlər. Usta olmayanda iş dayanırdı. Nədir yeni idarəçilik tərzi? İllərlə ölkəmizdə qeyri-ciddi yanaşılan LİDERLİK. Bu günün lideri ağ at üzərində insanları rəqiblərinin üzərinə aparan insan deyil – vəzifəsi ilə insanlara təzyiq və təsir edən insan deyil. O özü bilikli və öz biliyi ilə insanların hörmətini qazanan, başqalarının fikirlərinə hörmətlə yanaşan, alternativ fikirlərə açıqlıq göstərən, insanların özlərini psixoloji baxımdan təhlükəsizlikdə hiss edə biləcəyi mühiti yaradan, şirkətdə güclü və rəqabətcil mədəniyyətin formalaşdırılması üçün böyük zəhmət çəkən effektiv idarəçidir.
Bu gün biznesdə məhsul və ya xidmət, pul və imkanlar deyil, idarəçilik tərzi ilə rəqabət dövründəyik.
Biznesdə ediləcək dəyişiklikləri bir cümlə ilə belə ifadə etmək mümkündür: təyyarə havada uçarkən onun uçuş keyfiyyəti və içindəkilərin rahatlığına və təhlükəsizliyinə təsir etmədən təyyarənin quruluşunda və istiqamətində dəyişikliklər edilməlidir. Mühafizəkar cəmiyyətdə böyümüş və yetişmiş Azərbaycan sahibkarları yeni dövrün biznes mühitinə və lider olmağa hazırdırlar?

Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİnvestisiya növləri: sərvət yaratmaq üçün 10 geniş yayılmış seçim
17.03.2026Məsafədən bank əməliyyatlarında yeni era: SİMA vahid rəqəmsal həll kimi ®
17.03.2026Azərbaycan neftinin qiyməti 110 dollara yaxınlaşır
17.03.2026
Köhnə rəhbərlər uduzacaq - Elmi idarəçilik zamanıdır
17.03.202613 yaşında proqramlaşdırmaya başlayan azərbaycanlı qız bu gün süni intellekt mühəndisidir
17.03.2026Avro bahalaşır
17.03.2026
Ehtiyac olmadığı halda endirimli məhsul almaq qazanc sayılır, yoxsa əlavə xərc?
17.03.2026Aldığı cərimə yeni biznes modelinin əsasını qoydu - SƏHƏR OXUSU
17.03.2026“Cylake” yeni kibertəhlükəsizlik şirkəti kimi fəaliyyətə başlayıb
16.03.2026Paytaxtın bu prospektində hərəkət sxemi dəyişir
16.03.2026Samir Nuriyev Xocavənddə iclas keçirdi - Tapşırıqlar verdi
16.03.2026Səhvlərdən doğan milyard dollarlıq ideyalar
16.03.2026“Beş qitə - 500 startap” devizi ilə “Startup School 4” layihəsin' qeydiyyat başlayıb
16.03.2026