Redaktor
SEC-dən yeni qərar: bu kriptolar qiymətli kağız sayılmayacaq
ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) kriptovalyutaların təsnifatı ilə bağlı yeni istiqamətləndirici sənəd təqdim edib.
Valyuta.az xəbər verir ki, qurum kriptovalyutaları 5 kateqoriyaya bölüb və bəzi aktivlərin heç bir halda qiymətli kağız sayılmayacağını bildirib.
Məlumata görə, birinci kateqoriya “rəqəmsal əmtəələr”dir. Bu qrupa daxil olan kriptovalyutaların heç vaxt qiymətli kağız statusu almayacağı qeyd olunub. Siyahıya Bitcoin (BTC), Bitcoin Cash (BCH), Cardano (ADA), Aptos (APT), Avalanche (AVAX), Chainlink (LINK), Dogecoin (DOGE), Ethereum (ETH), Hedera (HBAR), Litecoin (LTC), Polkadot (DOT), Shiba Inu (SHIB), Solana (SOL), Stellar (XLM), Tezos (XTZ) və XRP daxildir.
Qeyd olunur ki, bu siyahı gələcəkdə daha da genişlənə bilər. SEC-in meyarlarından biri kimi kriptovalyutanın ABŞ Əmtəə Fyuçers Ticarəti Komissiyası (CFTC) tərəfindən tənzimlənən fyuçers müqavilələrinə malik olması göstərilir. Bu baxımdan Aave (AAVE), Binance Coin (BNB), Ethena (ENA), Near (NEAR), Ondo (ONDO), Sui (SUI) və Zcash (ZEC) kimi kriptovalyutaların da bu kateqoriyaya daxil edilməsi mümkündür.
İkinci kateqoriya “rəqəmsal kolleksiya məhsulları”dır. Bu qrupa ERC və ya SPL əsaslı meme kriptovalyutalar daxildir və nümunə kimi Solana əsaslı WIF göstərilib. Bu tip aktivlərin də heç vaxt qiymətli kağız sayılmayacağı vurğulanıb.
Üçüncü kateqoriya “rəqəmsal istifadə vasitələri”dir. Üzvlük hüquqları, rəqəmsal biletlər, rəqəmsal hüquqlar və rəqəmsal identifikasiya kimi aktivlərin də qiymətli kağız kateqoriyasına daxil olmadığı bildirilib. Bu çərçivədə ENS domen adları nümunə kimi göstərilib.
Dördüncü kateqoriyada sabitkoinlər yer alır. ABŞ dolları kimi aktivlərə bağlı olan bu kriptovalyutaların bəzi hallarda qiymətli kağız hesab oluna biləcəyi qeyd edilib.
Beşinci kateqoriya isə son illərdə geniş müzakirə olunan tokenləşdirilmiş aktivlərdir. Xüsusilə tokenləşdirilmiş səhmlərin hər zaman qiymətli kağız statusuna daxil olduğu vurğulanıb.
Sərvanə Rəmixanova