Qiyməti artdıqca müştərisi artan biznes - Yeni başlayan ayda 5-12 min qazanır

Redaktor

24.02.2026 09:45
209

Qiyməti artdıqca müştərisi artan biznes - Yeni başlayan ayda 5-12 min qazanır

Bu gün dünya üzrə qızılın qiyməti yüksəlməkdə davam edir. Bu yüksəliş qızılı yenidən ən etibarlı dəyər saxlama vasitələrindən biri kimi qiymətləndirilir. Qızıl təkcə zinət əşyası deyil, həm də mühüm maliyyə və investisiya aləti kimi qəbul olunur. Bu səbəbdən qızıl mağazası biznesinə maraq artıb. Lakin belə bir mağaza açmaq təkcə satışla bitmir. Bu sahədə düzgün qiymət siyasəti aparmaq, bazarı daim izləmək, müştəri etimadını qorumaq və hesablamaları dəqiq aparmaq vacibdir. Qiyməti tez-tez dəyişən məhsulla işləmək sahibkardan diqqət və məsuliyyət tələb edir.

Valyuta.az-ın müsahibi “Qızıl Bloger” mağazasının sahibi Bəxtiyar Eminovdur.

O, qızıl biznesinin real tərəfləri, bu sahəyə başlamaq istəyənlərin bilməli olduğu məqamlar və bazarda uzunmüddətli fəaliyyət üçün vacib şərtlər barədə danışıb. Məqsəd qızıl biznesinə maraq göstərənlər üçün daha aydın təsəvvür yaratmaqdır.

- Azərbaycanda qızıl mağazası açmaq üçün nə qədər maliyyəmiz olmalıdır?

- İlk olaraq onu qeyd edim ki, qızıl işinə başlamaq istəyən şəxsin bu sahədən anlayışı olmalıdır. Bu, işə başlamaq üçün əsas məqamlardan biridir. Əgər anlayışı yoxdursa, kapital təbii ki, çox olmalıdır. Yəqin ki, 150.000-200.000 manat civarında kapital tələb olunur. Əgər bu işdən anlayışı varsa, o zaman daha az məbləğlə başlamaq mümkündür. Təxminən işi bilən biri üçün 50.000-100.000 manat civarında məbləğ kifayət edə bilər. Şəxs yavaş-yavaş müştəri topladıqca, işi irəlilədikcə bazarda hansı modellərin daha çox tələb olunduğunu öyrənəcək və mərhələli şəkildə işini böyüdə biləcək.

- Bu sahəyə girişdə ən böyük risklər nələrdir?

- Ən böyük risk şəxsin iş barədə məlumatının olmamasıdır. Əgər bu sahə ilə bağlı məlumat yoxdursa, qızıl əvəzinə başqa metal almaq riski var. Bu sahədə çalışan şəxs qızılı tanımalı və onu necə müəyyən etməli olduğunu bilməlidir. Digər bir risk isə nisyə satışdır. Qızıl mübadilə vasitəsi sayıldığından, nisyə verilərsə, çox güman ki, 50 müştəridən 40-ı borcu qaytara bilməyəcək. Nəticədə vəsait itirilə bilər. Bütün bunları bilən şəxs üçün isə demək olar ki, risk yoxdur.

- Qızılı haradan tədarük edirsiniz və etibarlı olduğuna necə əmin olursunuz?

- Biz qızılı xüsusi vasitələrlə yoxlayaraq, etibarlılığına əmin oluruq. Əsasən qızılı müştərilərdən alırıq. Bununla yanaşı, Azərbaycanda fəaliyyət göstərən istehsal yerlərindən də tədarük edirik. Yerli istehsal şirkətlərindən “Efe” kimi etibarlı mənbələrdən qızıl alırıq.

- Qızılın saxta və keyfiyyətsiz olmadığını hansı üsullarla yoxlayırsınız?

- Qızılın saxta və keyfiyyətsiz olduğunu müəyyən etmək üçün ilk növbədə kustar üsuldan istifadə edirik. Yağ daşı vasitəsilə saxta olub-olmadığını yoxlamaq mümkündür. Bununla yanaşı, daha böyük kompüter avadanlıqları vasitəsilə də yoxlama aparmaq olur. Sadə vətəndaş əyar möhürünə diqqət etməli və ev şəraitində maqnit vasitəsilə ilkin yoxlama apara bilər. Həmçinin qızıl alarkən sertifikat tələb etmək vacib məqamlardan biridir.

- Qiymətlərin qalxması və ya enməsi işinizə necə təsir edir? Qalxan zaman alıcılıq azalırmı?

-  Əslində qiymət qalxdıqda alıcılıq daha da artır və effektiv olur. Çünki insanlar qızılın bahalaşdığını gördükdə gələcəyə yönəlik düşünürlər. Qiymətin artdığını müşahidə edən alıcılar hesab edirlər ki, bir neçə ay sonra məhsul daha da bahalaşa bilər. Buna görə də sonradan almağı planlaşdırdıqları məhsulu indidən əldə etməyə üstünlük verirlər. Yəni qiymət artdıqda satışlar azalmır, əksinə artır.

- Müştərilər ən çox hansı tip zinət əşyalarına üstünlük verirlər?

- Sırğa və qolbağ modellərinə daha çox üstünlük verilir. Görünüşcə samballı mallar daha çox tələbat görür. Çoxluq iri dizaynlı komplektlərə üstünlük verilir. Müştərilər həm əşyanın iri görünməsini, həm də az çəkili olmasını istəyirlər. Qaşlı məhsullar daha çox hədiyyəlik olaraq alınır, ağ qızıllar isə gənclər arasında daha çox populyardır.

- Müştərilər qızılı daha çox yatırım üçün, yoxsa bəzək əşyası kimi alırlar?

- Məsələn, 10 il əvvəl alınan 10-luq Nikolay qızılı 500 manat idisə, hazırda 2700 manatdır. Burada 5 dəfədən çox qiymət fərqi yaranıb. Bu da göstərir ki, qızıl yatırım məqsədilə sərfəli vasitə hesab olunur. Qiymət artdığı dövrlərdə insanların əksəriyyəti qızılı məhz yatırım məqsədilə alır. Yay mövsümündə, toyların çox olduğu dövrdə isə qızıl əsasən cehizlik üçün alınır. Qiymət sabit olduqda isə daha çox istifadə məqsədilə qızıl alışına üstünlük verilir.

-  Azərbaycanda istehsal olunan qızıllara tələbat varmı?

-  Bəli, əvvəlki illərlə müqayisədə insanlar Azərbaycan istehsalı olan qızıllara daha çox üstünlük verirlər və onları əsasən yatırım məqsədilə alırlar. Xüsusilə külçə formasında qızıl alarkən “Azərgold”un istehsal etdiyi külçələrə daha çox etibar göstərilir. Bu etimadın əsas səbəbi həmin külçələrin rəsmi istehsalçı tərəfindən hazırlanması, standartlara uyğun qablaşdırılması və sertifikatlaşdırılmasıdır. “Azərgold”un külçələri 999,9 əyarlıdır, yəni tərkibində qızılın payı maksimum səviyyədədir. Hər bir külçə üzərində əyar göstəricisi və müvafiq nişanlar qeyd olunur ki, bu da onun mənşəyini və keyfiyyətini təsdiqləyir.

- Yalnız qızıl satışı ilə yanaşı, zərgərlik və əlavə xidmətlərin olması satışlara necə təsir edir?

- Təbii ki, əlavə xidmətlərin göstərilməsi satışlara müsbət təsir edir. Müştərilərin sifarişi əsasında onların istəyinə uyğun fərdi məhsullar hazırlanır. Məsələn, ad yazılı bəzəklər və ya xüsusi dizaynda sifarişlər qəbul olunur. Müştəri qızına, ailə üzvünə və ya yaxınına hədiyyə məqsədilə fərdi model sifariş edə bilir. Bununla yanaşı, zədələnmiş və ya köhnəlmiş qızıl məmulatlarının bərpası, ölçüsünün dəyişdirilməsi və yenilənməsi kimi xidmətlər də göstərilir. Belə xidmətlər müştəri məmnuniyyətini artırır və onların eyni ünvana yenidən müraciət etməsinə səbəb olur. Bu isə qızıl satışı ilə məşğul olan şəxs üçün əlavə üstünlük və davamlı müştəri bazası formalaşdırır.

- Təxminən bir ayda nə qədər qazanc əldə etmək mümkündür?

- Bu, mağazanın yerindən, dövriyyəsindən və xidmət çeşidindən asılıdır. Yeni başlayan biri yalnız qızıl satışından təxminən 3.000-7.000 manat civarında qazanc əldə edə bilər. Zərgərlik və digər xidmətlər daxil olduqda isə 5.000-12.000 manat arasında qazanc mümkündür. Rəqəmlər təxmini xarakter daşıyır.

- Hansı avadanlıqlar tələb olunur?

- Qızıl mağazasında fəaliyyət göstərmək üçün bir sıra əsas avadanlıqlar tələb olunur. İlk növbədə qızıl məmulatlarının saxlanılması və təqdimatı üçün xüsusi qızıl qabları və təhlükəsiz vitrinlər olmalıdır. Çəkinin dəqiq müəyyən edilməsi üçün yüksək dəqiqlikli elektron tərəzi vacibdir. Qızılın keyfiyyətini və əyarını yoxlamaq üçün yağ daşı (test daşı), xüsusi turşular və digər test vasitələrindən istifadə edilir. Bundan əlavə, daha dəqiq analiz üçün müvafiq yoxlama avadanlıqları tətbiq oluna bilər. Lehimləmə işləri üçün lehimləmə avadanlıqları və köməkçi materiallar tələb olunur. Üzük ölçüsünü müəyyən etmək üçün xüsusi ölçü alətləri, məmulatların saxlanması və qorunması üçün seyf və təhlükəsizlik sistemləri, o cümlədən müşahidə kameraları da zəruridir. Bütün bu avadanlıqlar həm məhsulun keyfiyyətinə nəzarət, həm də mağazanın təhlükəsiz və səmərəli fəaliyyətini təmin etmək üçün vacib hesab olunur.

- Hansı icazə və sertifikatlar lazımdır?

- Azərbaycanda əvvəllər bu fəaliyyət üçün lisenziya tələb olunurdu. 2013-cü ildə lisenziya ləğv edilib. Hazırda bu işlə məşğul olmaq istəyən şəxs VÖEN alaraq fəaliyyətə başlaya bilər.

- İkinci əl qızıllar yenidən emal olunub satıldıqda qiymət fərqi olurmu?

- Bəli, ikinci əl qızıllarla yeni qızıllar arasında qiymət fərqi olur. Alış zamanı 585 əyarda olan ikinci əl qızıl üçün hər qramda təxminən 20 manat, 750 əyarda isə 25-30 manat qiymət aşağı olur. Lakin qızıl yenidən emal edilərsə, qiymət fərqi aradan qalxır. Çünki məmulat əridilərək xammal halına salınır və ondan yeni məhsul hazırlanır. Bu halda artıq ikinci əl anlayışı aradan qalxmış olur.

- Bazarda ən çox hansı əyarda qızıl tələb olunur və fərqləri nədən ibarətdir?

- Nəzərə çatdırım ki, qızılın saf tərkibi 999,9 əyardır. 750 əyarda olan qızılın tərkibində 75%, 585 əyarda olan qızılın tərkibində isə 58,5% qızıl olur. Qalan hissə əsasən mis və gümüş, palladi kimi metallardan ibarətdir. Seçim baxımından isə zövqlər təbii ki, müxtəlifdir. Bakı və ətraf rayonlarda 750 əyarda qızıllar daha populyardır. Bölgələrdə isə 585 əyarda qızıllara üstünlük verilir.

- Hansı növ qızılların alınması məsləhət görülmür?

- Kustar üsulla hazırlanan, əyarı və rəsmi möhürü olmayan, mənşəyi bəlli olmayan qızılların alınması məsləhət görülmür. Belə məmulatların tərkibi və həqiqi əyarı barədə dəqiq məlumat olmadığı üçün alıcı maddi zərərlə üzləşə bilər. Həmçinin qızıl istehsalı ilə məşğul olmayan və bu sahədə rəsmi nəzarət mexanizmləri formalaşmamış ölkələrdən gətirilən məhsullar da risklidir. Bu cür məmulatlarda keyfiyyət standartlarına riayət olunmaması ehtimalı yüksək olur. Alıcılar qızıl alarkən mütləq əyar möhürünə, istehsalçı nişanına və mümkün olduqda sertifikatına diqqət etməlidirlər. Bu, həm məhsulun keyfiyyətinə, həm də sonradan satış zamanı dəyərinin qorunmasına zəmanət verir.

- Qaşlı qızılların alışında qiymət fərqi məsələsi necədir?

- Qaş qızıl məmulatının estetik görünüşünü və cəlbediciliyini artırmaq məqsədilə əlavə edilir. Zavod istehsalı zamanı qaşın dəyəri də məhsulun ümumi qiymətinə daxil olunur. Lakin istifadə olunmuş, əzik-üzük vəziyyətdə satışa təqdim edilən məmulatlarda qaşlar adətən yenidən istehsal prosesinə yönləndirildiyi üçün qəbul edilmir və qiymətləndirilməyə daxil edilmir. Əgər əşya zədələnməyibsə və ikinci dəfə satışa yararlıdırsa, bu halda qaşın qiyməti çıxılmır və məhsul olduğu kimi qəbul edilir. Sibir və Belçika mənşəli yüksək keyfiyyətli qaşlar olduqda isə onların dəyəri ayrıca hesablanır və qiymətləndirməyə daxil edilir.

- Nə zaman qızıl “lom” sayılır?

- Qızıl əzilibsə, əyilibsə, formadan çıxıbsa və artıq istifadə üçün yararsız hala düşübsə, o zaman lom sayılır. Yəni, məmulat kimi satışı mümkün olmur. Məsələn, üzük və ya qolbağ elə vəziyyətə düşür ki, onu bərpa etmək sərfəli olmur. Belə hallarda artıq onun üzərindəki dizaynın və ya işləmənin əhəmiyyəti qalmır, yalnız tərkibindəki qızılın çəkisi və əyarı əsas götürülür. Bu qızıllar bazar və birja qiymətinə uyğun şəkildə hesablanır və müştəridən qəbul edilir. Yəni lom qızıl məmulat kimi deyil, xammal kimi qiymətləndirilir və sonradan əridilərək yenidən istehsala yönləndirilir.

- Satışlar hansı mövsümdə daha çox olur?

- Əsasən yayda - may, iyun, iyul və avqust aylarında satışlar artır. Bunun əsas səbəbi toyların çox olmasıdır. Bu dövrdə əsasən alyans, təkqaş üzük və toy dəstləri alınır.

- Bəs hansı qiymətə satırsınız?

- Alyanslar 585 əyarda olduqda təxminən 400–800 manat, 750 əyarda olduqda isə 1500–3000 manat aralığında təklif edilir. Təkqaş üzüklərin qiyməti modelinə və çəkisinə görə 1000–10.000 manat arasında dəyişir. Toy dəstləri isə dizayn və əyarından asılı olaraq təxminən 2500–20.000 manat aralığında təqdim olunur.

- Hansı yaş aralığının alıcılıq qabiliyyəti daha yüksəkdir?

- 30–50 yaş aralığında olan şəxslərin alıcılıq qabiliyyəti daha yüksəkdir. Bu yaş qrupunun qızıl əşyalarına marağı digər yaş kateqoriyaları ilə müqayisədə daha çoxdur. Eyni zamanda qeyd etdiyim kimi, gənclər daha çox ağ qızıldan olan aksesuarların alınmasına üstünlük verirlər.

- Ən çox xərc nəyə çıxır?

- Ən çox xərc reklam, dizayn və marketinqlə bağlı olur. Hazırda reklam bu sahədə çox mühüm rol oynayır. Xüsusilə də yeni fəaliyyətə başlayan biri üçün reklamın güclü olması vacibdir. Çünki insanlara özünü tanıtmaq lazımdır. Bu sahədə rəqabət böyükdür və alıcı ilk növbədə tanıdığı, gördüyü, haqqında məlumatlı olduğu mağazaya üstünlük verir. Sosial şəbəkələrdə aktiv olmaq, vitrin dizaynına diqqət yetirmək, məhsulları düzgün təqdim etmək satışlara birbaşa təsir göstərir. Yeni başlayan şəxsin reklamı zəif olarsa, məhsulu keyfiyyətli olsa belə, müştəri cəlb etmək çətin olar. Ona görə də bu işdə tanınmaq, etibar qazanmaq və özünü düzgün təqdim etmək üçün reklam və marketinqə xüsusi diqqət yetirilməlidir.

- Bu sahədə uzun illər fəaliyyət göstərənlərə daha çox güvənilir. Yeni başlayan biri üçün uğur qazanmaq nə dərəcədə mümkündür?

- Uzun illər bu sahədə fəaliyyət göstərən şəxslərə daha çox etibar edilir. İnsanlar onların eyni yerdə uzun müddət işlədiyini bildikləri üçün güvənirlər. Yeni başlayan şəxs üçün əsas məsələ insanları aldatmamaqdır. Düzgün əyarlı məhsul satmaq, münasib qiymət təklif etmək və müştəri münasibətlərini düzgün qurmaqla güvən qazanmaq mümkündür. Məqsəd müştərinin birdəfəlik deyil, daimi müştəriyə çevrilməsidir.

- Bu günə qədər satdığınız ən bahalı məhsul nə olub?

- Ən bahalı satdığım məhsul təxminən 30.000 manat dəyərində olan dəst olub. Bu, yüksək əyarlı və iri dizaynlı bir dəst idi. Həm çəkisinə, həm də işlənmə səviyyəsinə görə qiyməti yüksək idi.

Tənzilə Ağabalayeva

Fotolar: Rəşad Mehdiyev

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Hər gün işə gecikənlərin nəzərinə - Maaşınızın yarısı tutula bilər

24.02.2026

Ağdam Sənaye Parkında 1 100 yeni iş yeri yaradılıb

24.02.2026

"Forbes" Türkiyənin ən varlı şəxslərinin siyahısını açıqladı – Siyahıya yeni ad daxil oldu

24.02.2026

"Hər işdə birinci qadınlar" ®

24.02.2026

Azərbaycan süni intellekt üçün yerli superkompüter infrastrukturunu işə salıb

24.02.2026

Bir neçə adamın işini görənə əlavə maaş verilməlidir

24.02.2026

MİDA daha bir şəhərdə yaşayış kompleksi tikəcək

24.02.2026

Kimlərin maaşları artacaq?

24.02.2026

Pirəkəşkül məktəblisi nüfuzlu universitetdə 82 minlik təqaüd qazandı

24.02.2026
Kassirlər POS terminal seçimində niyə kartın hansı banka aid olduğunu soruşur?

Kassirlər POS terminal seçimində niyə kartın hansı banka aid olduğunu soruşur?

24.02.2026

Azərbaycan neftinin qiyməti 73 dolları keçdi

24.02.2026
Qiyməti artdıqca müştərisi artan biznes - Yeni başlayan ayda 5-12 min qazanır

Qiyməti artdıqca müştərisi artan biznes - Yeni başlayan ayda 5-12 min qazanır

24.02.2026

Kripto araşdırmaçısından böyük iddia: “Şirkətdəki "insider" əməliyyatlarını ifşa edəcəyəm”

24.02.2026

Rubl və avro ucuzlaşır

24.02.2026
Hotel işçilərinin əməkhaqları artıb

Hotel işçilərinin əməkhaqları artıb

24.02.2026

Kitab satırdı, müştərilər ətir istədi - Təsadüfən yaranan "Avon" necə qlobal brend oldu? - SƏHƏR OXUSU

24.02.2026

"Apple" "iPhone 18 Pro" üçün qırmızı rəngi sınaqdan keçirir

23.02.2026

İnternetdəki ruhlar: Süni intellekt agentləri dünyanı ələ keçirir?

23.02.2026

İnsanı işini sevdirən səbəblər - Alimlərdən maraqlı tədqiqat

23.02.2026

Mark Kyuban deyir ki, tənəzzül dövründə bu 7 addımı atmalısınız

23.02.2026

Məzənnə

Yüklənir...