Redaktor
"Oracle" səhmlərində sərt eniş - bazar dəyəri 494 milyard dollar azaldı
"Oracle" şirkətinin səhmlərinin son bir ayda təxminən 47% ucuzlaşması şirkətin həmtəsisçisi və idarə heyətinin sədri Larri Ellisonun sərvətinə ciddi zərbə vurub.
Valyuta.az xəbər verir ki, "Forbes nəşrinin məlumatına görə, Ellisonun sərvəti son bir ay ərzində 124,8 milyard dollar azalaraq 175,2 milyard dollara enib. Nəticədə o, dünyanın ən varlı şəxsləri siyahısında ikinci yerdən səkkizinci yerə geriləyib.
Hazırda Ellison 176,3 milyard dollarlıq sərvətlə "Nvidia" şirkətinin baş direktoru Censen Huandan (Jensen Huang) sonra qərarlaşıb. Huangın sərvəti də "Nvidia" səhmlərinin 3,4% ucuzlaşması fonunda 6 milyard dollar azalıb.
Bazar ertəsi günortadan sonra "Oracle" səhmləri 5%-dən çox dəyər itirərək 133 dollardan aşağı enib. Bununla da şirkətin səhmləri iyunun 1-də qeydə alınmış 250 dollarlıq maksimum göstərici ilə müqayisədə təxminən 47% ucuzlaşıb.
Ellison "Oracle" səhmlərinin təxminən 40%-nə sahib olduğu üçün şirkətin bazar dəyərindəki azalma onun şəxsi sərvətinə də birbaşa təsir edib.
Analitiklər "Oracle"ın süni intellekt infrastrukturu üçün planlaşdırdığı böyük xərclərlə bağlı narahatlıqlarını artırırlar. Şirkət cari maliyyə ili ərzində bu istiqamətdə təxminən 70 milyard dollar, hətta ehtiyac yaranacağı halda əlavə 25 milyard dollar da investisiya edə biləcəyini açıqlayıb.
Bundan başqa, S&P Global ötən həftə "Oracle"ın kredit reytinqini aşağı salıb. Agentlik bildirib ki, şirkətin sürətlə genişlənən süni intellekt infrastrukturu uzunmüddətli perspektivdə gəlir gətirə bilər. Lakin hazırkı mərhələdə yüksək investisiya xərcləri "Oracle"ın maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər.
Şirkətin bazar dəyəri də əhəmiyyətli dərəcədə azalıb. Belə ki, "Oracle"ın kapitallaşması sentyabr ayında qeydə alınmış 877,1 milyard dollardan hazırda təxminən 383 milyard dollara düşüb. Bu isə bazar dəyərinin 494 milyard dollar azalması deməkdir. May ayının sonunda şirkətin bazar dəyəri təxminən 649 milyard dollar idi.
"Oracle" son illərdə digər texnologiya nəhəngləri kimi bulud xidmətləri və süni intellekt sahəsinə böyük investisiyalar yatırır. Şirkət son rüblük maliyyə nəticələrində gəlir və mənfəət proqnozlarını üstələsə də, 2027-ci maliyyə ili üçün 90 milyard dollarlıq gəlir proqnozunu artırmaması investorların məyusluğuna səbəb olub. Analitiklər hesab edirlər ki, məhz bu amil də "Oracle" səhmlərinə satış təzyiqini gücləndirib.
Sərvanə Rəmixanova