Redaktor
200 milyon dollara çəkildi, 1 milyarddan çox qazandı – Maykl Cekson filmi tarix yazdı
Əfsanəvi pop ulduzu Maykl Ceksonun həyatından bəhs edən "Michael" bioqrafik filmi uzun illər davam edən hazırlıq və gecikmələrdən sonra nümayişə çıxıb.
Təxminən 200 milyon dollara başa gələn ekran əsəri dünya üzrə 1 milyard dollardan çox gəlir əldə edərək bioqrafik filmlər arasında tarixi rekorda imza atıb.
Valyuta.az xəbər verir ki, "Michael" bioqrafik filmi rejissor Antuan Fukua tərəfindən ekranlaşdırılıb, ssenarisi isə Con Loqan tərəfindən qələmə alınıb.
Film müğənninin 1960-cı illərdə "Jackson 5" qrupundakı uşaqlıq dövründən başlayaraq 1980-ci illərin sonlarında keçirilən "Bad World Tour"a qədər olan həyatını əhatə edir. Maykl Cekson obrazını onun qardaşı oğlu Cəfər Cekson canlandırıb.
Layihənin hazırlanmasına 2019-cu ildə start verilib. 2022-ci ildə "Lionsgate" filmi rəsmi olaraq elan edib, 2023-cü ildə isə Antuan Fukua rejissor kimi layihəyə qoşulub.
Çəkilişlər 2023-cü ildə başlamalı olsa da, Hollivudda baş verən SAG-AFTRA tətili səbəbindən proses təxirə salınıb və əsas çəkilişlər 2024-cü ilin yanvar-may aylarında həyata keçirilib.
İlkin ssenaridə Maykl Ceksona qarşı 1993-cü ildə irəli sürülmüş cinsi istismar iddiaları və Neverland rançına polis basqını ilə bağlı səhnələr yer alsa da, hüquqi razılaşmadakı bir bənd səbəbindən bu hissələr ssenaridən çıxarılıb. Nəticədə filmin üçüncü hissəsi yenidən yazılıb və 2025-ci ilin iyununda əlavə çəkilişlər aparılıb.
Əlavə çəkilişlərdən sonra filmin istehsal büdcəsi 155-200 milyon dollar aralığına yüksəlib və bu, onu indiyədək çəkilmiş ən bahalı bioqrafik filmlərdən birinə çevirib.
"Michael" filminin premyerası 10 aprel 2026-cı ildə Berlində keçirilib. Film aprelin 22-də Böyük Britaniyada, aprelin 24-də isə ABŞ-də nümayiş olunub.
Tənqidçilər Cəfər Ceksonun performansını yüksək qiymətləndirsələr də, ekran əsərinin Maykl Ceksonun həyatını kifayət qədər obyektiv əks etdirmədiyini və hadisələri "yumşaldılmış" formada təqdim etdiyini bildiriblər.
Buna baxmayaraq, o, bioqrafik filmlər arasında 1 milyard dollar həddini aşan ilk film kimi tarixə düşüb.
Rəfiqə Abdin