"Nvidia" atonom sürüşdə "Tesla"ya rəqib olmağa hazırlaşır

Redaktor

19.01.2026 22:15
195

"Nvidia" atonom sürüşdə "Tesla"ya rəqib olmağa hazırlaşır

“Nvidia” CES 2026 sərgisində “Alpamayo” adlı süni intellekt modelləri ilə sürücüsüz avtomobil texnologiyalarının inkişafını sürətləndirdiyini açıqlayıb. 

Valyuta.az xəbər verir ki, şirkət “Tesla”ya rəqib ola biləcək açıq avtonom sürüş ekosistemi ilə diqqət mərkəzinə düşüb.

“Nvidia”nın baş icraçı direktoru Censen Huan bildirib ki, şirkətin “Alpamayo” süni intellekt modelləri sürücüsüz avtomobil texnologiyalarının hazırlanma prosesini əhəmiyyətli dərəcədə sürətləndirir. Açıqlama yanvarın 5-də Las-Veqasda keçirilən CES 2026 sərgisində verilib. Texnoloji yeniliklərin vitrini sayılan CES-də edilən bu elan, indiyədək əsasən aparat və çip istehsalçısı kimi tanınan “Nvidia”nın yeni istiqaməti səbəbindən sektorda sürpriz effekti yaradıb.

Bu addımla “Nvidia” avtonom sürüş sahəsində “Tesla”ya birbaşa rəqib ola biləcək mövqeyə doğru irəliləyir.

“Tesla” ilə rəqabət qızışır

“Nvidia”nın bu açıqlaması İlon Maskın rəhbərlik etdiyi “Tesla”nı da birbaşa maraqlandırır. “Tesla” tam avtonom sürüş (Full Self-Driving) funksiyalarını öz qapalı proqram təminatı ekosistemi çərçivəsində təqdim edir. Şirkət bu yaxınlarda ABŞ-ın Texas ştatının Ostin şəhərində avtonom robotaksi xidmətini işə salıb. ABŞ-ın digər şəhərlərində isə “Waymo”nun oxşar xidmətləri artıq aktivdir.

“Nvidia”nın əsas fərqi texnologiyasını tək bir brendlə məhdudlaşdırmamasıdır. Şirkət sürücüsüz sürüş həllərini bir neçə avtomobil istehsalçısına təklif edərək daha geniş bazara çıxmağı hədəfləyir. Bu yanaşma uzunmüddətli perspektivdə “Nvidia”nın böyümə sürətinə görə “Tesla”nı geridə qoymasına belə gətirib çıxara bilər.

Süni intellekt bumunun “Nvidia”ya təsiri

Süni intellektə qlobal marağın artması “Nvidia”nın hesablama həllərinə tələbi kəskin şəkildə yüksəldib. Lakin bu sürətli böyümə müəyyən riskləri də özü ilə gətirir. “Nvidia”nın sərmayə qoyduğu süni intellekt startaplarının aldıqları maliyyə vəsaiti ilə yenidən “Nvidia” məhsulları alması qapalı bir investisiya dövriyyəsi yaradır.

Mütəxəssislər bildirirlər ki, mümkün “süni intellekt köpüyü”nü partlaması iqtisadi daralma və işdən çıxarmalar kimi ssenariləri gündəmə gətirə bilər. Avtonom avtomobillərdə tamamilə süni intellektə əsaslanan sistemlərdən istifadə isə təhlükəsizliklə bağlı müzakirələri daha da aktuallaşdırır.

“Nvidia”nın avtonom avtomobil texnologiyasının əsasında nə dayanır?

“Nvidia” sürücüsüz avtomobil hazırlığında süni intellekt üzrə təcrübəsinə və simulyasiya texnologiyalarına güvənir. “Alpamayo” modelləri “NVIDIA DGX” adlı iri miqyaslı süni intellekt inkişaf platformasında təlim keçir. Real dünya məlumatları ilə dəstəklənən süni intellekt simulyasiyaları sayəsində avtomobillər yolda qarşılaşa biləcəkləri vəziyyətlərə virtual mühitdə hazırlanır.

Şirkət bildirir ki, mövcud proqram arxitekturası, inkişaf alətləri və məlumat bazaları hesabına avtonom avtomobillərin hazırlanması və istifadəyə verilməsi daha sürətli şəkildə mümkün olur. “Nvidia”ya görə, mühəndislər bu sistemlər üzərində ümumilikdə 15 min ilə bərabər iş vaxtı sərf ediblər.

“DRIVE Hyperion” və qlobal ekosistem hədəfi

“Nvidia”nın atvonom avtomobil vizyonu yalnız minik avtomobilləri ilə məhdudlaşmır. Yük maşınları, robotaksilər və gələcək mobil həllər də bu ekosistemin tərkib hissəsi kimi nəzərdə tutulur. Şirkət simulyasiya sistemləri, sensorlar, proqram təminatı və xəritələmə texnologiyaları vasitəsilə avtomobil istehsalçılarına tam paket həllər təqdim edir.

“Nvidia” 2026-cı ildən etibarən “DRIVE Hyperion” ekosisteminin qlobal miqyasda cəlbedici seçimə çevriləcəyini proqnozlaşdırır və özünü bu sahənin əsas oyunçularından biri kimi mövqeləndirir.

“Tesla”ya qarşı açıq ekosistem üstünlüyü

“Nvidia”nın “Tesla” ilə müqayisədə ən böyük üstünlüyü tək bir qapalı sistem əvəzinə çoxmarkalı infrastruktur təqdim etməsidir. “Lucid”, “Nuro” və “Uber”in daxil olduğu yeni robotaksi əməkdaşlığı, yalnız Ostinlə məhdudlaşan “Tesla” xidmətindən daha geniş yayılma potensialına malikdir.

Qabaqcıl süni intellekt çipləri və proqram həlləri ilə təhlükəsizlik kimi kritik məsələlərə fokuslanan “Nvidia”, özünü sektorda “Tesla”ya alternativ avtonom sürüş platforması kimi önə çıxarır.

Atvonom avtomobillərdə təhlükəsizlik narahatlığı artır

“Nvidia”nın gələcəyi parlaq görünsə də, sürücüsüz avtomobillərin keçmişi problemlərlə doludur. 2025-ci ilin sonlarında “Waymo” bir avtomobilinin dayanmış məktəb avtobusunu qanunsuz şəkildə ötüb keçməsindən sonra geri çağırma qərarı vermişdi. Eyni dövrdə ABŞ Milli Avtomobil Yolları Təhlükəsizliyi Administrasiyası “Tesla”nın avtonom sürüş sistemlərini qırmızı işıq pozuntuları və qəzalar səbəbilə araşdırmaya cəlb edib.

2023-cü ildə “Cruise” şirkətinə məxsus robotaksinin bir piyadanı vuraraq sürüməsi isə sektorun yaddaşında qalan hadisələrdən biri olub. Hüquq şirkətlərinin məlumatlarına görə, 2021-ci ildən bəri atvonom avtomobil qəzalarının sayı ciddi şəkildə artıb.

“Nvidia” təhlükəsizliyi prioritet kimi vurğulasa da, bu sahədə atacağı hər addım yaxından izlənəcək. Şirkətin avtonom süni intellekt əsaslı avtomobillərlə sektorda necə bir iz buraxacağı önümüzdəki illərdə aydınlaşacaq.

Paşa Məmmədli

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

10 gündə 40 mindən çox amerikalı Yaxın Şərqdən qaçdı

10.03.2026

Ekspert: 2026 pul qazanmaq deyil, puluna sahib çıxmaq ilidir

10.03.2026

Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlanıb

10.03.2026

"Google" rəhbəri səssizcə milyarder oldu: 7 qat artım üçün böyük mükafat

10.03.2026

Mark Kubanın 5 ən yaxşı passiv gəlir ideyası

10.03.2026

Bu energetik içkilərdə təhlükəli maddə aşkarlandı  - Fotolar

10.03.2026

Süni intellektin qaranlıq üzü: Qapı qonşunuz bir məlumat mərkəzi olsa…

10.03.2026

Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib

10.03.2026

Təcrübəçinin yazdığı kod dünya çempionunu necə məğlub etdi?

10.03.2026

“Anthropic” ABŞ Müdafiə Nazirliyini məhkəməyə verib

10.03.2026

Nazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı

10.03.2026

C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb

10.03.2026

Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur

10.03.2026

Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib

10.03.2026

Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı

10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar

2026-cı il üçün Bakıda ən yaxşı startaplar

10.03.2026

SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır

10.03.2026
"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur"

"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur" - Bank eksperti

10.03.2026

“Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb

10.03.2026

"InvestAz"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

10.03.2026

Məzənnə

Yüklənir...