Redaktor
Məktəb publik hüquqi şəxsə çevrilir: Müəllimlərin taleyi direktorun əlində olacaq?
Bakıda orta məktəblər publik hüquqi şəxsə çevrilir.
Qaynarinfo xəbər verir ki, Emin Əliyev adına 234 nömrəli, Elşad Yəhyayev adına 56 nömrəli və Polad Salayev adına 159 nömrəli tam orta ümumtəhsil məktəbləri publik hüquqi şəxsə çevrilib.
Bu isə onu deməyə əsas verir ki, həmin məktəblərdə müəllimlərin işə qəbul və işdən azad olunması ilə bağlı qərarlar birbaşa direktorun səlahiyyətinə aid olacaq.
Bəs publik hüquqi şəxs statusu təhsil sisteminə nə verəcək?
Deputat Ceyhun Məmmədov bildirib ki, bu plan əvvəldən gündəmdə olub: 
"Yəni məktəblərin bir hissəsinin publik hüquqi şəxsə çevrilməsi planlaşdırılırdı və proses artıq həyata keçirilir. Söhbət direktorun istədiyi şəxsi işdən çıxarmasından getmir. Müəllimlərin işə qəbulu və işdən azad edilməsi Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir, bu addımlar mərkəzləşdirilmiş qaydada atılır. Kim necə istəyir elə edəcək deyə bir məsələ yoxdur. Publik hüquqi şəxs statusunda maliyyələşmə yalnız dövlət büdcəsi ilə məhdudlaşmır. Bu qurumlar həm maliyyələşmə, həm də idarəetmə baxımından müəyyən azadlıqlara malik olacaqlar".
Deputat əlavə edib ki, zamanla bu modelin fərqli cəhətləri daha aydın görünəcək:
"Artıq bir müddətdir Azərbaycanda publik hüquqi şəxslər fəaliyyət göstərir. Məktəblər əlavə vəsait qəbul edə biləcəklər və yalnız dövlət büdcəsindən asılı olmayacaqlar. Bu da onların fəaliyyətinə müsbət təsir göstərəcək".