Redaktor
“Cerebras”ın bazar dəyəri 23 milyard dollara çatıb
ABŞ-ın süni intellekt çip istehsalçısı “Cerebras Systems” H seriyası investisiya raundunda 1 milyard dollar cəlb edərək bazar dəyərini təxminən 23 milyard dollara yüksəldib.
Valyuta.az xəbər verir ki, Silikon vadisində yerləşən “Cerebras” yüksək məhsuldarlıqlı süni intellekt prosessorları sahəsində “Nvidia” və digər iri çip istehsalçıları ilə rəqabət aparır. Şirkətin əsas texnologiyası olan “Wafer Scale Engine” (WSE-3) ənənəvi qrafik prosessorlarla müqayisədə daha geniş miqyaslı hesablama imkanı və enerji səmərəliliyi təqdim edir.
Bu, şirkətin ilkin ictimai təklif (IPO) planlarını təxirə salmasından sonra əldə etdiyi ən iri maliyyə dəstəyi hesab olunur. Qeyd edək ki, ötən il “Cerebras”ın bazar dəyəri təxminən 8,1 milyard dollar idi. Hazırda investor marağının artması bu göstəricinin təxminən üç dəfə yüksəlməsinə səbəb olub.
Şirkətin inkişafında qurduğu strateji tərəfdaşlıqlar da mühüm rol oynayıb. Son həftələrdə “OpenAI” ilə “Cerebras” arasında 10 milyard dollardan çox dəyəri olan çip razılaşması imzalanıb. Müqaviləyə əsasən, “Cerebras” bu ildən başlayaraq 2028-ci ilə qədər “OpenAI”a ümumilikdə 750 meqavatlıq hesablama gücü təqdim edəcək.
Mayya Hüseynova