Redaktor
"Google" süni intellekt xərclərini iki dəfə artırır
"Google" 2026-cı ildə süni intellekt sahəsinə yatırımlarını iki dəfə artırmağı planlaşdırır.
Valyuta.az xəbər verir ki, şirkət kapital xərclərini 175–185 milyard ABŞ dolları aralığında hədəflədiyini açıqlayıb.
Bu göstərici analitiklərin orta hesabla 115,26 milyard dollarlıq gözləntilərindən xeyli yüksəkdir və 2025-ci ildə həyata keçirilən 91,45 milyard dollarlıq xərclə müqayisədə demək olar ki, ikiqat artım deməkdir.
Şirkətin baş icraçı direktoru Sundar Piçai bildirib ki, xərclərdəki artım müştəri tələbatını qarşılamaq və yeni imkanlardan yararlanmaq məqsədi daşıyır: "Süni intellekt yatırımlarımız və infrastrukturumuz bütün sahələrdə gəlir və böyüməni dəstəkləyir".
"Google Cloud"un dördüncü rüb üzrə gəlirləri illik müqayisədə 48 faiz artaraq 17,7 milyard dollara çatıb. Bu nəticə analitiklərin 35,2 faizlik artım gözləntisini üstələyib və "Microsoft Azure"un böyümə tempini geridə qoyub. "D.A. Davidson" şirkətinin analitiki Gil Luriya bildirib ki, bulud bölməsində müşahidə olunan bu sürətlənmə artan kapital xərclərini əsaslandırır.
Bulud bilişim nəhəngləri olan "Amazon Web Services", "Microsoft Azure" və "Meta" ilə birlikdə bu il süni intellekt infrastrukturlarına ümumilikdə 500 milyard dollardan çox sərmayə yatırılacağı gözlənilir. "Meta" ötən həftə süni intellekt yatırımlarını 73 faiz artıraraq 115–135 milyard dollar aralığında xərcləmə hədəfi açıqlayıb.
"Google" noyabr ayında təqdim etdiyi "Gemini 3" modeli ilə geniş maraq doğurub. "Gemini" tətbiqi aylıq 750 milyon istifadəçiyə çatıb ki, bu da noyabr ayı ilə müqayisədə 100 milyon artım deməkdir. Şirkət həmçinin ötən ay "Apple" ilə razılaşaraq yenilənmiş "Siri" səsli köməkçisinin "Gemini" modelləri ilə dəstəklənməsinə qərar verib. Bu əməkdaşlıq "Apple"ın 2,5 milyard cihazdan ibarət quraşdırılmış istifadəçi bazasına çıxış imkanı yaradaraq "Google"a mühüm bazar üstünlüyü qazandırır.
Paşa Məmmədli