Redaktor
"Amazon"dan kino və seriallar üçün süni intellekt addımı
"Amazon" kino və serial istehsalı proseslərində tətbiq olunmaq üçün inkişaf etdirdiyi süni intellekt alətlərini test mərhələsinə keçirir.
Valyuta.az xəbər verir ki, ötən yay "Amazon MGM Studios" tərkibində yaradılan xüsusi "AI Studio" indiyədək yalnız şirkət daxilində sınaqdan keçirilən sistemləri artıq sənaye tərəfdaşlarının istifadəsinə açmağa hazırlaşır.
Şirkət mart ayında qapalı beta proqramı başladacaq. Bu proqram çərçivəsində dəvət olunan sektor peşəkarları "Amazon"un hazırladığı süni intellekt əsaslı istehsal alətlərini birbaşa sınaqdan keçirmək imkanı əldə edəcək. Şirkət proqramdan əldə edilən ilkin nəticələrin may ayı ərzində paylaşılacağını gözləyir.
"Amazon"un "AI Studio" bölməsi bu alətlərin ən səmərəli şəkildə necə istifadə ediləcəyini öyrənmək üçün sahənin tanınmış simaları ilə əməkdaşlıq edir. “Maleficent” filminin prodüseri Robert Stromberq, “The Big Bang Theory” serialının aktyoru Kunal Nayyər və "Pixar"da uzun illər animator kimi çalışan Kolin Bredi bu prosesə töhfə verən adlar sırasındadır. Texniki infrastruktur sahəsində isə "Amazon Web Services" dəstəyindən istifadə olunur və bir neçə böyük dil modeli təminatçısı ilə əməkdaşlıq planlaşdırılır.
"AI Studio" təşəbbüsünə rəhbərlik edən Albert Çenq vurğulayıb ki, süni intellekt yaradıcı komandaların yerini almaq üçün deyil, onları dəstəkləmək məqsədi ilə hazırlanıb. Əsas məqsəd istehsal proseslərini daha səmərəli etmək, xərcləri azaltmaq və eyni zamanda intellektual mülkiyyətin qorunmasını təmin etməkdir. Şirkət süni intellekt vasitəsilə yaradılan məzmunun digər süni intellekt modellərinin təlimində istifadə edilməməsinə xüsusi diqqət yetirir.
Bu yanaşmanın konkret nümunələrindən biri "Amazon"un “House of David” serialı olub. Bildirilir ki, serialın ikinci mövsümündə 350 süni intellekt dəstəkli səhnədən istifadə edilib.
Digər tərəfdən, Hollivudda süni intellektin getdikcə daha geniş tətbiqi ciddi müzakirələrə səbəb olur. Sənayedə bir çoxları bu texnologiyaların məşğulluq, yaradıcılıq və kinematoqrafiyanın gələcəyi üzərindəki təsirlərindən narahatdır.
Bu müzakirələr müxtəlif şirkətlərin oxşar təcrübələrə yönəlməsi ilə daha da aktuallaşıb. Məsələn, "Netflix" süni intellektdən istifadəni açıq şəkildə dəstəkləyən şirkətlərdən biridir. Şirkətin həmsədri Ted Sarandos “The Eternaut” serialında bir binanın uçması səhnəsinin generativ süni intellekt vasitəsilə yaradıldığını açıqlamışdı.
"Amazon" cəphəsində isə süni intellekt təkcə prodüksiya prosesləri ilə deyil, şirkətin ümumi struktur dəyişiklikləri ilə də əlaqələndirilir. Son illərdə süni intellekt sahəsində əldə edilən məhsuldarlıq artımı işdən çıxarmalarla paralel şəkildə gündəmə gəlir. Şirkət bu ilin yanvarında 16 min əməkdaşla yollarını ayırıb, ötən ilin oktyabrında isə daha 14 min nəfərin işdən çıxarıldığı açıqlanmışdı.
Paşa Məmmədli