Redaktor
İş yerində incikliyi necə aradan qaldırmalı?
İş mühitində nə qədər mehriban kollektiv olursa-olsun, fikir ayrılıqları qaçılmazdır. Bəzən bu fikir ayrılıqları sadə müzakirə səviyyəsində qalır, zamanla həll olunur və hətta münasibətləri daha da möhkəmləndirir. Lakin bəzi hallarda narazılıq zaman keçdikcə incikliyə və gizli aqressiyaya çevrilir ki, bu da həm layihələrin icrasına, həm də əməkdaşın karyerasına mənfi təsir göstərir. Bəs, iş yerində incikliyi necə aradan qaldırmalı?
Valyuta.az xəbər verir ki, psixologiya üzrə mütəxəssis Art Markmanın fikrincə, iş yerində yığılıb qalan mənfi emosiyalar yalnız komanda daxilində gərginliyi artırmır, həm də insanın təşkilat daxilində yüksəlmə imkanlarını zəiflədir: "Şirkətlər rəhbər vəzifələrə daha çox insanları bir araya gətirə bilən şəxsləri irəli çəkir. Davamlı inciklik nümayiş etdirən əməkdaş isə birləşdirici yox, bölücü fiqur kimi qəbul oluna bilər.
Açıq söhbət ən effektiv yoldur
Mütəxəssisin sözlərinə görə, incikliyi aradan qaldırmağın ən effektiv yolu problemi birbaşa və səmimi şəkildə müzakirə etməkdir: "Əgər həmkarınızın davranışı sizi narahat edibsə və bu hiss uzun müddətdir davam edirsə, məsələni açıq şəkildə danışmaq faydalı ola bilər. Bunun üçün həmkarınızı qısa bir kofe görüşünə dəvət etmək tövsiyə olunur. Belə dəvət qarşı tərəf üçün gözlənilməz ola bilər, çünki adətən insanlar qarşı tərəfin onlara qarşı narazı olduğunu hiss edir. Görüş zamanı konkret olaraq hansı davranışın sizi incitdiyini, bunun iş prosesinə necə təsir etdiyini və niyə hələ də narahatlıq yaratdığını aydın şəkildə izah etmək vacibdir".
Ekspert vurğulayır ki, belə söhbətlərə hazırlıqsız getmək düzgün deyil. Danışmaq istədiklərinizi əvvəlcədən düşünmək və hətta məşq etmək daha effektiv nəticə verə bilər.
Bəzən problem özümüzdə olur
"Maraqlı məqamlardan biri də odur ki, insan şikayətini ucadan ifadə edərkən bəzən problemin əslində öz yanaşmasından qaynaqlandığını anlayır. Yəni bəzi hallarda məsələ gözlənildiyindən daha kiçik və əhəmiyyətsiz ola bilər, sadəcə emosional reaksiya onu böyüdür", - deyə o bildirib.
Sərvanə Rəmixanova