Redaktor
Azərbaycanda yumurtanın qiyməti bu tarixdən ucuzlaşacaq
Son günlər bazarda ən çox müzakirə olunan mövzulardan biri yumurtanın qiymətidir.
İstehlakçılar bahalaşma ehtimalı ilə maraqlanır, istehsalçılar isə mövcud vəziyyətin sabit olduğunu bildirirlər.
Mövcud statistik göstəricilər isə qiymət artımı üçün ciddi əsasın olmadığını göstərir. Bəs yaxın aylarda yumurta ucuzlaşa bilərmi?
Mövzu ilə bağlı Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli BAKU.WS-ə bildirib ki, hazırda ölkədə gündəlik yumurta istehsalı 5 milyon 200 min ədəddən artıqdır:
"Daxili istehlak isə təxminən 4 milyon 400 min ədəd səviyyəsindədir. Yəni bazarda təklif tələbi üstələyir və bu da qiymətlərin sabit qalmasına imkan yaradır.
Hazırda yumurta ixracı həyata keçirilmir. Lakin gözləntilərə görə, mart ayından sonra - aprel ayının əvvəllərindən etibarən ixrac prosesinə başlanıla bilər. Buna baxmayaraq, daxili bazarda kifayət qədər ehtiyatın olduğu bildirilir.
Toyuq əti və digər quşçuluq məhsulları üzrə isə yaxın dövrdə ucuzlaşma proqnozlaşdırılmır. Bunun əsas səbəbi yem məhsullarının qiymətində ciddi dəyişiklik olmamasıdır. Yem xərcləri istehsalın əsas hissəsini təşkil etdiyindən, onların bahalaşması toyuq əti və yumurtanın maya dəyərinə birbaşa təsir edir.
Əgər gələcəkdə yem məhsullarının qiymətində ucuzlaşma baş verərsə, bu, həm toyuq ətinin, həm də yumurtanın qiymətinə müsbət təsir göstərə bilər. Hazırkı vəziyyətdə isə qiymət artımı üçün əsas görünmür.
Bundan əlavə, toyuq əti məhsulları üzrə ixrac planlaşdırılmır ki, bu da daxili bazarda təklifin azalması riskini minimuma endirir. Mövcud şəraitdə yumurta qiymətlərinin sabit qalacağı, yay aylarından isə mövsümi amillərin təsiri ilə müəyyən qədər ucuzlaşa biləcəyi ehtimal olunur".