Redaktor
"Instagram" olmayanda onlar var idi: Sosial medianın unudulmuş "kralları"
Sosial media platformaları bu gün mədəniyyətimizin mərkəzinə çevrilib. “Facebook”, “Instagram” və ya “YouTube” adını eşitməyən birini tapmaq demək olar ki, mümkün deyil. Lakin bir zamanlar liderlik uğrunda mübarizə aparan, rəqabətə tab gətirməyərək yaddaşlardan silinən çoxlu platforma da mövcud olub.
Valyuta.az xəbər verir ki, sosial medianın ilk dövrlərində ən yaxşı şəbəkəni yaratmaq üçün böyük rəqabət gedirdi. O dövrləri yaşamış nəsil həmin saytları nostalji ilə xatırlasa da, yeni nəsil üçün bu adların çoxu heç nə ifadə etmir. Budur, bu günün gənclərinin böyük ehtimalla heç tanımadığı, bir zamanlar isə böyük səs-küy yaradan sosial media platformaları…
Friendster
Sosial şəbəkələrin ilk geniş yayılmış nümunələrindən biri olan “Friendster” sonrakı platformaların yaranmasına yol açdı. 2002-ci ilin martında istifadəyə verilən şəbəkə istifadəçilər arasında onlayn ünsiyyətə fokuslanmışdı. Asiya regionunda sürətlə yayılaraq 2011-ci ildə 100 milyon istifadəçini keçdi.
ABŞ bazarında isə vəziyyət uğurlu olmadı. İstifadəçilər arasındakı əlaqələri gücləndirməkdə “Facebook”un gerisində qalan platforma 2015-ci ildə fəaliyyətini dayandırdı. Sonradan yalnız real həyatda tanış olan insanları birləşdirməyə yönəlmiş yeni “Friendster” versiyası yaradılsa da, əvvəlki şöhrətindən çox uzaqdır.
MySpace
“MySpace” tamamilə yox olmayıb, hələ də müəyyən formada mövcuddur. Lakin əvvəlki populyarlığına qayıtması üçün böyük bir möcüzə lazımdır.
2003-cü ildə istifadəyə verilən platforma 2008-ci ildə aylıq 76 milyon unikal ziyarətçi ilə ən böyük sosial şəbəkələrdən biri idi. Xüsusilə alternativ mədəniyyətləri sevən gənclərin əsas məkanına çevrilmişdi. “Facebook”un yüksəlişi ilə populyarlığını itirən “MySpace”, 2019-cu ildə 7 milyon istifadəçiyə qədər gerilədi.
Orkut
“Google”un bir zamanlar “Facebook”la eyni dövrdə sosial media platforması idarə etdiyini bilirdinizmi? Qurucusu “Google” əməkdaşı Orkut Büyükkökten olan platforma 2004-cü ildə yaradılmışdı.
Braziliya və Hindistanda çox populyar olan “Orkut” dünyanın digər bölgələrində eyni marağı qazana bilmədi. Yenilənən ana səhifə axınının olmaması və təhlükəsizlik boşluqları onun məğlubiyyətinə səbəb oldu. 2014-cü ildə bağlanan sayt bu gün yalnız yaradıcısının geri dönüş planlarını izah etdiyi bir səhifə kimi mövcuddur.
Digg
Bu gün bir çox insan “Reddit” formatına bələddir, lakin “Digg” bu sistemin öncüllərindən biri idi. “Reddit”dən bir il əvvəl, 2004-cü ildə yaradılan platforma məzmunu yuxarı qaldırma və ya gizlətmə mexanizmi ilə işləyirdi.
Saytın populyarlığını itirməsinin əsas səbəbi 2010-cu ildə edilən uğursuz dizayn dəyişiklikləri oldu. İstifadəçilərin bu dəyişiklikləri qəbul etməməsi trafikdə kəskin enişə səbəb oldu. Quruculardan Kevin Rose platformanı yenidən alaraq 2026-cı ilin yanvarında yenidən başlatsa da, süni intellekt botlarının axını səbəbindən sayt yenidən bağlanmaq məcburiyyətində qaldı. Hazırda üçüncü cəhdlə geri dönüş etməyə çalışır.
Jaiku
“Jaiku” istifadəçilərin qısa paylaşımlar etdiyi Finlandiya mənşəli bir platforma idi. “Twitter”dən bir az əvvəl, 2006-cı ildə yaradılan şəbəkə dinlənilən musiqiləri və fotoları anlıq paylaşmağa imkan verirdi.
“Google” 2007-ci ildə “Jaiku”nu satın aldı, lakin platformanı demək olar ki, öz axarına buraxdı. Saytın yavaşlaması nəticəsində istifadəçilər “Twitter”ə köçdü. “Google” 2009-cu ildə platformanı tamamilə bağladı. “Jaiku” erkən dövrdə şansını itirən layihələrdən biri kimi yadda qaldı.
Vine
Altı saniyəlik videolar qısa görünsə də, “Vine” bu formatla bir çox məşhurun karyerasına yol açdı. “Twitter”in tərkibində 2013-cü ildə yaradılan tətbiq qısa video taxtını “TikTok”a uduzaraq 2017-ci ildə bağlandı.
“Twitter”in qurucularından Cek Dorsi 2026-cı ilin aprelində tətbiqi “DiVine” adı ilə yenidən istifadəyə qaytardı. Köhnə videoları saxlayan və yeni məzmun yaratmağa imkan verən platforma süni intellekt məzmunundan uzaq, yalnız insan tərəfindən yaradılan paylaşımlara fokuslanaraq rəqiblərindən fərqlənməyi hədəfləyir.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Instagram" olmayanda onlar var idi: Sosial medianın unudulmuş "kralları"
23.06.2026"SpaceX" süni intellekt startapı ilə 6,3 milyard dollarlıq müqavilə bağladı
23.06.2026Dünyanın milyarder xəritəsi: Varlılar hansı şəhərlərdə yaşayır?
23.06.2026Prezident onları təltif etdi - Siyahı
23.06.2026“Groq” startapı 650 milyon dollar investisiya aldı
23.06.202612 il "Dünya Bankı"nda işləyən azərbaycanlıya Maliyyə Nazirliyində yüksək vəzifə verildi
23.06.2026Startapınızı pulsuz tanıtmaq üçün 15 platforma
23.06.2026Mərkəzi Bank “Global İnnovations” və “United Payment”də pozuntular aşkarlayıb
23.06.2026Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş ®
23.06.2026İpoteka və Kredit Zəmanət Fondu yeni tender elan etdi
23.06.2026Dünya iqtisadiyyatında transformasiya dövrü başlayır
23.06.2026“Banco Santander” süni intellekt agentləri üçün ödəniş sistemi qurdu
23.06.2026Rəhbərinizin sizi manipulyasiya etdiyini göstərən 10 əsas əlamət
23.06.2026"Apple"ın 2026-2027-ci illərdə təqdim edəcəyi 20 yeni cihaz - TAM SİYAHI
23.06.2026Z nəsli karyeraya daha üstün başlayır: Gəlirlərdə gözlənilməz fərq
23.06.2026