Redaktor
Gənclərin qurduğu "NovaLingua" startapı IELTS hazırlığında yaşanan problemləri həll edir - MÜSAHİBƏ
Təhsil sahəsində süni intellekt texnologiyalarının tətbiqi xarici dillərin öyrədilməsi və qiymətləndirilməsində yeni imkanlar yaradır. Rəqəmsal platformalar vasitəsilə istifadəçilər zaman və məkan məhdudiyyəti olmadan dil biliklərini inkişaf etdirə, eyni zamanda, obyektiv və çevik qiymətləndirmə imkanlarından yararlana bilirlər. Məhz bu məqsədlə yaradılan, xarici dillərin öyrədilməsi və qiymətləndirilməsi üçün süni intellektəsaslı onlayn platforma olan “NovaLingua” layihəsi bu prosesi daha effektiv və fərdiləşdirilmiş formada təqdim edir. Buna görə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “Novalingua” MMC-yə sahibkarlara vergi güzəştləri verən “Startap” şəhadətnaməsi verib.
Platformanın fəaliyyəti, innovativ həlləri, əsas üstünlükləri və gələcək hədəfləri barədə danışan layihənin həmtəsisçisi və Gənclər üçün Prezident mükafatına layiq görülən Şahmar Ağayev müsahibəsində ətraflı məlumat verib. Müsahibəni təqdim edirik:
- Əvvəlcə rəhbərlik etdiyiniz layihənin fəaliyyət istiqaməti ilə bağlı məlumat verərdiniz. Startapın məqsədi nədən ibarətdir? Hansı problemi həll edir?
- “NovaLingua” layihəsi süni intellekt əsaslı dil öyrənmə platformasıdır. Əsas məqsədimiz IELTS və oxşar akademik imtahanlara hazırlaşan istifadəçilərə real imtahan səviyyəsində, obyektiv və əlçatan qiymətləndirmə təqdim etməkdir. Bizim həll etdiyimiz əsas problem - keyfiyyətli müəllimə və ya bahalı kurslara çıxışı olmayan istifadəçilərin danışıq və yazı bacarıqlarını düzgün və davamlı şəkildə inkişaf etdirə bilməməsidir.
- Bəs bu sahəyə gəlişiniz necə baş verdi? Belə bir təşəbbüs irəli sürməkdə sizi ilhamlandıran nə oldu?
- Bu sahəyə gəlişim şəxsi təcrübəmdən qaynaqlanır. Özüm və ətrafımdakı bir çox insan IELTS hazırlığında eyni problemlərlə qarşılaşırdı: gec rəy, subyektiv qiymətləndirmə və yüksək qiymətlər. Texnologiya sahəsində çalışdığım üçün düşündüm ki, süni intellekt bu prosesi daha ədalətli, sürətli və əlçatan edə bilər.
- Bu ideyaya bazarda tələbat olduğunu necə anladınız?
- İlk MVP-ni istifadəyə verdikdən sonra real istifadəçi davranışlarını və geri dönüşləri analiz etdik. İstifadəçilərin platformaya müntəzəm qayıtması, test limitlərini doldurması və ödənişli planlara keçməsi ideyanın bazarda real tələbatı olduğunu açıq şəkildə göstərdi.
- İlk gündən bu günə qədər ən böyük dəyişiklik nə olub?
- Ən böyük dəyişiklik fokusun genişlənməsi olub. Başlanğıcda yalnız danışıq (Speaking) üzərində çalışırdıq, lakin sonradan yazı (Writing) və tam IELTS simulyasiyasını əlavə etdik. Eyni zamanda, texniki arxitekturanı da daha genişlənə bilən və uzunmüddətli inkişaf üçün yenidən qurduq.
- Bu yolda sizi ən çox motivasiya edən nədir?
- İstifadəçilərdən aldığımız real nəticələr və hekayələr. Kimsə deyəndə ki, “NovaLingua” sayəsində hədəf balımı topladım”, - bu, bizim üçün ən böyük motivasiya mənbəyidir.
- Bəs riskləri necə qiymətləndirir və idarə edirsiniz?
- Riskləri əsasən texniki, bazar və maliyyə riskləri olaraq qruplaşdırırıq. Hər yeni funksiyanı mərhələli şəkildə test edirik, dataya əsaslanan qərarlar veririk və xərcləri maksimum optimallaşdırmağa çalışırıq.
- Rəqabətli bazarda fərqlənməyin əsas yolu nədir?
- Əsas fərq obyektiv AI qiymətləndirmə, real IELTS meyarlarına uyğun rəy və sürətdir. İstifadəçi bir neçə dəqiqə ərzində detallı analiz alır ki, bu, ənənəvi metodlarla mümkün deyil.
- Startapınızı 3–5 ildən sonra harada görürsünüz?
- “NovaLingua”nı regionda və daha sonra qlobal miqyasda tanınan, AI əsaslı dil qiymətləndirmə platforması kimi görürük. Təkcə IELTS deyil, digər beynəlxalq imtahanları da əhatə edən ekosistem qurmaq planımız var.
- Xarici bazarlara çıxış planlarınız varmı?
- Bəli, xüsusilə Türkiyə, Yaxın Şərq və Şimali Afrika ölkələri və Cənubi Asiya bazarları bizim üçün prioritetdir. Bu regionlarda IELTS-ə tələbat yüksəkdir və məhsulumuz bu ehtiyaca uyğundur.
- Əgər yenidən başlasaydınız nəyi fərqli edərdiniz?
- Daha erkən mərhələdə istifadəçi “feedback”inə fokuslanardım və bəzi texniki detalları mükəmməlləşdirməyə o qədər vaxt sərf etməzdim. Startapda sürət çox vaxt mükəmməllikdən daha önəmlidir.
- Startap qurmaq istəyən gənclərə ilk tövsiyəniz nədir?
- İlk olaraq problemi dərindən anlayın və mümkün qədər tez real istifadəçi ilə test edin. İdeyanı deyil, problemi sevin. Real problem, real istifadəçi və ölçülə bilən dəyər yaxşı startap ideyasını fərqləndirən əsas amildir. Əgər istifadəçi məhsulunuzdan istifadə etməsə, ideya nə qədər gözəl olsa da uğurlu olmayacaq.
© AZƏRTAC
Əlaqəli Xəbərlər
Harvard Universitetinin azərbaycanlı tələbəsinin startapı 1 milyon dollar investisiya cəlb etdi
Azərbaycanda startapların maliyyələşməsi ilə bağlı qanun layihəsi hazırlanıb