“Gələcəyin şəhərləri qurularkən din amili mütləq nəzərə alınmalıdır”

Redaktor

25.05.2026 11:00
317

“Gələcəyin şəhərləri qurularkən din amili mütləq nəzərə alınmalıdır”

“Əsas sual budur: müsəlmanlar və xristianlar şəhərlə bağlı ortaq narahatlıq və məsuliyyət hissi daşıya bilərlərmi? Cavab isə “bəli”dir. Gələcəyin şəhərləri qurularkən artıq din amili mütləq nəzərə alınmalıdır. Qurduğumuz şəhərlər bütün dinlərin nümayəndələrinin rahat yaşaya biləcəyi yer olmalıdır”.

Bu sözləri Valyuta.az-a açıqlamasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak edən amerikalı mütəxəssis, “Faith for Cities” (Şəhərlər üçün Din) şirkətinin həmtəsisçisi Kris Elisara deyib.

K.Elisara bildirdi ki, müxtəlif dinlərin bir şəhərdə birgə yaşaması təkcə “mehriban olmaq” məsələsi deyil: “Bu, şəhərin gündəlik həyatına və idarəetməsinə təsir edən çox konkret suallar yaradır. Məsələn, şəhərdə məscid varsa, kilsə və digər ibadət məkanları üçün də eyni imkanlar yaradılmalıdır. Hansı dini bayramlar rəsmi şəkildə qeyd olunacaq? Şəhərin memarlıq simasında hansı üslub üstünlük təşkil edəcək? Küçə adları və ictimai simvollar necə seçiləcək? Azan səsi, kilsə zəngi və digər dini elementlərlə bağlı balans necə qorunacaq? Məktəblərdə hansı mənəvi və etik dəyərlər öyrədiləcək? Məhz bu kimi nüanslar göstərir ki, dinlərin şəhərdə birgə mövcudluğu yalnız tolerantlıq şüarı ilə həll olunmur. Burada hüquq, memarlıq, mədəniyyət, təhsil və ictimai məkanların idarə olunması kimi çox mürəkkəb məsələlər ortaya çıxır”.

Mütəxəssis deyir ki, insan öz kimliyini və dəyərlərini qoruyaraq eyni zamanda inklüziv də ola bilər: Dini ənənələrdən yaranan müxtəlif memarlıq üslubları var. Bu memarlıq çox vaxt məkanın xüsusiyyətlərindən, istifadə olunan materiallardan, estetik baxışlardan və sosial-siyasi quruluşdan formalaşıb. Mən bu fərqlilikləri sevir və onlara hörmətlə yanaşıram. Amma biz bir-birinə bağlı dünyada yaşayırıq. Tarixən müəyyən dinə əsaslanan məkanların olması yaxşıdır. Lakin dünya getdikcə daha plüralist olur. İqtisadiyyatlarımız, incəsənətimiz və bir çox başqa sahələr bir-birinə yaxınlaşır. Buna görə də biz bir-birimizə ehtiyac duyuruq və gələcəyin əməkdaşlıq üzərində qurulacağına inanıram. Keçmişimizə və fərqlərimizə hörmət etməklə yanaşı, başqaları ilə münasibət qura bilərik. Məncə, sülhə aparan yol da budur. Əgər daim insanları kənarda saxlayırsansa, bu, qarşıdurmaya gətirib çıxarır”.

O, bildirib ki, insanların inkişaf etməsi üçün birgə yaşayacağımız şəhərlərin qurulmasına ehtiyac var: “Həm müsəlman, həm də xristian ənənələri göstərir ki, Tanrı insanlarla maraqlanır. İnsanlar isə müəyyən məkanlarda yaşayırlar - evlərdə, məhəllələrdə və şəhərlərdə. Buna görə də inancımız bizi şəhərlərin mümkün olan ən yaxşı şəkildə qurulması üçün məsuliyyət daşımağa sövq edir: yaşayış yerləri, xidmətlər, parklar, istirahət məkanları və gözəlliklərlə zəngin şəhərlər yaratmağa. Çünki insanların inkişaf etməsi üçün buna ehtiyac var. Məhz buna görə dini təşkilatlar birlikdə işləməli, əməkdaşlıq etməli və şəhərləri birgə paylaşmalıdır. Küçələri, məhəllələri və şəhərləri birlikdə bölüşmək üçün ortaq tərəfdaşlıqlar qura bilərik. Bunu etdikdə isə hamı fayda qazanır”.

Amerikalı mütəxəssis deyir ki, hər iki tərəfin şəhərlərin inkişafına töhfə verə biləcəyi imkanlar mövcuddur: “Kilsələrin də, məscidlərin də mülkləri var. Bu mülklərin necə qurulması və inkişaf etdirilməsi cəmiyyətə töhfə verə bilər. Buna görə bu istiqamətdə çalışmalıyıq. Həmçinin kapital məsələsi də var. Müsəlmanların da öz icmalarına investisiya qoymaq üçün maliyyə imkanları və mexanizmləri mövcuddur. Biz dini və özəl kapitalı, xeyriyyəçiliyi və dövlət dəstəyini bir araya gətirən yeni maliyyə alətləri yaratmaq üçün əməkdaşlıq etməliyik. Məkanların inkişafı ümumi rifah naminə həyata keçirilməlidir. Xristianların da, müsəlmanların da kapitalı var və bizim mənəvi dəyərlərimiz həmin sərmayələrin istiqamətini müəyyən edir. Əgər məqsəd şəhərin və məkanın yaxşılığıdırsa, investisiyalar da həmin istiqamətə yönəlməlidir.

Bu investisiyanın nəticələri isə sosial infrastruktur, sağlamlıq, rifah, əlaqəlilik və gözəllik kimi dəyərlərdir. Buna görə də dəyərlərə sahib dini insanların belə nəticələrə investisiya qoyması məntiqlidir”.

K.Elisaranın sözlərinə görə, bütün dinlərin nümayəndələrinin bir şəhərdə yaşaması həqiqətən də asan deyil: “Üzərində işləməli olduğumuz məsələ məhz budur. Biz davamlı şəkildə bunun vacib olduğunu vurğulamalıyıq. Fərqli dinlərin nümayəndələri və hətta heç bir dini olmayan insanlarla sülh içində yaşamağa çalışmalıyıq. Sülh Tanrının arzuladığı bir vəziyyətdir. Buna görə də biz qarşıdurma və zorakılıq üçün deyil, sülh üçün çalışmalıyıq”.

Aygün Asimqızı

 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
20 ildir ABŞ-da yaşayan azərbaycanlı süni intellekt mütəxəssisi Bakıda seminar verdi

20 ildir ABŞ-da yaşayan azərbaycanlı süni intellekt mütəxəssisi Bakıda seminar verdi

04.06.2026

Bu universitetin Məzun Günü satınalması ləğv edildi

04.06.2026

“Azəralüminium” ixrac gəlirlərini 13,4 milyon dollar artırıb

04.06.2026

Bakıya giriş-çıxışda dəyişiklik - Qəzalı körpü söküldü

04.06.2026
Sığorta sektorunda ən yüksək yığım göstəricisinə malik 5 şirkət

Sığorta sektorunda ən yüksək yığım göstəricisinə malik 5 şirkət

04.06.2026

Azərbaycan nefti bahalaşdı

04.06.2026

Azərbaycan əsilli şəxs milyarderə çevrildi, amma pullarından istifadə edə bilmir

04.06.2026

Hobbi olaraq başladılar, sərvət qazanırlar - 70 ton məhsul yığırlar

04.06.2026

Avro və rubl geriləməkdə davam edir

04.06.2026

Azərbaycanda marketinqin ən böyük 7 problemi

04.06.2026

Tələbə yataqxanalarında yaranan dünyanın nəhəng şirkətləri

04.06.2026

Ənənəvi iş saatları dəyişir: Çevik mikroşiftinq trendi yayılır

03.06.2026

İnvestorlar arasında "SpaceX" çılğınlığı - 14 milyard dollar...

03.06.2026

"Apple" bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19%-ni itirib

03.06.2026

Azərbaycana qarşı kiberhücumların ən çox yönəldiyi sahələr açıqlanıb

03.06.2026

"Nvidia"nın baş direktoru yeni trilyon dollarlıq nəhəng şirkətin səhmlərini açıqladı

03.06.2026

"Berkshire Hathaway"ın 330 milyardlıq portfelinin 28 faizindən çoxu 2 süni intellekt nəhənginə yatırılıb

03.06.2026

AMB: Əksər hallarda qadınların hesablarından pul oğurlanır

03.06.2026

Mərkəzi Bankın işçi xərcləri 56 milyon manatı ötüb

03.06.2026

ABŞ-də məhkum Pentaqona necə işə qəbul edildi?

03.06.2026

Məzənnə

Yüklənir...