Redaktor
"Fed" qərarı öncəsi "Bitcoin"də 2,5 milyard dollarlıq əməliyyat
"Bitcoin" opsion (investora gələcəkdə müəyyən qiymətlə aktivi almaq və ya satmaq hüququ verən, amma bunu etməyə məcbur etməyən maliyyə müqaviləsi) bazarında iri investorların aktivliyi artıb.
Valyuta.az xəbər verir ki, "Fed"in iyul ayı üzrə faiz qərarı ərəfəsində "Bitcoin"in qiymətinin ayın sonunadək 72 min dollara yüksələcəyinə hesablanan təxminən 2,5 milyard dollarlıq opsion əməliyyatı həyata keçirilib.
"Deribit"in məlumatına görə, 31 iyul tarixli müddətə və 70 min dollar istifadə qiymətinə malik 20 min ədəd "Bitcoin" alım opsionu (call option) alınıb. Bununla yanaşı, eyni müddətə və 72 min dollar istifadə qiymətinə malik daha 20 min ədəd alım opsionu satılıb.
Hər bir müqavilənin 1 "Bitcoin"i əhatə etdiyini nəzərə aldıqda, əməliyyatların ümumi nominal həcmi təxminən 2,5 milyard dollara çatır.
Mütəxəssislərin sözlərinə görə, bu əməliyyat "bull call spread" adlanan yüksəliş yönümlü opsion strategiyasıdır. Bu strategiya aktivin qiymətində məhdud, lakin müsbət artım gözləyən investorlar tərəfindən tətbiq olunur.
Bu yanaşmada investor 70 min dollardan yuxarı qiymət artımından qazanc əldə etmək üçün alım opsionu alır, xərcləri azaltmaq məqsədilə isə 72 min dollar səviyyəsində başqa bir alım opsionu satır. Beləliklə, "Bitcoin"in qiyməti dəyişmədikdə və ya aşağı düşdükdə mümkün zərər məhdudlaşdırılır. Əvəzində isə qiymət 72 min dolları keçərsə, həmin həddən yuxarı əlavə qazanc əldə etmək imkanından imtina edilir.
Analitiklərin fikrincə, bu qədər böyük həcmdə və təkrarlanan opsion əməliyyatları tələb olunan kapitalın həcmi və istifadə qiymətlərinin dəqiq seçilməsi səbəbindən daha çox institusional investorların bazarda mövqe tutduğunu göstərir.
Gözlər "Fed"in faiz qərarındadır
Diqqət çəkən məqamlardan biri də əməliyyatların vaxtıdır. Opsion müqavilələrinin müddəti ABŞ Federal Ehtiyat Sisteminin (Fed) 29 iyul tarixində açıqlayacağı faiz qərarından iki gün sonra - 31 iyulda başa çatır.
Bu səbəbdən bazar iştirakçıları hesab edirlər ki, bəzi iri investorlar "Fed"in qərarının "Bitcoin"in qiymətini 72 min dollara yaxınlaşdıra biləcək əsas katalizator olacağını gözləyirlər.
Sərvanə Rəmixanova