Redaktor
"Ethereum"a yatırım bu şirkəti 6,5 milyard dollar ziyana saldı
Kriptovalyuta bazarında son dövrlər müşahidə olunan enişlər "Bitcoin" və "Ethereum" əsaslı aktivlərə mənfi təsir göstərməkdə davam edir. Bu proses fonunda kriptovalyuta ehtiyatı (treasury) strategiyası tətbiq edən şirkətlər də ciddi itkilərlə üzləşib.
Valyuta.az xəbər verir ki, "Bitmine" şirkətinin reallaşmamış zərəri 6,5 milyard dollara yaxınlaşıb. Bu isə şirkət ətrafında tənqidlərin artmasına səbəb olub.
Qeyd edək ki, yay aylarında "Bitcoin" mədənçiliyi fəaliyyətindən imtina edərək "Ether" ehtiyatı formalaşdıran şirkətə çevrilən "Bitmine" bu müddət ərzində bazardan milyardlarla dollar dəyərində ETH alışı həyata keçirib. Lakin kriptovalyuta bazarında yaşanan enişlərdən sonra bu strategiya şirkət üçün böyük kağız üzərində zərər yaradıb.
"Ether" alımlarından qısa müddət əvvəl "Bitmine" şirkətinin idarə heyətinin sədri təyin olunan Tom Lee tənqidlərə cavab verib. O, sosial şəbəkədə yayılan tənqidlərdən birinə münasibət bildirərək "Ether" treasury modelinin səhv anlaşıldığını və bu strategiyaya uzunmüddətli baxışla yanaşılmalı olduğunu vurğulayıb.
“Kripto bazarları düşəndə "Ether"in də ucuzlaşması təbiidir. Belə dövrlərdə reallaşmamış zərərlər yarana bilər - bu, işin reallığıdır. Bu, səhv qərar deyil. Birja indeksləri də düşür, lakin onları izləyən ETF-lər itkilərə görə günahlandırılmır. "Ethereum" maliyyənin gələcəyidir".
Sərvanə Rəmixanova