Daşınmaz əmlaka yatırımlar milyonçu olmağın açarıdır?

Redaktor

22.06.2026 16:45
147

Daşınmaz əmlaka yatırımlar milyonçu olmağın açarıdır?

Daşınmaz əmlaka investisiya qoyuluşu aşağı giriş baryeri, inflyasiyadan qorunma imkanı və uzunmüddətli dəyər artımı potensialı səbəbindən geniş yayılmış maliyyə addımlarından biri hesab olunur.

Bu sahə xüsusilə milyonçu statusuna aparan mümkün yollardan biri kimi populyarlıq qazanıb.

Məşhur varlı sahibkar Endryu Karnegi bir əsrdən çox əvvəl belə demişdi:

“Bütün milyonçuların 90 faizi daşınmaz əmlaka sahib olmaqla bu sərvəti qazanıb. Daşınmaz əmlakdan əldə olunan gəlir bütün sənaye investisiyalarının ümumi gəlirindən daha çox olub. Bu günün ağıllı gənci və ya maaşla çalışan şəxsi pulunu daşınmaz əmlaka yatırır.”

Karneginin yaşadığı dövrdə investisiya imkanları indiki ilə müqayisədə xeyli az idi. Buna görə də onun qeyd etdiyi göstərici artıq aktual sayılmır və ümumiyyətlə, həmin rəqəmin nə dərəcədə dəqiq olduğu da mübahisə mövzusudur. Bununla belə, onun vurğuladığı əsas fikir zamanın sınağından çıxıb: daşınmaz əmlaka investisiya böyük sərvət formalaşdırmağa kömək edə bilər.

Bəs daşınmaz əmlaka investisiyaya necə başlamaq və ideal halda milyonlarla dollar dəyərində sərvət toplamaq mümkündür?

Valyuta.az xəbər verir ki, "GOBankingRates" nəşri "Leave The Key Homebuyers" şirkətinin sahibi Larri Vaqnerlə söhbət edərək yeni investorlar üçün beş addım hazırlayıb:

Maliyyə vəziyyətinizi qiymətləndirin

İlk növbədə maliyyə vəziyyətinizi dəqiq təhlil etmək lazımdır. Buraya mövcud borclarınız, gəlir mənbəyinizin sabitliyi, kredit reytinqiniz və ehtiyat fondunuzda olan vəsait daxildir.

İnvestisiyaya başlamazdan əvvəl maliyyə durumunuz barədə tam təsəvvürə malik olmalısınız.

“Daşınmaz əmlaka investisiyaya başlamazdan əvvəl maliyyə sağlamlığınızı qiymətləndirmək vacibdir”, – deyə Larri Vaqner bildirib.

Onun sözlərinə görə, güclü kredit göstəricisinə, sabit gəlir mənbəyinə və ilkin ödənişləri, mümkün təmir xərclərini və kirayə haqqını ödəməyən sakinlərlə bağlı riskləri qarşılamaq üçün kifayət qədər yığıma malik olmaq lazımdır.

Hədəf bazarınızı dərindən öyrənin

Uğurlu səhm investorlarının hamısı sərmayə qoyduqları şirkətləri ətraflı araşdırırlar. Daşınmaz əmlak investoru olmaq istəyən şəxs də almağı düşündüyü əmlak və bazar haqqında geniş məlumata sahib olmalıdır.

“İstər fərdi yaşayış evi, istər çoxmənzilli bina, istərsə də kommersiya obyekti ilə maraqlanın, yerli bazarın xüsusiyyətlərini anlamaq vacibdir”, – deyə Vaqner bildirib.

Onun sözlərinə görə, məhəllələri, kirayə qiymətlərini, qiymət artımı tendensiyalarını və iqtisadi amilləri araşdırmaq lazımdır.

“Ancaq bunu yalnız masa arxasında etməyin. Sahədə fəaliyyət göstərən insanlarla tanış olun və əlaqələr qurun”, – deyə o vurğulayıb.

Mükəmməl əmlakı gözləməyin, mümkün qədər tez başlayın

Vaqner hesab edir ki, yeni investorların ən böyük səhvlərindən biri “mükəmməl” əmlakı gözləməkdir.

“Daşınmaz əmlak bazarında ideal sövdələşmə anlayışı yoxdur. Gözləmək yaxşı imkanları əldən verməyə səbəb ola bilər”, – deyə o bildirib.

Onun fikrincə, kiçikdən başlamaq, prosesi öyrənmək və tədricən böyümək daha məqsədəuyğundur.

“Fəaliyyətə keçməklə dəyərli təcrübə qazanırsınız və həddindən artıq təhlilin yaratdığı tərəddüddən yayınmış olursunuz. Daşınmaz əmlakda da, fond bazarında olduğu kimi, bazarda keçirdiyiniz vaxt sizin ən böyük üstünlüyünüzdür. Nə qədər tez başlasanız, bir o qədər çox inkişaf edəcəksiniz”, – deyə Vaqner qeyd edib.

Kiçik başlayın və pul axınına diqqət yetirin

Daşınmaz əmlak investisiyalarında imkanlarınızı aşmaq və həddindən artıq risk götürmək asandır. Buna görə də kiçik həcmli layihələrdən başlamaq və müsbət pul axınına diqqət yetirmək tövsiyə olunur.

“İlk dəfə investisiya edənlər üçün fərdi yaşayış evi və ya dupleks kimi daha kiçik və idarəolunan əmlaklar daha uyğun seçimdir”, – deyə Vaqner bildirib.

Onun sözlərinə görə, əsas məqsəd kirayə gəlirlərinin ipoteka ödənişləri, vergilər və texniki xidmət xərclərini üstələdiyi əmlakları seçmək olmalıdır.

Vaqner daşınmaz əmlakın qiymətinin gələcəkdə mütləq artacağına arxalanmağın riskli olduğunu da vurğulayıb.

“Uğur qazanmaq üçün yalnız qiymət artımına güvənməyin. Güclü pul axını sizə maliyyə çevikliyi verir, zamanla kapital toplamağa imkan yaradır və ikinci əmlakınızı almağı asanlaşdırır”, – deyə o bildirib.

Komandanızı formalaşdırın

Daşınmaz əmlaka investisiya böyük məsuliyyət tələb edən fəaliyyət sahəsidir və maksimum uğur əldə etmək üçün təkbaşına hərəkət etmək tövsiyə edilmir.

“Daşınmaz əmlak investisiyası fərdi fəaliyyət deyil”, – deyə Vaqner bildirib.

Onun sözlərinə görə, investorun komandasında daşınmaz əmlak agenti, əmlak meneceri, hüquqşünas və podratçı olmalıdır.

“Peşəkar daşınmaz əmlak agenti sizə uyğun sövdələşmələri tapmağa kömək edəcək, yaxşı əmlak meneceri isə kirayəçilərlə və təmir işləri ilə bağlı məsələləri idarə edəcək. Prosesi rahat keçmək üçün özünüzü təcrübəli mütəxəssislərlə əhatə etməyiniz vacibdir”, – deyə o əlavə edib.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Uğurlu biznes sahibi olmağın 5 yolu

22.06.2026

Təhsil kreditlərinin limitinə yenidən baxıla bilər

22.06.2026

Dövlət əmlakını icarəyə götürmək istəyənlərin NƏZƏRİNƏ

22.06.2026

Xəstə xidmətlərini avtomatlaşdıran startap 30 milyon dollar investisiya cəlb edib

22.06.2026

Hansı bürclər biznesdə daha uğurludur?

22.06.2026

SOCAR və EPS yaxın həftələrdə Nişdəki elektrik stansiyası üzrə səhmdar sazişi imzalayacaq

22.06.2026

Daşınmaz əmlaka yatırımlar milyonçu olmağın açarıdır?

22.06.2026

Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir ®

22.06.2026

"Tencent"dən yeni AI addımı: "WeChat"də "Xiaowei" köməkçisi sınaqdan keçirilir

22.06.2026
Obyekt sahibi bank kreditinə görə yaranan cəriməni icarəçidən tələb edə bilərmi?

Obyekt sahibi bank kreditinə görə yaranan cəriməni icarəçidən tələb edə bilərmi?

22.06.2026

4 ayda avtomobil sığortası üzrə edilən ödənişlər və yığımlar - CƏDVƏL

22.06.2026

45 dəfə rədd edilən startap bu gün uğur hekayəsidir

22.06.2026

"Rolex" və "Patek Philippe" saatları kolleksiyaçılar üçün sərfəli investisiyaya çevrilib

22.06.2026

Azərbaycanda kredit faizləri son 5 ildə artıb - Regionlar üzrə tam siyahı

22.06.2026
Əmanətçilər son 6 ildə ABB-yə nə qədər depozit yerləşdirib?

Əmanətçilər son 6 ildə ABB-yə nə qədər depozit yerləşdirib? - CƏDVƏL

22.06.2026

“Azərenerji” eyni şirkətlə bu dəfə 60 milyonluq müqavilə bağladı

22.06.2026

Sabah hava necə olacaq?

22.06.2026

Ekran çipləri onları milyarder etdi: Qardaşların 1 milyard ABŞ dollarlıq uğuru

22.06.2026

İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

22.06.2026

Beşir Kemal Ustaoğlu: "Sərmayəsiz də sahibkar olmaq olar"

22.06.2026

Məzənnə

Yüklənir...