İsmayıl Məmmədov
Maliyyə eksperti
Biznesdə uğur təkcə gəlirlərin artması ilə deyil, həm də çətin maliyyə dövrlərinin necə idarə olunması ilə ölçülür. Büdcə kəsiri isə istənilən müəssisənin fəaliyyətində yarana biləcək ən ciddi risklərdən biridir və belə vəziyyətlərdə qəbul edilən qərarlar şirkətin gələcəyini müəyyən edə bilər.
Bəs büdcə kəsiri ilə üzləşən şirkətlər nə etməlidirlər?
İlk olaraq: Problemi düzgün anlamaq lazımdır.
Büdcədə kəsir yaranması iki cür olur. Bunları qarışdırmaq ən böyük səhvdir.
Birinci hal: “Qazanırıq, amma pul yoxdur”. Məsələn, tikinti şirkətisiniz. Obyekti təhvil vermisiniz, sənəddə 200 min manat mənfəət görsənir. Amma sifarişçi pulu hələ ödəməyib. İşçilərə maaş vermək, təchizatçıya borc ödəmək lazımdır, kassada isə boşluqdur. Bu, pul qıtlığı problemidir. Şirkət əslində gəlirlidir, sadəcə pullar vaxtında daxil olmur.
İkinci hal: “Nə qazanc var, nə də pul”. Məsələn, restoranınız var. Müştəri azalıb, amma kirayə, işçi maaşları, mətbəx xərcləri yerindədir. Hər ay cibinizdən əlavə pul qoyursunuz. Bu, gəlir modeli problemidir. Biznesiniz pul itirir.
Bu ikisinin çarəsi tamamilə fərqlidir. Birinciyə “pul axınını sürətləndir”, ikinciyə “biznes modelini dəyiş” demək lazımdır.
Büdcə kəsiri aşkarlanan kimi ilk görəcəyiniz işlər:
1. “Böhran masası” qurun - Özünüz, maliyyəçiniz, satış rəhbəriniz və istehsalat müdiri – dörd nəfər bir masaya oturun. Telefonları kənara qoyun. Mövzu təkdir: Nağd pul. Başqa heç nə.
2. “13 həftəlik pul cədvəli” çıxarın - Bir "Excel" faylı açın. Hər həftə üçün sadə hesab:
· Həftənin əvvəlində nə qədər pul var idi?
· Həftə ərzində nə qədər pul daxil olacaq?
· Hansı məcburi ödənişlər var?
· Həftənin sonunda nə qədər pul qalacaq?
Bunu 13 həftəlik edin. Məqsəd: pulun hansı həftə tükənəcəyini əvvəlcədən görmək. Əgər 5-ci həftədə sıfırlanma görünürsə, 4 həftəniz var – bu, böyük şansdır.
3. Ödənişləri sıralayın - Bütün ödənişləri 4 yerə bölün:
· Mütləq ödəməlisiniz: Vergilər, işçi maaşları, kredit faizləri.
· Biznes dayanmasın deyə ödəməlisiniz: Əsas xammal, işıq, su, icarə.
· Ödəsəniz yaxşıdır, amma təxirə salmaq olar: Marketinq, təmir, yeni avadanlıq.
· Tamamilə dayandırın: Bütün qeyri-kritik xərclər.
Sizə borcu olanların siyahısını çıxarın.
Ən böyük borcdan başlayın. Zəng edin, mesaj yazın, hətta “bu həftə ödəsəniz 5% endirim edərik” deyin. Təsəvvür edin: 200 min manatlıq debitor borcunuz var. Onun heç olmasa 40%-ni – 80 mini – 10 günə yığsanız, nəfəs alarsınız. 5% endirimlə bu, 76 min edər. 4 mini itirirsiniz, amma 76 min nağd əldə edirsiniz. Buna dəyərmi? Kassada pul olmadığı üçün kredit götürsəniz, faiz daha çox olacaq.
Təchizatçılarla danışın.
Açıq danışın: “Çətin vəziyyətdəyik. Ödənişi 45 gün gecikdirsək, razı olarsınızmı?” Çoxu razılaşır, çünki sizi itirmək onlara daha baha başa gələr.
Vergi orqanları ilə əlaqə saxlayın.
Azərbaycan qanunvericiliyi müəyyən hallarda vergi borcunun hissə-hissə ödənilməsinə imkan verir. Bu fürsəti dəyərləndirin. Vergi və hüquq məsləhətçinizlə məsləhətləşin.
Gəlir üçün: Qiymət oyununa diqqət.
Qiymət endirimi etmək asandır, amma təhlükəlidir. Qiyməti 5% endirmək istəyirsinizsə, eyni qazancı əldə etmək üçün satışınızı təxminən 17% artırmalısınız. Bu, həmişə mümkün olmur.
Əvəzində:
· Köhnə, anbarda qalan mallara endirim edin.
· “2 al, 1 hədiyyə” kimi təkliflərlə stoku boşaldın.
· Onlayn satışa keçin. İnstaqramda canlı yayımla məhsul satan Bakıdakı bir mebel mağazası 2 aya gəlirini 38% artırmışdı.
Xərc üçün: Kor-koranə kəsməyin.
Ən böyük səhv: marketinq büdcəsini sıfırlamaq.
Əgər reklam hələ də müştəri gətirirsə, onu kəsmək yanlışdır. Qayda budur: “Xərci yox, ziyan gətirən fəaliyyəti dayandır.”
Hər xərc maddəsini sorğulayın: “Bu olmasa, nə itirərəm?”
· İstehsalatda itkiləri azaldın. “Arıq istehsalat” metodu ilə bəzi fabriklər material itkisini 4%-dən 2%-ə endirib.
· İşçi çıxarmaq ən son çarədir. Ondan əvvəl qısamüddətli iş saatı azaldılması, könüllü məzuniyyət kimi variantları müzakirə edin.
Əgər 6 aydır vəziyyət dəyişmirsə, problem daha dərindədir. Biznes modelinizi sorğulayın.
Məhsullarınızı dörd qrupa bölün:
· Yaxşı gəlir gətirən, perspektivli məhsullar. Bunlara sərmayə qoyun.
· Stabil gəlir gətirən, dayanıqlı məhsullar. Bunları qoruyun.
· Potensialı var, amma hələ gəlir gətirmir. Diqqətlə izləyin.
· Nə bazarı var, nə gəliri. Bunlardan çıxmağı düşünün. Amma tələsməyin – bəzən sonuncu məhsul əsas müştərini saxlayır.
Azərbaycan şirkətləri üçün xüsusi tövsiyələr:
Valyuta riski - Gəliriniz manat, xammalınız dollardırsa, məzənnə dəyişəndə büdcəniz alt-üst ola bilər. Bunu əvvəlcədən hesablayın. Mümkünsə, gəlirin bir hissəsini də valyutada qazanmağa çalışın.
Debitor bəlası - Azərbaycanda ən böyük problem: işi görürsən, amma pul gec gəlir. müştəri sizə orta hesabla neçə günə pul ödəyir? Bu rəqəmi 30 gündən yuxarıdırsa, təcili tədbir görün. Hər müqaviləyə gecikmə faizi əlavə edin.
Bank krediti sakit vaxtda alınar - Böhran anında bankdan kredit istəmək ən çətin işdir. Ona görə də işlər yaxşı olanda “ehtiyat xətti” açdırın. İstifadə etməsəniz belə, o xəttin varlığı sizi qoruyar. Düzgün yanaşsanız, büdcə kəsiri şirkətiniz üçün ən yaxşı müəllim ola bilər. Sizi nizam-intizama, hesablı olmağa, lazımsız xərcləri görməyə məcbur edir. Elə şirkətlər var ki, böhrandan sonra əvvəlkindən daha güclü çıxıb.

Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSüni intellektdən məsləhət aldı və 100 milyon gəliri olan şirkət qurdu
28.07.2026Analitiklər bu ilin ən perspektivli 10 səhmini açıqlayıb
28.07.2026UNEC-dən tələbələrə startap imkanı: qaliblərə maliyyə dəstəyi veriləcək
28.07.2026
"Meqa Həyat Sığorta"nın aktivləri azalıb, xərcləri artıb
28.07.2026Büdcə kəsiri ilə üzləşən şirkətlər nə etməlidir?
28.07.2026AZCON Holding və “Amazon Web Services” əməkdaşlığı genişləndirir
28.07.2026Özəl şirkətlər ƏDV hesablarındakı vəsaiti DSMF-yə yönəldə biləcək
28.07.2026“Ziraat Bank Azərbaycan”ın kredit portfeli bir ildə 33% böyüyüb
28.07.2026"Multiverse Computing" şirkəti 500 milyon avro investisiya cəlb etməyi hədəfləyir
28.07.2026"Mercedes"in gəliri azalsa da, mənfəəti gözləntiləri üstələdi
28.07.2026
Yüksək satış varsa, o biznes uğurludur?
28.07.2026Çip sektorundakı qlobal satış dalğası "Bitcoin"i də ucuzlaşdırdı
28.07.2026"Nvidia" süni intellekt təhlükəsizliyi üçün nəhəng şirkətlərlə ittifaq yaratdı
28.07.2026Fərqli sənayelərin ilk milyarderləri
28.07.2026Amazon süni intellect xərcləri səbəbindən minlərlə işçini yenidən işə götürdü
28.07.2026Nvidia və SK Group 500 milyard dollarlıq süni intellekt infrastruktur layihəsinə başlayır
28.07.2026