Azərbaycanda iş adamlarının problemini həll edən startap qurdu - “Artıq 9 ölkədən istifadəçimiz var”

Redaktor

10.12.2025 09:45
437

Azərbaycanda iş adamlarının problemini həll edən startap qurdu - “Artıq 9 ölkədən istifadəçimiz var” - Müsahibə

İş dünyasında və şəxsi həyatda çoxlarının rastlaşdığı bir problem diqqətini çəkir. Bu problemi həll etmək üçün 2 ilə yaxındır ki, üzərində aktiv  işlədiyi bir startap qurur. Qurduğu platformanın hal-hazırda 9 ölkədən istifadəçiləri var. Söhbət peşəkar şəbəkələşmə platforması olan “Bucard” startapından gedir.

Valyuta.az “Bucard” startapının təsisçisi Ramin Əkbərovla həmsöhbət olub və startapın gələcək planları barədə fikirlərini alıb.

- Ramin bəy, ilk olaraq startapınızı tanıyaq. “Bucard” nədir?

-“Bucard” peşəkar fəaliyyətlə məşğul olanlar üçün rəqəmsal şəbəkələşmə platformasıdır. Platformanın məqsədi insanlar arasında şəxsi və əlaqə məlumatlarının paylaşılmasını asanlaşdırmaq, davamlı yeniləmək və bu əlaqələrin idarəetməsini təmin etməkdir.

Əvvəllər əlaqə üçün bir-birimizə nömrə, yaxud kağız vizitkart verirdik, son dönəmlərdə NFC kart əsaslı texnologiyalar bazarda nəzərə çarpır. Çox vaxt telefon nömrəsinin dəyişdirilməsi, iş yerinin yenilənməsi və ya vizitkartın itməsi səbəbindən əlaqə kəsilir. Ehtiyac yarandığı anda həmin vizitkart əlimizin altında olmaya bilər və bu da əlçatanlığı ciddi şəkildə azaldır.

Digər tərəfdən, mövcud rəqəmsal həllər insanların real ehtiyaclarını tam qarşılamır. Biz isə platformanı məhz bütün bu problemləri aradan qaldıracaq şəkildə hazırlamağa çalışdıq. Missiyamız istənilən şəxsin kimliyindən və statusundan asılı olmayaraq, öz məlumatlarını rahat, sürətli və davamlı şəkildə bölüşə bilməsi üçün vahid rəqəmsal şəbəkə yaratmaqdır.

Biz istifadəçilərə şəxsi məlumatları minimum müddətdə, amma effektiv şəkildə paylaşmaq imkanı veririk. Hər kəsin rahatlıqla qoşula bilməsi üçün sistemdə unikal kodlaşdırma üsulundan istifadə edirik. Normalda biz kiməsə mobil nömrəmizi deyirik, yazdırırıq, paylaşırıq. “Bucard” isə bunu daha təhlükəsiz, daha müasir və tam rəqəmsal formada həyata keçirir.

- Bu ideya necə yarandı?

- “Bucard” mənim üçüncü startapımdır. Bundan əvvəlki startaplarda da iştirak edirdik və orada bir problemi davamlı görürdük: tədbirlərdə kağız vizitkartların paylanması, vizitkartların ya tükənməsi, ya çatdırıla bilməməsi, ya da alınan vizitkartların sonradan itməsi kimi çətinliklər məni düşündürdü və problemin həlli üçün yeni yanaşma lazım olduğunu anladıq. “Bucard”ın yaradılması ideyası da məhz bu boşluqdan doğdu.

- Bu ideyanı reallaşdırmağa tək başladınız, yoxsa ortaqlarınız var idi?

- İdeya ilkin olaraq mənim tərəfimdən irəli sürüldü, lakin təkbaşına belə bir layihəni inkişaf etdirmək mümkün deyildi. Bu səbəbdən komanda formalaşdırılması istiqamətində işə başladıq. Açığı, komanda qurmaq prosesimiz startapın ən çətin mərhələlərindən biri oldu.

- Daha hansı çətinliklərlə üzləşdiniz?

- Peşəkar komanda tapmaq və onları startap mühitinə uyğunlaşdırmaq müəyyən ekstra çətinliklər yaratdı. Bundan başqa, layihənin müxtəlif mərhələlərində həm komandanın motivasiyası, həm də müxtəlif istiqamətlərdə addımların atılması üçün maliyyə tələbləri ortaya çıxırdı. Bu da prosesdə əlavə çətinliklər yaradırdı. Bu problemlərin öhdəsindən həm daxili maliyyələşmə, həm də qrant dəstəyi sayəsində gəlməyə çalışdıq.

- Peşəkar komandanı formalaşdırmaq startaplar üçün həqiqətən də asan deyil.

- Ölkədə peşəkar mütəxəssislər təəssüf ki, startaplarda işləməyə həmişə maraqlı olmurlar. Adətən, qısa müddətdə gəlir gətirən layihələrə üstünlük verirlər. Startap isə gəlir gətirə də bilər, gətirməyə də. Bizə qoşulan bir neçə təcrübəli və məqsədyönlü komanda üzvü olsa da, onların bir qismi ən müasir texnologiyalardan istifadə sahəsində kifayət qədər təcrübəli deyildilər. Dəstək üçün biz təcrübəçiləri daxil etdik. Bacarıqlı şəxsləri özümüzdə saxladıq, onları müəyyən motivasiyaedici üsulardan istifadə edərək komandada saxladıq. Əsas komanda isə nəzarətedici və təkmilləşdirici bir rolda çıxış edərək məhsulu işlədik. Ümumilikdə, komandanı formalaşdırmaq 2 ilə yaxın vaxt aldı.

- Layihəni həyata keçirmək üçün nə qədər ilkin maliyyə lazım oldu?

- İlk mərhələdə ciddi bir vəsait ayıra bilmədim və yalnız server, domen kimi kiçik xərcləri qarşılayırdım. Təəssüf ki, ölkədə startaplar üçün maliyyəyə istər qrant, istər investisiya formasında əlçatanlıq çox zəifdir və proses olduqca çətindir. Başlanğıcda bu kimi dəstək mexanizmlərinin demək olar ki, olmaması səbəbindən maliyyə çatışmazlığı startapı müəyyən qədər ləngitdi.

- Bəs sonradan vəsaiti necə təmin etdiniz?

- İlk olaraq özümün ayırdığım vəsaitlə xərcləri qarşıladım, komandanın qoşulması ilə bu xərclər bir qədər artdı. Məhsul müəyyən mərhələyə çatdıqdan sonra KOBİA-nın 4-cü qrant müsabiqəsinə müraciət etdik və təxminən 16 min manat qrant əldə etdik. Bu vəsait məhsulun tanıdılması, premium məhsulların hazırlanması və çap xərclərinin ödənilməsində böyük dəstək oldu. Daha sonrakı mərhələlərdə isə layihəni əsasən özüm maliyyələşdirdim.

- Bazarda rəqibləriniz də var. Sizi onlardan fərqləndirən nədir?

- Bizi rəqiblərdən fərqləndirən əsas cəhət platformanın hamı üçün çox rahat istifadə oluna bilməsidir. İstifadəçi öz məlumatını platformada olmayan birinə göndərdikdə, qarşı tərəfin onu əldə edib hesab yaratması cəmi 15-20 saniyə çəkir. Yerindəcə hesab açıb məlumat paylaşmaq mümkündür.

Digər üstünlüyümüz odur ki, istifadəçi profilini yenilədikcə, əvvəllər məlumat paylaşdığı şəxslər də son versiyanı avtomatik görürlər. Heç bir bloklanma və məlumat itkisi olmur.

Bizdə heç bir istifadəçi bloklanmır. Abunə dayananda sadəcə paylaşım limiti azalır, hesab isə tam işlək qalır. Profil yenilənəndə qarşı tərəf dərhal tam məlumatı görür.

Bizdə istifadəçi görüş yeri, tədbir adı və profil şəkli əsasında həmin şəxsi rahat tapa bilir.

Platformadakı axtarış sistemi həm mütəxəssislərin və “freelancer”lərin tapılmasını asanlaşdırır, həm də iş axtaranlara görünürlük verir. HR mütəxəssisləri vakansiya elan etmədən belə uyğun namizəd tapa bilirlər.
Bu xüsusiyyətlər “Bucard”ı digər platformalardan açıq şəkildə fərqləndirən əsas üstünlüklərdir.

- Startap neçə ildir fəaliyyət göstərir?

- İdeya olaraq startapın üzərində 4 ildən artıqdır işləyirik. Lakin ilk 2 ilə yaxın müddətdə daha çox məhsulun təsdiqlənməsi və komandanın formalaşdırılması istiqamətində ciddi işlər aparıldı. Hazırda məhsulu bazara çıxarmaq üçün intensiv şəkildə çalışırıq.

- Bu müddətdə hansı mərhələlərdən keçmisiniz?

-İlk olaraq startapın prototipini hazırladıq və bu mərhələdə qlobalda mövcud oxşar platformaları analiz edərək onların çatışmazlıqlarını müəyyənləşdirdik. Bu analizlər bizim məhsulun təkmilləşdirilməsi üçün əsas baza oldu.

KOBİA-nın qrantı sayəsində iki tədbirdə sponsor olduq və “Yerli Şirkətlərin Tanıtım Sərgisi”-də iştirak edərək potensial istifadəçilərlə birbaşa ünsiyyətdə məhsulun güclü və zəif tərəflərini daha dəqiq gördük.

Daha sonra COP29-da Aqrar İnnovasiyalar Mərkəzinin stendində təqdimat etmə imkanı bizə yaradıldı və məhsulu həm yerli, həm də xarici qonaqlara təqdim etdik. Qlobal səviyyədə geniş rəy topladıq. COP29 zamanı 9 ölkədən istifadəçi yerindəcə qeydiyyatdan keçdi.

Məhsul MVP mərhələsində idi. Təbii ki, texniki çətinliklərlə üzləşdik. Müxtəlif mədəniyyətləri təmsil edən qonaqların yerində test etməsi və təcrübələrini bölüşməsi tam məhsulun hazırlanmasına yekun toxunuş oldu.

- Fəaliyyət istiqamətiniz barədə danışardınız. Əsas istifadəçi auditoriyanız kimlərdir?

- Telefon istifadə edib qarşı tərəfə nömrəsini ötürən hər bir şəxs bizim potensial istifadəçimizdir. Əsas istifadəçi kütləmiz isə müstəqil çalışanlar, müxtəlif sahələrdə kütlə ilə birbaşa ünsiyyətdə olan şəxslər, gündəlik vizitkartdan istifadə edənlər və iş axtaranlardır. Platformada yaradılan professional profillər onların görünürlüğünü artırır. HR mütəxəssisləri də vakansiya elan etmədən meyarlar üzrə axtarış apararaq uyğun namizədlərlə birbaşa əlaqə yarada bilirlər.

Ümumiyyətlə, müstəqil fəaliyyət göstərən hər kəs platformada öz profilini yaradıb axtarış sistemində görünə bilər. Bu da xidmətə ehtiyacı olanların onları rahat tapmasına şərait yaradır.

Növbəti mərhələdə şirkətlər üçün ayrıca hesabların yaradılmasını planlaşdırırıq. Bu imkan sayəsində şirkətlər platformada professional profil formalaşdıraraq həm insan resursları, həm də marketinq və imic baxımından bu funksionallıqlardan istifadə edə biləcəklər.

- Hazırda nə qədər şəxs sizin platformanın istifadəçisidir?

- MVP mərhələsində təxminən 500 istifadəçi formalaşıb və bu istifadəçilər 9 ölkəni əhatə edir. Onların təxminən 90%-i yerli vətəndaşlar, qalan hissəsi isə digər 8 ölkədəndir. Məhsulu tədbirlərdə təqdim etdikcə müxtəlif şirkətlər tərəfindən maraq göstərilib və maraqlı tərəflərlə görüşlərimiz olub. Məhsulun tamamlanmış versiyası ilə bağlı artıq ilkin şifahi razılaşmalar da mövcuddur.

- Hazırda startapdan gəlir əldə edirsiniz?

- Gəlir modelimiz “freemium” modelidir. Yəni həm pulsuz, həm də ödənişli istifadəçilər platformadan istifadə edə bilirlər. Bu mərhələ üzrə MVP-ni artıq tamamlamışıq. “Full Product” versiyasını isə yaxın günlərdə bazara çıxarmağı planlaşdırırıq. Gəlirin formalaşması da məhz həmin dövr üçün nəzərdə tutulub.

- Startap qurmaq asan iş deyil, elə bir məqam oldumu ki, “vaz keçim” deyə düşündünüz?

- Bundan əvvəl iki startapım olub və onlardan geri dönməli olduğumuz məqamlar olmuşdu. Amma “Bucard”da belə bir hal yaşamadım. Heç vaxt elə bir məqam olmayıb ki, ideyadan geri çəkilim. Komandada bu ifadəni işlədənlər çox olub, amma bu məni motivasiyadan salmayıb, əksinə daha da motivasiya edib. Mən inanıram ki, düzgün addım atmışam. Əgər bir işə başlayırsansa, onun uğursuz olduğuna dair real sübut görmədiyin müddətcə geri addım atmağı doğru hesab etmirəm. Burada məhsul tam formalaşıb və bazarda real tələbat mövcuddur. Bu istiqamətdə bir çox rəqiblərin yaranması da onu göstərir ki, biz doğru yoldayıq.

Rəqibləri analiz etdikdə görürük ki, bizim təklif etdiyimiz həll daha üstündür. İstifadəçilərə daha rahat imkanlar təqdim edirik və platformamız daha geniş auditoriyaya çıxış imkanı yaradır. Bu da məni davam etməyə daha da həvəsləndirir.

- “Bucard”ı qurarkən sizi ən çox motivasiya edən nə idi?

- İlk növbədə özgüvən motivasiya mənbəyim idi. Mən inanıram ki, bir işi sevərək və inanaraq görmək lazımdır. Əgər bir işi başlayıramsa, onu yarımçıq qoymağı qətiyyən sevmirəm və bu daimi motivasiyam olub. Bu layihədə həm də aydın bir bazar boşluğu gördüm. Ortada real ehtiyac və fürsət vardı. Bu fürsəti görmək və həmin boşluğu doldura biləcəyimə inanmaq mənim üçün ən böyük motivasiya oldu.

- Startapla bağlı gələcək planlarınız və hədəfləriniz nələrdir?

- Qarşıdakı dövrdə əsas hədəfimiz məhsulun geniş auditoriyaya sürətli şəkildə yayılmasıdır. Məqsədimiz həm yerli, həm də beynəlxalq səviyyədə daha çox tanınmaq və istifadəçi sayını sürətlə artırmaqdır.

- Elə bir səhv varmı ki, startap yolunuzda etdiyiniz ki, deyəsiniz: “Gənclər, mən etdim, siz etməyin?”

- Bəli, belə bir səhvim olub. Bu günə qədər 40-dan çox şəxs komandamızdan keçib, hazırda isə əsas 6 nəfərdən ibarət komandamız var. Sualın cavabı olaraq deyə bilərəm ki, startap peşəkar işidir. Startap qurduqda mütləq peşəkarlarla çalışın.

- Son olaraq, startapınız sizə nə öyrətdi?

- Məhsul sahibi və meneceri olaraq mənə çox zəngin təcrübə qazandırdı. Bu startap və ondan əvvəlkilər müxtəlif problemlərlə qarşılaşaraq onların həlli istiqamətində praktik bilik əldə etməyimə imkan verdi. Rəqəmsal texnologiyalar, idarəetmə, marketinq, strategiya və sair istiqamətlərdə bacarıqlarımı ciddi inkişaf etməyimə səbəb oldu.

Eyni zamanda çox geniş netvörkinq imkanları yaratdı və peşəkar olaraq öz inkişafım üçün yeni fürsətlər açdı. Düşünürəm ki, layihədə bizimlə çalışan təcrübəçilər və komanda üzvləri üçün də bu proses bir növ məktəb oldu.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycan Birləşmiş Krallığa son 5 ildə nə qədər xidmət ixrac edib?

11.12.2025

BP-də rəis olmaq istədi, dələduzluqla üzləşdi - 30 min manatlıq fırıldaq

11.12.2025

Mərkəzi Banka sənəd təqdim etməyən ASC 1500 manat ödəyəcək

11.12.2025

12 icra hakimiyyətin Aparat strukturunda bəzi şöbələr ləğv edilib

11.12.2025

"Disney"in ən bahalı satınalmaları: Siyahıda 71 milyard dollarlıq müqavilə var

11.12.2025

Bu ərazidə geniş Zəfər Parkı inşa olunacaq

11.12.2025

"Porsche" işçi qüvvəsinin 25 faizini işdən çıxarmağı planlaşdırır

11.12.2025

Azərbaycanda gələn ilin qeyri-iş günləri elan edilib

11.12.2025

Fransa bazarına ixrac dəyərində 2 dəfədən çox artım

11.12.2025

BEA maydan bəri ilk dəfə neft bolluğu proqnozunu azaltdı - Rekord göstərici

11.12.2025

Gələn il smartfon bazarı 30 faiz böyüyə bilər

11.12.2025

İcra başçısı korrupsiyaya görə həbs olunmuş məmurun yerinə təyinat etdi

11.12.2025

MrBeast "YouTube"dan milyonları necə qazanır?

11.12.2025

Bakıdakı icra hakimiyyətlərində şöbələr ləğv edildi - Bəziləri birləşdiridi

11.12.2025

Ən çox POS-terminal istifadəsi bu rayonlardadır

11.12.2025

Bu şəxslərin maaşı artırılacaq

11.12.2025

Onların da məzuniyyəti 46 gün olacaq

11.12.2025

Məşhur şirkət rəhbərləri pullarını nəyə xərcləyirlər?

11.12.2025

Prezident 5 illik konsepsiyanı təsdiqlədi - Sərəncam

11.12.2025

Şuşada 15 milyon manata 6 yeni yaşayış binası tikiləcək

11.12.2025

Məzənnə

Yüklənir...