Redaktor
İsveçrənin “J. Safra Sarasin” qrupu Danimarkanın “Saxo Bank”ını tam nəzarətinə götürür
Əməliyyat başa çatdıqdan sonra “Bank J. Safra Sarasin” “Saxo Holding”in və dolayısı ilə “Saxo Bank”ın 100 faiz səhmdarı olacaq
İsveçrənin özəl bankçılıq və sərvətlərin idarə edilməsi üzrə ixtisaslaşmış maliyyə qrupu “J. Safra Sarasin Group”, “Saxo Bank”ın həmtəsisçisi Kim Furnesə məxsus “Saxo Holding”dəki qalan dolayı payın alınması barədə razılığa gəlib.
Valyuta.az-ın verdiyi xəbərə görə, bununla da qrup Danimarkanın rəqəmsal investisiya bankı “Saxo Bank” üzərində tam mülkiyyət hüququ əldə edəcək.
Alınacaq pay təxminən 28,69 faiz təşkil edir. Razılaşma “Bank J. Safra Sarasin”in tərəflər arasında imzalanmış səhmdarlar müqaviləsində nəzərdə tutulan alış opsionundan istifadə etməsindən sonra əldə olunub.
Əməliyyat tamamlandıqdan sonra “Bank J. Safra Sarasin” “Saxo Holding”in və dolayısı ilə “Saxo Bank”ın 100 faiz səhmdarı olacaq. Bununla belə, “Saxo Bank” ayrıca hüquqi şəxs kimi fəaliyyətini davam etdirəcək.
Bankın həmtəsisçisi Kim Furnes isə “Saxo Bank”ın Direktorlar Şurasının sədri vəzifəsində qalacaq.
Kim Furnes bildirib ki, bu qərar “J. Safra Sarasin” ilə razılaşdırılmış uzunmüddətli baxışa tam uyğundur və “Saxo”nun inkişafında növbəti təbii mərhələni əks etdirir.
“Son 30 il ərzində “Saxo”nu qurmaq peşəkar həyatımın ən böyük imtiyazı olub. Şirkətin strateji inkişafını dəstəkləməyə davam etməyi səbirsizliklə gözləyirəm”, – o qeyd edib.
“J. Safra Sarasin Group”un sədri Yakob Safranın sözlərinə görə, Kim Furnes qlobal rəqəmsal investisiya bazarında aparıcı mövqeyə malik bir şirkət formalaşdırıb.
“Bu mühüm mərhələ bizim uzunmüddətli investisiya yanaşmamızı əks etdirir. Biz “Saxo”nun özünəməxsus üstünlüklərini qorumağa və şirkətin dayanıqlı inkişafının növbəti mərhələsini dəstəkləməyə sadiqik”, – Yakob Safra bildirib.
Əməliyyatın başa çatması müvafiq tənzimləyici orqanların təsdiqlərindən asılıdır. Tərəflər sövdələşmənin maliyyə şərtlərini açıqlamayıblar.
Qeyd edək ki, “J. Safra Sarasin Group” bu ilin martında tələb olunan tənzimləyici icazələri aldıqdan sonra “Saxo Bank”ın nəzarət paketinin alınmasını başa çatdırmışdı. Həmin sövdələşmə çərçivəsində Danimarkada qeydiyyatdan keçmiş və Çinin “Geely Holding” qrupuna bağlı “Geely Financials Denmark”, Finlandiyanın maliyyə xidməti şirkəti “Mandatum Group” və digər azlıq səhmdarlardan bankın səhmlərinin təxminən 71 faizi alınmışdı. Nəzarət paketinin əldə edilməsi planı ilk dəfə ötən ilin martında elan edilmişdi.
Şirkətlər haqqında:
“J. Safra Sarasin Group” – Baş ofisi İsveçrənin Bazel şəhərində yerləşən özəl bankçılıq və sərvətlərin idarə olunması sahəsində fəaliyyət göstərən beynəlxalq maliyyə qrupudur. Tarixi 1841-ci ilə gedib çıxan qrup dünyanın müxtəlif ölkələrində xidmət göstərir və əsasən yüksək gəlirli fərdi müştərilər üçün sərvətlərin idarə edilməsi, investisiya və aktivlərin qorunması xidmətləri təqdim edir.
“Saxo Bank” – Baş ofisi Danimarkanın Kopenhagen şəhərində yerləşən rəqəmsal investisiya bankıdır. 1992-ci ildə təsis edilən bank fərdi və institusional müştərilərə səhmlər, istiqrazlar, valyutalar, ETF-lər, törəmə maliyyə alətləri və digər aktivlərlə onlayn ticarət və investisiya xidmətləri təqdim edir. Bank 170-dən çox ölkədə fəaliyyət göstərir və milyonlarla müştəriyə xidmət göstərir.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“MagicPort” liman əməliyyatlarını rəqəmsallaşdırmaq üçün 3 milyon dollar investisiya alıb
10.07.2026Qazaxıstan məcburi valyuta satışı tələbini dayandırır
10.07.2026Heç vaxt ofisi olmayan şirkət 65-dən çox ölkədən çalışan komanda qurdu
10.07.2026
Dünyanın bank və maliyyə sektorunda hansı yeniliklər var? - Xəbərdar ol!
10.07.2026"AI sənayesinin özünü doğrultması üçün 3 trilyon dollar lazımdır"
10.07.2026İsveçrənin “J. Safra Sarasin” qrupu Danimarkanın “Saxo Bank”ını tam nəzarətinə götürür
10.07.2026Azərbaycanlı tələbələr startapları ilə investorlar qarşısında çıxış etdilər - 3 komanda qalib oldu
10.07.2026
Ən çox şikayət olunan sığorta şirkətləri açıqlanıb - SİYAHI
10.07.2026Kart əməliyyatlarında ən böyük pay kimdədir? - CƏDVƏL
10.07.2026Peşə əmək qabiliyyətinin itirilməsi üzrə sığorta yığımlarında 39,4%-lik azalma
10.07.2026"Xalq Bank"ın "Proqress" əmanəti: faiz dərəcələri və şərtlər
10.07.2026"Bitwise" 570 milyon dollarlıq fondunu yenilədi
10.07.2026SK Hynix-in məsləhətçiləri "SpaceX"dən rekord həcmdə komissiya qazandılar
10.07.2026"OpenAI" "Atlas" layihəsini dayandırdı
10.07.2026Dənizkənarında çay içmək neçəyə başa gəlir? - Restoran qiymətləri
10.07.2026