Redaktor
Ailə biznesində 4-cü nəsil iş adamı: “Ailə biznesiniz yoxdursa, 30 yaşdan sonra öz işini qurmalısan”
“İş adamının həyatında həmişə stress” olur yanaşmasındadır. Deyir ki, əgər biznes qurmaq, “öz işimin sahibi olum” yanaşmasındasansa, bunu nəzərə almalısan. Eyni zamanda səbir bu işdə çox önəmlidir. “Səbirdən məhrum iş adamı batacaq” deyən müsahibimiz "Gənc MÜSAİD" sədri Mağsun Ustadır.
Mağsun Usta "Mostaş" Texnoloji və "Gust" enerji şirkətlərinin həmtəsisçisidir.
Mağsun Usta Bakıda olduğu müddətdə Valyuta.az-ın suallarını cavablandırdı.
- Mağsun bəy, Azərbaycanda “Başqası üçün işləməkdənsə, öz işimi qurum” - deyən gəncləri sayı günü-gündən artır. Tükiyədə vəziyyət necədir?
- Mənə elə gəlir ki, sahibkarlıq türkün qanında var. Türkiyədə də bu cür düşünən gənclər çoxdur. Məncə, bunun səbəbi sosial mediada öz işini quran insanları görmələri və onlardan həvəslənmələridir. Yəni, gənclərin öz işini qurmağa cəhd etməsi normaldır. Eyni zamanda qəbul etməliyik ki, dünya sadəcə öz işini qurmaq istəyənlərdən ibarət deyil. Çox yaxşı professionallar da yetişməlidir. Biz şirkətlərimizdə çalışacaq yaxşı kadrlar da axtarırıq. Onlar olmadan işlər getməz.
- Həm də qəbul etməliyik ki, hər kəs biznes adamı deyil.
- Hər kəs iş adamı olmaq məcburiyyətində deyil. İş adamı olmaq üçün stresslə baş edə bilməlisən. Xoşbəxt olmamağı qəbul edə bilməlisən. Kənardan baxan gənclər deyirlər ki, nə gözəl, öz pulunu qazanır, bu tətilə gedib, o tətilə gedib, həyatının idarəetməsi öz əlindədir və s. Bu, çox yaxşıdır, amma bir iş adamının həyatında hər zaman problemlər olur. Biz söhbət edirik, amma indi ağlımda öz ticarətimdə ən azı 100 problem var. Stressə qarşı dayanıqlı olmalısan. Amma yeni nəsil işin bu tərəfinə çox baxmır. Həyatını yaşamaq istəyir. Pul qazanan tərəfi görür, amma itirilən tərəfinə baxmır. Qazanan tərəf bəlkə 100-də 5 belə deyil.
- Bu stress günlük həyatda gərginlik demək deyil?
- Biz hər an gərginik. İş adamının həyatında həmişə stress olur, ona görə saçları tökülər, tez yaşlanar (Gülür).
- Bəzi iş adamları deyirlər ki, kaş ki, yaxşı bir şirkətdə normal maaşlı işdə qalardım.
- Bu insandan insana dəyişir. “Yaxşı ki işimi qurmuşam” deyən də çoxdur, “kaş ki bir şirkətdə işləyib maaşımı alardım” deyən də. Uğursuz olanlar deyirlər ki, kaş ki yaxşı şirkətdə yaxşı maaş alıb bu gün stressiz, sıxıntısız bir həyat yaşamış olsaydım.
Çünki biznesdə işlər yolunda getmirsə, bütün həyatınıza təsir edir. Bir borca girərsiniz, onu ödəyə bilməsəniz, bütün həyatınıza mənfi təsir edər. Bir borca girərsiniz, onu ödəyərsiniz və biznesiniz yaxşı olar, nə yaxşı ki bunu etmişəm deyərsiniz.
Yanaşma bəzən nəticədən də asılı olur.
- Gənclik enerji deməkdir. Gənclərin biznes yanaşmaları nə ilə fərqlənir?
- 50 yaşlarda çox şey bilirsiniz, çox təcrübəlisiniz. Ona görə biznesdə qərarlar verərkən başınıza gələ biləcək problem və sıxıntların fərqində olursunuz və bu, cəsarətinizi qırır. Bu cəhətdən gənclərdə yaxşı mənada “cahil cəsarəti” olur. Çünki o döngəni dönəndən sonra arxasında hansı problemlər ola biləcəyini bilmədiyi üçün o yolu keçir. Dönəndə də problemlə qarşılaşırlar. Ticarət də budur. Problemlə qarşılaşırsınız, boğuşursunuz və sonda qazanmağınız lazımdır. Qazanmağınız üçün boğuşmalısınız. Amma yuxarı yaş insanlar normalda o boğuşmanı təxmin etdikləri üçün o dönəni dönmürlər. Dönsə, məcbur o da boğuşacaq. Amma gənc görmür, keçir.
- Sizcə, biznesə başlamaq üçün yaş olaraq ən yaxşı dövr hansıdır?
- Düşünürəm ki, bir gənc 20-30 yaş arasında netvorkinqini genişləndirməli və insanlar arasında çox olmalıdır. 25-30 arasında isə yeni bir şeylər qazanmalıdır. Bu da hansısa sahədə mütəxəssislikdir. Bir sahədə mütəxəssis olmalı və bir ticarət yönünü seçməlidir. Bu prosesi keçəndən – 30 yaşdan sonra öz işini qurmalısan. Əgər ticarətdə 2-3-cü nəsil deyilsənsə, yəni ailə biznesinin içərisində böyüməmisənsə, bu şəkildə getsən, yaxşı olar. Əgər biznesin atandan, babadan gəlirsə, bu zaman yanaşma eyni olmur. Çünki ailə biznesi olanlar uşaq yaşlarından evdə ticarət eşidirlər. Məsələn, mən bizim ailə biznesində 4-cü nəsiləm. Babamın atasından bəri biznesdəyik. 6-7 yaşında idim, atam məni qarşısına alıb deyirdi ki, mən biznesdə bu səhvi etdim, sən etməzsən. Yaxud bu yatırımı edərkən filan cür yanaşdım, yaxşı deyildi, sən nəzərə alarsan. Bu, yenidən biznes dünyasına gələn birinin əldə edəcəyi bir şey deyil. Bunu əldə edə bilməsi üçün təcrübəli insanlarla netvörkinq qurması və onlarla danışıb söhbət etməyi lazımdır. Bizneslərlə bağlı aktiv təşkilatlarla ünsiyyətdə olması yaxşı təsir edər.
Ümumilikdə, istənilən yaşda riskə gedə bilərsən, amma netvörkinqin varsa, ticarəti öyrənib bu sahəyə gəlmisənsə, təcrübən artdıqca daha ölçülə bilən risklər və yüngül cəsarətlə işləri apara bilərsən. Balansda olması lazımdır. qorxmaq lazım deyil.
- Dediniz ki, gözünüzü açandan biznesin içində olmaq ayrı bir fərq yaradır. Sizin ailədə digər övladlar da biznesdədir?
- Xeyr, onlar biznesdə deyillər.
- Bəs sizin biznesə uyğun tərəfiniz nə idi ki, siz bu istiqamətdə davam etdiniz?
- İnsan özünü tanımalı və ona uyğun karyersını davam etməlidir. Bir biznes qurmaq hər kəsə görə deyil. Professionallıq da hər kəsə görə deyil. Özünü kəşf etmək çox önəmlidir. Bir gəncin 20-30 yaş arasında özünü kəşf etməyi lazımdır. Mən kəşf etdim ki, biznes insanıyam. Bunu da bir iş quraraq kəşf etdim. “Genc Müsiad”da anladım. Ailəmlə birlikdə danışaraq anlaya bilmədim. “Genc Müsiad”a gələndən sonra orda proqramlara qoşuldum, proqramlar etdim, məsuliyyətlər götürdüm, səhvlər etdim, insanlar məni idarə etdi, sonra insanlar səhvlər etdi, mən onları idarə etdim və günün sonunda buna qərar verdim ki, biznes insanıyam və stressi sevirəm.
Ailəmdən ticarəti öyrəndim, amma ticarət adamı olub-olmadığımı “Müsiad”da öyrəndim.
- Hər kəs biznes adamı olub-olmadığını yoxlamalıdır?
- Gənclər həyatlarının bir dövründə biznesdə özlərini yoxlamalıdırlar. Amma yoxlayarkən hesablana bilən risklər almaları yaxşı olar. “Bu iş yaxşıdır, mütləq etməliyəm” deyib həyatlarına böyük zərbələr vurmamalıdırlar. Müəyyən bir dozada riskə girsinlər. Yoxsa onlar böyük səhv etmiş olarlar. Məsələn, elə böyük riskə girərsiniz ki, həyatınızın 10 ili borc ödəməyə gedər. Bu da məsləhət deyil.
- Biznesi batan gənclərin etdiyi əsas səhvlər nələrdir?
- Maliyyə dövriyyəsini arxa plana atırlar. Bu, biznes üçün çox önəmlidir. İnsanı batırsa maliyyə batırır. İkincisi, gördükləri işlərdə (Rəqəmsal deyilsə) markalaşmağa önəm vermirlər. Markalaşmanı hər kəs dediyi üçün insanlar belə düşünürlər ki, markalaşma çox önəmli deyil. Yanlış fikirdir. Markalaşan zaman güvən verən marka olmaq önəmlidir. Bir də səbir. Səbirdən məhrum iş adamı batacaq.
- Mağsum bəy, Azərbaycan və türk gənc iş adamlarının bu gün əlaqələri necədir?
- Düzü, dövlətlərimiz çox iç-içədir, insanlarımızın bir-birini çox yaxşı bilir, amma məncə, bir-birimizi çox yaxşı tanımırıq. Bilməklə tanımaq başqa şeylərdir. Bura gəlib sizinlə danışmaq sizi tanımaqdır. Amma Türkiyədə oturub “Azərbaycan var, orda dostlarım, qardaşlarım var” demək bilməkdir. Bizim bir-birimizi tanımağımız lazımdır. Daha çox ünsiyyətdə olmağımız lazımdır. Dövlətlərimiz qədər gənc biznes adamlarımızın yüksək əlaqələri yoxdur. Bunu artırmağımız lazımdır. Bizim Azərbaycanda tədbirlər keçirməyimizin məqsədi türk gənc iş adamlarının bir-birləriylə netvörkinqi və tanımalarına səbəb olmaqdır.
- Azərbaycan və Türkiyə iş adamlarının netvörkinqinin olması bir-birinə hansı köməyi edəcək?
- Birlikdən qüvvət doğar. Bir-birimizin ehtiyacı olan məhsulları, xidmətləri tapa bilərik. Yaxud məhsulun və xidmətlərin formalaşdırılmasına köməklik edə bilərik. Türkiyənin istehsal gücü var, Azərbaycanın finansal gücü - təbii yataqları var. Siz hansısa fabriki təkrar qurmaq istəsəniz, bəlkə də 30-40 ilə ehtiyacınız var. Amma Türkiyədə bu onsuz da var. Məncə, azərbaycanlı gənc biznesmenlər Türkiyənin bu yönündən faydalana bilər. Türkiyənin isə azərbaycanlı gənclərin zehnindən faydalanması lazımdır. Azərbaycanlı gənclərin zehin dünyasının geniş olduğunu düşünürəm. Marka yarada bilirlər. O markaların istehsalını da Türkiyədə etdirə bilərlər.
Doğrudur, dünyada bir Çin reallığı var. Çində qiymətlər çox ucuzdur, istehsal çox ucuz başa gəlir. Amma Çin hər zaman yanımızda olmaya bilər. Amma Türkiyə və Azərbaycan və türk dövlətləri hər zaman bir-birinə dəstəkdir.
Aygün Asimqızı
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər4 sığorta şirkətinin yığımları azalıb - SİYAHI
05.12.2025Böyük pulları tərk edən CEO-lar - SƏHƏR OXUSU
05.12.2025Tütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb
04.12.2025Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?
04.12.2025Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı
04.12.2025Bu şəxlərə 2000 manat veriləcək
04.12.2025Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?
04.12.2025Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?
04.12.2025Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...
04.12.2025İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr
04.12.2025“iPhone 17” satışları rekord qırır
04.12.2025Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək
04.12.2025Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir
04.12.2025Dünyada dollar milyarderlərinin sayı artıb
04.12.2025Nazirliyin vəzifəli şəxsi cərimələndi
04.12.2025“Brevo” 583 milyon dollar investisiya alıb
04.12.2025"İvanovka"da məhsul satışı qadağan edildi
04.12.202513 milyon maaş alacaq
04.12.2025Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? - CƏDVƏL
04.12.2025