Redaktor
6 yaşında ailəsindən ayrılan azərbaycanlı sahibkar: “Layihələrimin 60 faizi uğursuz olub”
6 yaşında valideynləri onu Rusiyada yatılı məktəbə göndərirlər. Təhsil aldığı məktəbdə mühəndisliyə marağı yaranır və zamanla texnoloji istiqamətə yönəlir. Bu gün texnoloji sahədə startapları ilə fəaliyyət göstərir.
Valyuta.az-ın müsahibi Abu-Dabidə yaşayan azərbaycanlı sahibkar və texnoloq Mübariz Abdullayevdir (Boris Abdul). Ümumdünya Şəhərsalma Forumu – WUF13 çərçivəsində Bakıda olan Mübariz Abdullayev ilə elə forumda söhbətləşdik.
- Mübariz bəy, Azərbaycanda böyümüsüz?
- Azərbaycanda anadan olmuşam, amma 6 yaşımdan sonra Moskvada yaşamışam, orta təhsilimi Moskvada almışam. Valideynlərim Azərbaycanda yaşayırdı, orda bir yatılı məktəb var idi, məni ora göndərdilər.
- 6 yaşlı Mübarizi təkbaşına başqa ölkəyə göndərmələrinin səbəbləri nə idi?
- Gördülər ki, bu uşaqda beyin qaynayır və göndərdilər (Gülür). Bu, diplomatik məktəb idi. Məktəbdə dünyanın 30 ölkəsindən uşaqlar oxuyurdu. Xaricilər oxuyurdu deyə, ispan, portuqal, ərəb dillərini mən artıq məktəb vaxtından öyrənmişdim. Məktəbdə astronomiya ilə çox maraqlanırdım. 6-cı sinifdə oxuyanda 88 bürcün hamısını öyrənmişdim. Eyni zamanda müxtəlif texniki eksperimentlərlə məşğul olurdum. Tennis toplarından hazırlanmış kiçik mühərrikli raketlər düzəldirdim. Hətta raketlərdən biri təsadüfən məktəbin yeməkxanasına düşərək kiçik bir insidentə səbəb olmuşdu. Məhz həmin dövrdən texnologiya və mühəndisliyə olan marağım daha da gücləndi və sonrakı fəaliyyət istiqamətimi müəyyənləşdirdi.

- Ali təhsilinizi də Rusiyada almısınız?
- Bəli, Moskva Dövlət Dizayn və Texnologiya Universitetini bitirdim, sonra onlayn olaraq MİT-də idarəetmə mühəndisliyi üzrə mini-magistr bitirmişəm. Rusiyada işləyirdim, sadəcə arada Almaniyada da oxudum, orda da işlədim. Təxminən 26 yaşım olardı, Almaniyada sərgi texnologiyaları (Ausstellungstechnologien), sərgilərin qurulması üzrə də təhsil aldım. Ümumilikdə, 33 yaşıma qədər Rusiyada yaşadım.
- Rusiyada iş həyatına nə zaman və harada başladınız?
- İş fəaliyyətimə zavodda işləyərək başladım. Tələbə idim, eyni zamanda kabel zavodunda işləməyə başladım. Sonra artıq muzdlu işdən ayrılaraq özəl sektorda fəaliyyət göstərməyə başladım, müxtəlif şirkətlər və layihələr yaratdım, zamanla isə diqqətimi sahibkarlığa və texnologiya yönümlü startaplara yönəltdim.
- İş həyatına Rusiyada başlasanız da, Almaniyada, Türkiyədə də işləriniz olub. Bu gün isə Abu-Dabidəsiniz...
- Rusiyadan sonra Azərbaycana gəldim, bir az burda işlər gördüm, sonra Fransaya getdim, Çində yaşadım. 2 il İstanbulda yaşadım, “Teknofest”də xüsusi layihələrin meneceri oldum. Sonra da Bakıda “Teknofest”də layihə rəhbəri və CTO oldum. İndi Abu-Dabidə öz startap şirkətlərim var, onlarla məşğulam.

- Startaplarınızdan danışaq.
- Mənim maraq dairəm daha çox kosmik, aerospace startaplardır. Bir startapım ətraf mühitin qorunması ilə bağlıdır. Həmin startap "Water X Bomb" adlanır (WXB). Məlumdur ki, meşə yanğınlarını söndürmək üçün xüsusi təyyarələr və helikopterlər mövcuddur. Normalda meşə yanğınlarında təyyarələr və helikopterlər yuxarıdan tonlarla su tökür. Lakin suyun böyük hissəsi havada buxarlanır, dəqiq hədəfə düşmür, dağlıq və meşəlik ərazilərdə effektivlik azalır. WXB sisteminin əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, kapsullar yalnız passiv su konteyneri deyil. Aktiv versiyalar minimal dəyərə malik elektronika, termal sensorlar və idarəetmə elementləri ilə təchiz edilir. Bu texnologiya kapsula yanğın ocağını müəyyən etməyə və uçuş zamanı trayektoriyasını korreksiya edərək ən təhlükəli zonaya yönəlməyə imkan verir. Meşə yanğınları isə son dərəcə təhlükəlidir. İlk 1 saatda söndürə bildinsə, bildin. Əgər bacarmadınsa, sonra yanğını idarə etmək olmur. Meşə yanır gedir. Bu layihənin patenti ABŞ-da dərc olunub və Google Patents bazasında ictimai şəkildə əlçatandır. Çox güman ki, avqustda ilk MVP olacaq. Ondan sonra C17- ABŞ istehsalı olan ağır strateji hərbi-nəqliyyat təyyarəsində yanğınların söndürülməsi ilə bağlı Birləşmiş Ərəb Əmirliklərində ilk testlər keçiriləcək.
- Aerospace startapınız hansıdır?
- Aerospace startaplarımdan biri "Viastellar"dır. Kosmos texnologiyaları startapıdır. Əsas ideya kiçik ölçülü peyklərdən (CubeSat) istifadə etməklə Yer müşahidəsi xidmətlərini daha ucuz və əlçatan etməkdir. Böyük peyklər bahadır. Bizim peykdə alətlər kiçikdir. Onun optik sistemi, zoom sistemi vasitəsilə yer səthinə 120X-ə qədər şəkil almaq mümkündür. Eni 10 sm, uzunluğu isə sifarişdən asılı olaraq 20, 50 və ya 60 sm olur. 3U CubeSat formatında işləyən və təxminən 1,5 metr məkan ayırd etmə qabiliyyətinə (GSD) malik Yer görüntüləri əldə etməyə yönəlmiş texnologiya üzərində çalışırıq. Bizim kiçik peyklərdə quraşdırılan termal müşahidə sistemləri meşə yanğınlarını ilkin mərhələdə aşkar etməyə və onların yayılmasını real vaxt rejimində izləməyə imkan verir. Mən bu ideyanı ilk dəfə 2020-ci ildə “Azərkosmos”da təqdim etmişdim. O zamanlar CubeSat texnologiyaları hələ yeni formalaşan sahə idi və dünyada bu istiqamətdə çalışan cəmi 50-70 şirkət mövcud idi. Bir çoxları bu bazarın gələcəyinə inanmırdı. Bu gün isə vəziyyət tam fərqlidir - dünyada təxminən 3000 şirkət və startap kiçik peyk texnologiyaları üzərində çalışır ki, bu da həmin sahənin nə qədər sürətlə inkişaf etdiyini göstərir.

- Forumda sizi daha çox "Robocafe"nin - robot baristanın yanında gördük. Bu da sizin layihədir?
- Robot kafe qızımın layihəsidir, mən bu layihədə sadəcə texnoloji rəhbərəm. Yəni, forumda qızıma köməklik etdim.
- Robot barista da maraqlıdır.
- Bəli, "Robocafe" 2025-ci ildən fəaliyyətə başlayıb. Onun proqram təminatını Azərbaycanda hazırlamışıq. Qapaq bağlama sistemi və cup dispenseri (stəkan dispenseri) Azərbaycanda hazırlanıb. Dünyada - Çində, Birləşmiş Ərəb Əmirliklərində və digər ölkələrdə oxşar sistemlər var. Lakin onlar sadəcə hazır kafeləri quraşdırırlar. Bizdə isə özümüzün kəşf etdiyi fərqli bir funksiya var. Biz "Robocafe"ni VLM süni intellekt texnologiyası ilə işlədirik. Kamera bütün prosesi idarə edir.
- Robotla kofe hazırlanması sərfəli olacaqmı?
- Sərfəlidir hər halda, digər kofeşoplarla müqayisədə daha aşağı qiymətə satmaq imkanın olur. 20-yə yaxın isti və buzlu kofe çeşidi təqdim edir.
- Bir robot baristanın hazırlanma xərcləri necədir?
- Bir robot baristanın hazırlanması 30 000 dollara yaxın başa gəlir. Bunun əsasları var - içərisinin yarısı kompüterdən ibarətdir. Xaricdən aldığımız sistemlər bahadır, üstəlik 36 faiz gömrük rüsumu da ödəyirik, xərclər çox olur.
- Bir robot baristanın hazırlanmasında neçə nəfər işləyib?
- 3 gənc mühəndis işləyib.
- Robotun hazırladığı kofeni hər kəs bəyənir?
- Hələ heç kim fərqi hiss etməyib. Əgər bir rəy olarsa, robokafenin kamerası yazır və biz həmin rəyləri alırıq. Belə ki, buna uyğun işlərimizi qura bilək.
Müsahibə zamanı oturduğumuz yerə böyük sənaye tipli çarxlı robot it gəldi, üstündə iki böyük monitorla… M.Abdullayev dedi ki, bu “Bakurobotics”in qarajının monstrudur - B2W sənaye robotu. Sərgidə böyük monitorlar daşıyaraq insanlara Azərbaycanın incəliklərini nümayiş etdirir. Üzərində 360 dərəcəli 3D böyük lidar və iki 4K kamerası var - bunlar içəridəki süni intellektin gözləridir. Robot sərgidə təsdiqlənmiş marşrutları avtonom şəkildə yerinə yetirir.
- Sizin proyektdir?
- Bizim mühəndis-kollektivin proyektidir. Əslində, dünyada ilk dəfədir ki, sənaye dog-robotu monitorları daşıyır.
- Düzü, bunu görəndə təəccübləndim. İnanmadım ki, dünyada bu boyda it robotu var.
- (Gülür) Çoxları belə reaksiya verir. O qədər inanılmaz təcrübə yaradır ki, Səudiyyə Ərəbistanının pavilyonunun yanından keçəndə ərəblər dayanmadan çəkiliş edirlər. Bu özü bizim üçün ən yaxşı qiymətdir. B2W dünyanın ən güclü dörd ayaqlı sənaye robotların arasında kraldır. Onu görəndə əvvəlcə inanmırsan - sonra yaxınlaşırsan, hərəkətini izləyirsən, başa düşürsən ki, bu artıq gələcək deyil, bu gündür.
- Uğursuz startaplarınız da yəqin ki olub…
- Əgər heç vaxt uğursuz olmamısansa, deməli, heç vaxt həqiqətən böyük bir şey etməyə çalışmamısan. Elon Mask deyir ki, uğursuzluq irəliyə bir addımdır. Layihələrimin 100-də 60-ı uğursuz olub. Məsələn, son layihələrimizdən biri təmizlik sahəsində idi - robot vasitəsilə - sadəcə gördük ki, gələcəyi yoxdur, dayandırdıq.
- Uğursuzluqlardan nələr öyrəndiniz?
- Texniki məsələləri kənara qoysaq, uğursuzluq motivasiya verir. Mənə görə uğursuzluq təhlükəli deyil. Təhlükəli olan odur ki, insan bir dəfə uğursuz olduqdan sonra bunu şüuraltında həqiqət kimi qəbul etsin. O zaman insan öz potensialını özü məhdudlaşdırmağa başlayır. Heç nədən narahat olmaq lazım deyil - dərs götürmək və irəli getmək lazımdır.
- Layihələriniz investisiya alıb?
- Bəli. Layihə yaxşıdırsa, maliyyə almaq olur.
- Bəs layihəni almaq istəyənlər necə?
- Bir layihəmin patentini almaq istəyirlər, razılaşmadım. İstəyirəm bu layihəni inkişaf etdirim, sonra exit-ə çıxım. Digər layihələrimlə bağlı da təkliflər var, düşünürəm.
- Biz sizə yaxınlaşıdığımızda bir nəfərlə nə isə kitabınız haqqında danışırsınız. Kitabınız nə ilə bağlıdır?
- "Moonjack" adlı hard sci-fi romanım var. 2033-cü ildə Beynəlxalq Kosmik Stansiyasının ələ keçirilməsi və Ay orbitinə köçürülməsi haqqındadır. Bütün texniki detallar real fizika və mühəndislik əsasında yazılıb. Amazon KDP-də həm elektron, həm də çap formatında mövcuddur. Kitabımın saytı isə moonjack.net. adlanır.
Aygün Asimqızı
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərUğurlu biznes sahibi olmağın 5 yolu
22.06.2026Təhsil kreditlərinin limitinə yenidən baxıla bilər
22.06.2026Dövlət əmlakını icarəyə götürmək istəyənlərin NƏZƏRİNƏ
22.06.2026Xəstə xidmətlərini avtomatlaşdıran startap 30 milyon dollar investisiya cəlb edib
22.06.2026Hansı bürclər biznesdə daha uğurludur?
22.06.2026SOCAR və EPS yaxın həftələrdə Nişdəki elektrik stansiyası üzrə səhmdar sazişi imzalayacaq
22.06.2026Daşınmaz əmlaka yatırımlar milyonçu olmağın açarıdır?
22.06.2026Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir ®
22.06.2026"Tencent"dən yeni AI addımı: "WeChat"də "Xiaowei" köməkçisi sınaqdan keçirilir
22.06.2026
Obyekt sahibi bank kreditinə görə yaranan cəriməni icarəçidən tələb edə bilərmi?
22.06.20264 ayda avtomobil sığortası üzrə edilən ödənişlər və yığımlar - CƏDVƏL
22.06.202645 dəfə rədd edilən startap bu gün uğur hekayəsidir
22.06.2026"Rolex" və "Patek Philippe" saatları kolleksiyaçılar üçün sərfəli investisiyaya çevrilib
22.06.2026Azərbaycanda kredit faizləri son 5 ildə artıb - Regionlar üzrə tam siyahı
22.06.2026