10 ildir evdən işləyən marketoloq: “Remote” iş hər kəs üçün uyğun deyil”

Redaktor

19.01.2026 09:55
392

10 ildir evdən işləyən marketoloq: “Remote” iş hər kəs üçün uyğun deyil”

Son illərdə bütün dünyada olduğu kimi, Azərbaycanda da “remote” iş (məsafədən iş) rejiminə keçid sürətlənir. Xüsusilə marketinq, rəqəmsal xidmətlər və texnologiya sahəsində bu tendensiya daha qabarıq hiss olunur. Lakin bu keçid hər kəs üçün eyni şəkildə baş vermir. Bəziləri üçün bu, planlı karyera addımı, digərləri üçün isə şəxsi təcrübələrin nəticəsi olur.

Valyuta.az-ın müsahibi olan beynəlxalq təhsilli marketinq mütəxəssisi Cavid Süleymanlı da 10 ildir ki, sərbəst iş rejimini seçir. Hazırda “remote” olaraq xarici şirkətdə çalışır. O müsahibədə şəxsi karyera yolundan, ilk təcrübələrindən, “remote” iş həyatına keçidindən və bu sahədə qarşılaşdığı çətinliklərdən bəhs edir.

- Cavid bəy, bu gün marketinq sahəsində çalışırsınız. Təhsiliniz də bu istiqamətdədir?

- Mən beynəlxalq marketinq ixtisası üzrə Cənubi Koreyada Woosong Universitetində ali təhsil almışam və hazırda çalışdığım “remote” iş bu sahəyə tam uyğundur. Uzun illərdir ki, marketoloq kimi müxtəlif şirkətlərlə əməkdaşlıq edirəm. İşim marketinq sahəsində həm strategiyaların, planların yazılması, həm də reklam layihələrinin idarə olunması kimi müxtəlif mərhələləri əhatə edir.

- Əvvəllər şirkətlərdə, ofis rejimində çalışmısınız?

- İlk iş təcrübəmi Cənubi Koreyada təhsil aldığım dövrdə professor köməkçisi vəzifəsində qazandım. Azərbaycana qayıtdıqdan sonra bir neçə şirkətdə çalışmışam, lakin oradakı mənfi təcrübələrə görə həmin şirkətlərin adlarını çəkmək istəmirəm. Bu təcrübələrdən sonra qərara gəldim ki, “remote” işləyərək və sərbəst şəkildə fəaliyyət göstərərək daha səmərəli nəticələr əldə edə bilərəm və artıq 10 ilə yaxındır ki, sərbəst şəkildə çalışıram.

- Xarici şirkətdə ilk “remote” işinizi necə tapdınız?

- Mən müxtəlif xarici şirkətlərlə əməkdaşlıq etmişəm. Bəzən bu şirkətlərlə Azərbaycandakı nümayəndəlikləri vasitəsilə əlaqə qurmuşam. Həmin nümayəndəliklər mənim bacarığımı dəyərləndirib, birbaşa xarici şirkətə yönləndiriblər. Eyni zamanda, bir sıra hallarda “LinkedIn”, “Glassdoor” kimi beynəlxalq platformalarda özüm müraciət etmiş, portfoliomu təqdim edərək layihə əldə etmişəm.

- “Remote” işə keçid qərarınız planlı idi?

- Əslində, bu qərarım planlı deyildi. Məncə, insanın peşə seçimi çox zaman onun şəxsi xarakteri ilə üst-üstə düşür. Uşaqlıqda ofis mühitində çalışmaq istədiyimi düşünürdüm, lakin Azərbaycandakı bəzi iş təcrübələrimdən sonra anladım ki, sərbəst çalışmaq həm maddi, həm də mənəvi baxımdan daha uyğun seçimdir.

- Bu gün marketinq sahəsində “remote” iş imkanları genişdirmi?

- Marketinq sahəsində remote iş imkanları kifayət qədər genişdir. Marketinq özü çoxşaxəli sahədir və onun daxilində müxtəlif ixtisaslaşmalar mövcuddur. Xüsusilə reklam yönümlü işlərdə sərbəst və uzaqdan işləmək daha əlçatandır. Azərbaycanda da bu sahəyə maraq artır, iqtisadiyyat inkişaf etdikcə sərbəst iş imkanları da genişlənir. Əlbəttə, elə peşələr var ki, onların “remote” formatda icrası çətindir. Məsələn, cərrah və ya tibb işçisi kimi. Amma müəllimlik də daxil olmaqla bir çox peşələrdə artıq “remote” format tətbiq edilir

- Xaricdə “remote” iş tapmaq üçün ali təhsil kifayətdir, yoxsa sertifikatlar köməyə gəlir?

- Bu sual ixtisasdan asılı olaraq dəyişir. Məsələn, kompüter elmləri sahəsində bəzi şirkətlər nə diplom, nə də təcrübəyə önəm verir, yalnız bacarığa əsasən qiymətləndirirlər. Gənclərə məsləhətim odur ki, bu sahəyə yönəlsinlər, çünki perspektivlidir. Sertifikatlara gəldikdə isə, say deyil, keyfiyyət vacibdir. Bir çox hallarda real iş təcrübəsi sertifikatlardan daha önəmli olur.

- “Remote” olaraq işəgötürənlərin kadrlarda axtardığı əsas üstünlüklər nələr olub?

- İşəgötürənlər fərqli tələblərə malik ola bilər, amma ən əsası, müsahibə zamanı özünü düzgün təqdim etməkdir. Şirkət rəhbərləri əsasən problem yaradan deyil, fayda gətirəcək əməkdaş axtarırlar. Bu baxımdan, təqdimat bacarığı və qarşı tərəfə dəyər təklif etmək bacarığı önəmlidir.

- Çox adam xarici dil biliyinin zəif olduğundan dolayı “remote” işlərdən “yox” aldığını deyir. Dil biliyi “remote” işlərə qəbulda nə dərəcədə həlledicidir?

- Ən vacib dil şübhəsiz ki, ingilis dilidir. Qrammatik və tələffüz səhvlərinə o qədər də diqqət yetirilmir, əsas məsələ düzgün və effektiv kommunikasiya qurmaqdır. Lakin bəzi ölkələrdə, məsələn Almaniyada, yerli dili bilmək vacib ola bilər. Bu, ölkəyə və vəzifəyə görə dəyişən bir şeydir.

- “Remote” işə yeni başlayanlar ən çox hansı səhvlərə yol verir?

- Tam sərbəst işləyən şəxslər arasında ən çox rast gəlinən səhv qısa müddətdə gəlir əldə etməyə çalışmaq və nəticə əldə olunmadıqda işi yarımçıq qoymaqdır. Şirkətlərlə əməkdaşlıq edənlərdə isə ən çox rastlanan çətinlik kommunikasiya qurmaqla bağlıdır.

- Gündəlik iş rejiminizi necə təşkil edirsiniz?

- “Remote” işin həm üstünlükləri, həm də çətinlikləri var. Gündəlik iş rejimi dəyişkən ola bilər. Bəzən elə olur ki, səhər tezdən gecə saatlarınadək işləyirəm, bəzən isə gün tamamilə boş keçir. Əgər standart iş planınız yoxdursa, bu rejim sizə uyğun ola bilər. Mən isə iş həyatımı elə qurmuşam ki, istədiyim zaman istirahət edə və ya səyahətə çıxa bilirəm.

- Deyirlər ki, “remote” işlərdə maaşlar yüksək olur.

- Bu, əsasən şirkətin böyüklüyündən, dövriyyəsindən və işə hansı şərtlərlə qəbul olunmağınızdan asılıdır. “Remote” və sərbəst iş sahəsində maaş sistemi çox dəyişkəndir və vahid standart yoxdur.

- “Remote” iş maliyyə baxımından gözləntilərinizi doğruldur?

- (Gülür) Şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, bəli, maliyyə baxımından gözləntilərimi doğruldub. Hər bir sahədə olduğu kimi, “remote” işdə də müəyyən dövrlərdə durğunluq yaşana bilər. Bu zaman əsas məsələ işi yarımçıq qoymamaqdır.

- Ödənişlər necə həyata keçirilir?

- Bütün ödənişlərim rəsmi qaydada, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə bank köçürməsi yolu ilə həyata keçirilir. Eyni zamanda, bu gəlirlər üzərindən vergi də ödəyirəm. Bu üsul daha rahatdır, çünki hər şey şəffaf olur və gələcəkdə gəlirin artırılması üçün də imkanlar yaradır.

- “Remote” işləməyin ən çətin tərəfləri hansılardır?

- Ən çətin tərəflərdən biri kommunikasiya ilə bağlıdır. Bəzən insanlarla düzgün ünsiyyət qurmaq, fikri qarşı tərəfə dəqiq çatdırmaq çətinləşir. Elə hallar olur ki, səni tam başa düşmürlər və ya bəzi əməkdaşlar məsuliyyətsiz yanaşaraq təcili işlərə gec cavab verirlər. Bu tip çətinliklərlə tez-tez rastlaşmaq mümkündür.

- “Remote” işi seçənlər deyirlər ki, özümə və ailəmə daha çox vaxt ayırmaq istəyirəm. Bu cəhətdən effektivdir?

- Mütləq şəkildə özümə istirahət günləri ayırıram və ailəmlə vaxt keçirməyə çalışıram. Bu mənim üçün çox vacibdir.

- Hər kəs “remote” işləyə bilər?

- Düşünürəm ki, “remote” iş hər kəs üçün uyğun deyil. Çünki bəzi insanlar işlərini ofisdə tamamlayıb evə qayıtmağa öyrəşiblər. “Remote” və sərbəst işləmək üçün güclü məsuliyyət hissi vacibdir.

- “Remote” iş axtaranlar bəzən deyirlər ki, 9-6 arası Azərbaycanda paralel başqa iş də götürəcəm. Bu mümkündür?

- Bu məsələ Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə tənzimlənməlidir. Düşünürəm ki, əgər Azərbaycanda da işləmək fikrin varsa, yarım ştat “remote” işləmək daha yaxşı olar.

- “Remote” işləmək həqiqətən də rahatlıqdır?

- Bəzən “remote” və ya sərbəst çalışan insanlar 9-6 formatında işləyənlərdən daha çox əziyyət çəkir və daha çox vaxt sərf edirlər. Bu səbəbdən rahatlıq anlayışı hər kəs üçün fərqlidir və insanın məqsədindən asılıdır. Kimisi üçün klassik ofis işi rahatdır, kimisi üçün isə “remote” iş daha uyğundur.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

İl ərzində 3 740-dan çox investisiya razılaşması bağlanıb

19.01.2026

"Google"dan etiraf: Çin süni intellektdə fərqi cəmi bir neçə aya endirib

19.01.2026

Şadlıq evlərində “orta menyu” qiymətləri neçəyədir?

19.01.2026

Serbiya Prezidenti Azərbaycana səfər edəcək

19.01.2026

"Yelo Bank"ın mənfəəti 27% azalıb – Gəlirlər geriləyib, xərclər yüksəlib

19.01.2026

Yaxın vaxtlarda şəhid ailələri və müharibə əlillərinə mənzillər veriləcək

19.01.2026

Bu halda maşının cərimə meydançasında saxlanma xərci sürücüyə qaytarılacaq

19.01.2026

Bu sığorta şirkətlərində iş var!

19.01.2026

Yeni cərimə gəlir - 2500 manata qədər

19.01.2026

Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək

19.01.2026

Azərbaycanda bu şəxslərə ikiqat maaş ödəniləcək

19.01.2026

Ödənişli yolda sürət həddi bu qədər olacaq

19.01.2026
“Təcili satıram” deyənlərə inanmaq olarmı?

“Təcili satıram” deyənlərə inanmaq olarmı?

19.01.2026

Nazir generalın yerinə onu təyin etdi

19.01.2026

Baş nazir hüquqi şəxslərlə bağlı qərar imzaladı

19.01.2026

Bu investisiya şirkəti ardıcıl ikinci ildir, səhm əməliyyatı aparmayıb

19.01.2026

Ölkə iqtisadiyyatına investisiya qoyuluşu 6%-ə yaxın azalıb

19.01.2026
10 ildir evdən işləyən marketoloq: “Remote” iş hər kəs üçün uyğun deyil”

10 ildir evdən işləyən marketoloq: “Remote” iş hər kəs üçün uyğun deyil”

19.01.2026

"Qoç ət" Məhəmməd Quliyevdən şikayət etdi - SƏBƏB

19.01.2026
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırdı

"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırdı

19.01.2026

Məzənnə

Yüklənir...