Redaktor
Uşaqlar üçün bankların yığım əmanətləri - Şərtlər və faizlər
Uşaqlarının gələcəyi üçün indidən yığım formalaşdırmaq istəyən valideynlər üçün banklar müxtəlif əmanət məhsulları təklif edir.
Valyuta.az "Turan Bank", "Xalq Bank" və "Rabitəbank"ın təqdim etdiyi "Uşaq yığım" əmanətlərinin əsas xüsusiyyətlərini və şərtlərini araşdırıb.
Qeyd edək ki, banklar tərəfindən təklif olunan məhsullar müddət, faiz dərəcəsi, valyuta seçimi və əlavə yığım imkanları baxımından bir-birindən fərqlənir.
“Xalq Bank” 18 yaşınadək uşaqlar üçün nəzərdə tutulmuş “Uşaq yığım” əmanətini təqdim edir. Əmanət yalnız uşağın adına açılır və minimum məbləğ 100 AZN, ABŞ dolları və ya avro təşkil edir. Əmanətin müddəti 12 aydır.
Əmanət üzrə faizlər müddətin sonunda əsas məbləğə əlavə olunaraq kapitallaşdırılır. Eyni zamanda, əmanət hər il avtomatik uzadılır və onun məbləğini artırmaq mümkündür.
Qeyd edək ki, 1 000 000 AZN, ABŞ dolları və ya avrodan artıq məbləğdə əmanətin yerləşdirilməsi şərtləri tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edilir.
Əmanət üzrə qismən vəsait çıxarılmasına icazə verilmir. Uşaq 14 yaşına çatdıqda isə valideynin icazəsi ilə hesab üzrə əməliyyatlar apara bilər.
Bundan başqa, əmanət vaxtından əvvəl çıxarıldıqda müştəriyə faiz ödənilmir.
| Uşaq yığım əmanəti | 12 ay |
|---|---|
| AZN | 10.25% |
| USD | 2.25% |
| EUR | 1.25% |
| 17.06.2026 |
"Turan Bank"ın “Uşaq yığım” əmanəti anadan olduğu gündən 15 yaşınadək uşaqlar üçün açılır. Əmanəti valideyn, qəyyum, himayədar, nənə və ya baba idarə edə bilər.
Əmanətin müddəti 3 ildən 18 ilədək müəyyən edilib. Yaşı 15-ə çatmış uşaqlar üçün isə yalnız minimum 3 il müddətinə əmanət açılması mümkündür.
Əmanətlər üzrə illik faiz dərəcəsi manatla 8,5%, ABŞ dolları ilə isə 2% təşkil edir. Faizlər hər 6 aydan bir əsas məbləğə əlavə olunur və növbəti dövrlərdə artırılmış məbləğ üzrə hesablanır.
Əmanət üzrə minimum məbləğ 100, maksimum məbləğ isə 10 000 manat və ya ABŞ dolları müəyyən edilib. Bununla yanaşı, hesabı hər ay minimum 100, maksimum 1000 AZN/USD məbləğində artırmaq mümkündür.
Qeyd edək ki, əmanət vəsaiti yalnız müddətin sonunda geri götürülə bilər. Qismən vəsait çıxarılmasına icazə verilmir.
| Uşaq yığım əmanəti | Əmanət vaxtından əvvəl çıxarıldıqda aşağıdakı faiz dərəcələri tətbiq edilir | ||
|---|---|---|---|
| 5 ilədək | 5-10 il | 10-18 il | |
| AZN | 4.5% | 7.5% | 8.00% |
| USD | 1.00% | 1.5% | 2.00% |
| 17.06.2026 | |||
“Rabitəbank” uşaqlar üçün nəzərdə tutulmuş “Uşaq yığım” əmanəti ilə valideynlərə uzunmüddətli maliyyə planlama imkanı təqdim edir. Əmanət minimum 100 AZN və ya ABŞ dolları məbləğindən başlayır və 18 ilədək (216 ay) müddətə yerləşdirilə bilər.
Əmanət üzrə illik faiz dərəcəsi 5% təşkil edir. Faizlər ildə bir dəfə hesablanaraq əsas məbləğə əlavə olunur və növbəti dövrlərdə həmin məbləğə də faiz hesablanır. Faizlərin ödənişi isə müddətin sonunda həyata keçirilir.
Əmanətin məbləğini artırmaq mümkündür. Əmanət hesabının açılması üçün valideynlərin və uşağın şəxsiyyətini təsdiqləyən sənədlər, həmçinin uşağın doğum haqqında şəhadətnaməsi tələb olunur. Bankın məlumatına görə, əmanət "Əmanətlərin Sığortalanması Fondu"nun (ƏSF) qaydalarına uyğun şəkildə sığortalanır.
Qeyd edək ki, sığortalanmış əmanət qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. Kompensasiya isə sığorta hadisəsi baş verdikdə qorunan əmanətçilərə ödənilən pul vəsaiti hesab olunur.
Əmanətlərin sığortalanması mexanizmi fiziki şəxsin ƏSF-nin üzvü olan bankı seçməsi ilə başlayır. Daha sonra əmanət üzrə illik faiz dərəcəsinin ƏSF tərəfindən müəyyən edilən faiz həddinə və əmanət limitinə uyğunluğu qiymətləndirilir. Əmanətçi ilə bank arasında müqavilə rəsmiləşdirildikdən sonra üzv banka yerləşdirilən vəsait qorunan əmanət hesab edilir. Bununla yanaşı, qorunmayan əmanət növləri də mövcuddur.
Hazırda qorunan əmanətlər üzrə maksimal illik faiz dərəcəsi milli valyutada 12%, xarici valyutada isə 2,5% təşkil edir.
Mayya Hüseynova
Əlaqəli Xəbərlər
Mərkəzi Bankın beynəlxalq ehtiyatları son 5 ildə necə dəyişib? - CƏDVƏL
Öz vəsaiti hesabına ipoteka krediti verən banklar - ŞƏRTLƏR
TuranBank gender bərabərliyi və maliyyə inklüzivliyinin təşviqi məqsədilə beynəlxalq fonddan vəsait cəlb edib ®
Müddətli əmanətlərə ən yüksək faiz verən 5 iqtisadi region
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBDU-nun iki obyektinə 10 milyon manat xərclənəcək
19.06.2026"İnsanlar cibindəki pula deyil, gələcək qazanc potensialına görə xərcləməlidir"
19.06.2026