Bir saat üçün 15 milyon avro:

Redaktor

18.06.2026 18:17
35

Bir saat üçün 15 milyon avro: ən bahalı “Rolex” modelləri

“Rolex” dünyanın ən tanınmış və ən çox arzulanan saat markalarından biridir. Bir çox ölkədə tac loqolu saat uğur, nüfuz və rifahın simvolu hesab olunur. Lakin yüksək səviyyəli kolleksiyaçılar üçün istənilən “Rolex” kifayət etmir. Onlar nadir istehsal edilmiş, qeyri-adi tarixçəyə malik və ya texniki xüsusiyyətləri ilə seçilən modellərə üstünlük verirlər.

Məhz buna görə bəzi “Rolex” saatları hərraclarda milyonlarla avroya satılır. Bu siyahıda əfsanəvi “Paul Newman Daytona” modelləri, məşhur “Bao Dai”, VIP müştərilər üçün hazırlanmış “Rainbow Zenith Daytona”, eləcə də Omanın mərhum sultanı Qabus bin Səid Əl Səid üçün istehsal edilmiş xüsusi sifarişlər yer alır.

15. “Rolex Cosmograph Daytona” Ref. 6264, “Paul Newman Lemon” - 2 641 911 avro

Siyahının 15-ci pilləsində “Lemon Paul Newman” siferblatlı “Rolex Cosmograph Daytona” Ref. 6264 qərarlaşıb.

Bu tip siferblatlar mat səthi və limon sarısına çalan krem rəngi ilə seçilir. Kiçik göstəricilərdə isə ənənəvi şampan tonlu yazılar əvəzinə ağ rəngli Art Deco üslublu rəqəmlərdən istifadə olunub.

Modelin yüksək qiymətlə satılmasına təsir edən əsas amillərdən biri korpusunun əla vəziyyətdə qalmasıdır. Bundan əlavə, siferblat kolleksiyaçılar arasında “tropik effekt” kimi tanınan təbii rəng dəyişiminin ilkin mərhələsini nümayiş etdirir.

Saatın dəyərini artıran digər mühüm detal 18 fevral 1974-cü ildə Sürixdə fəaliyyət göstərən “Brunati” mağazası tərəfindən verilmiş orijinal zəmanət sənədinin qorunub saxlanılmasıdır.

Model 2024-cü ildə “Phillips” hərrac evinin “Geneva Watch Auction: XX” satışında 2 641 911 avroya satılıb.

14. “Rolex Cosmograph Daytona” Ref. 16516, lazurit siferblatlı - 2 897 610 avro

14-cü yerdə platin korpus və təbii lazurit daşından hazırlanmış siferblatı birləşdirən yeganə məlum “Daytona” modeli qərarlaşıb.

“A” seriyalı Ref. 16516 1999-cu ildə istehsal olunub. Korpusun arxa hissəsində isə “XII 1998” işarəsi həkk edilib.

Saat “Zenith El Primero” 400 mexanizmi əsasında hazırlanmış 4030 kalibri ilə təchiz olunub. “Rolex” bu mexanizmi öz standartlarına uyğunlaşdırmaq üçün təxminən 200 dəyişiklik edib. Nəticədə enerji ehtiyatı artırılıb, işləmə tezliyi isə azaldılıb.

Model 2020-ci ildə “Sotheby's Important Watches” hərracında 2 897 610 avroya satılıb.

13. İki saniyəölçənli xronoqraf Ref. 4113 - 3 284 000 avro

Ref. 4113 “Rolex” tarixində xüsusi yer tutur. Bu, markanın istehsal etdiyi yeganə iki saniyəölçənli xronoqraf hesab olunur.

Model yalnız 1942-ci ildə istehsal edilib, heç vaxt rəsmi kataloqa daxil edilməyib və reklam olunmayıb.

44 millimetrlik korpus həm “Rolex”un istehsal etdiyi ən böyük xronoqraf korpusu, həm də dövrünün ən nazik iki saniyəölçənli xronoqraflarından biri sayılır.

Cəmi 12 ədəd istehsal olunmuş model xüsusi modifikasiya edilmiş “Valjoux 55 VBR” mexanizmi ilə işləyir.

Bu nümunə kolleksiyaçı Con Qoldberqerin kolleksiyasında olub və 2024-cü ildə “Monaco Legend Auctions” tərəfindən 3 284 000 avroya satılıb.

12. “Rolex Oyster Cosmograph” Ref. 6263, “The Legend” - 3 401 681 avro

12-ci yerdə qızıl korpuslu və vintli xronoqraf düymələri ilə təchiz edilmiş “Oyster Lemon Paul Newman” siferblatlı nadir “Daytona” modeli yer alır.

Saatın mövcudluğu uzun müddət kolleksiyaçılar arasında müzakirə mövzusu olub. Yalnız 2013-cü ildə hərracda təqdim edildikdən sonra onun orijinallığı tam təsdiqlənib.

Model 2017-ci ildə “Phillips Geneva Watch Auction: FIVE” satışında 3 401 681 avroya satılıb.

11. “Rolex Oyster Cosmograph” Ref. 6263 - 3 447 420 avro

Bu model məlum olan üç ədəd 18 karatlıq qızıl “Lemon Paul Newman Daytona” nümunəsindən ən erkən istehsal edilmiş versiya hesab olunur.

Uzun illər belə bir kombinasiyaya malik “Daytona”ların mövcud olmadığı düşünülürdü. Buna görə də modelin 2013-cü ildə ictimaiyyətə təqdim olunması kolleksiyaçılar arasında böyük maraq doğurmuşdu.

Saat 2022-ci ildə “Christie's Rare Watches” hərracında 3 447 420 avroya satılıb.

10. “Rolex Cosmograph Daytona” Ref. 6270 - 3 773 444 avro

Siyahının 10-cu pilləsində Omanın mərhum sultanı Qabus bin Səid Əl Səidlə əlaqələndirilən nadir model qərarlaşıb.

Qabus bin Səid “Rolex” və “Patek Philippe” kimi istehsalçılara xüsusi sifarişlər verir, bu saatları sadiq xidmətçilərə və xarici diplomatlara hədiyyə edirdi. Ref. 6270 həmin sifarişlərdən biri hesab olunur.

37 millimetrlik sarı qızıl korpus, baget formalı brilyantlarla işlənmiş bezel, pave üslublu brilyant siferblat və kobalt-mavi alt göstəricilər modeli xüsusilə fərqləndirir.

Saat 2023-cü ildə “Phillips Geneva Watch Auction: XVII” hərracında 3 773 444 avroya satılıb.

9. İki saniyəölçənli xronoqraf Ref. 4113 - 4 077 380 avro

1942-ci ildə istehsal olunmuş Ref. 4113 modelinin daha bir nümunəsi siyahıda 9-cu yeri tutur.

44 millimetrlik paslanmayan polad korpuslu saat dövrünün həm ən iri, həm də ən nazik iki saniyəölçənli xronoqraflarından biri hesab edilir.

Model taximetr və telemetr şkalaları ilə təchiz olunub. Hazırda bu referansa aid cəmi səkkiz nümunənin mövcudluğu sənədləşdirilib.

Saat “FutureGrail” platformasında 4 077 380 avroya satılıb.

8. “Rolex Cosmograph Daytona” Ref. 6270 “The King” - 4 502 167 avro

Bu model də Omanın keçmiş sultanı Qabus bin Səid Əl Səidlə əlaqələndirilir.

Saatın ən diqqətçəkən xüsusiyyətlərindən biri Omanın dövlət rəmzi olan xəncər və çarpaz qılınclar təsvirinin siferblatda yer almasıdır. Bu səbəbdən kolleksiyaçılar arasında belə modellər “Khanjar” saatları kimi tanınır.

“Rolex” bu modeldə baget formalı brilyant bezel, tam pave brilyant siferblat, sapfir saat işarələri və tünd-göy alt göstəriciləri bir araya gətirib.

Model 2025-ci ildə “Sotheby's Important Watches” hərracında 4 502 167 avroya satılıb.

7. “Rolex Cosmograph Daytona” Ref. 6263 “Big Red” - 4 519 875 avro

Məşhur aktyor Pol Nyuman 1968-ci ildən etibarən müxtəlif “Daytona” modellərindən istifadə edib. Onların arasında Ref. 6263 “Big Red” xüsusi yer tutur.

Aktyor bu saatı 1983-cü ildən 2008-ci ilə qədər taxıb. Bu, onun ən uzun müddət istifadə etdiyi saat hesab olunur.

Saatın arxa qapağında həyat yoldaşı Coann Vudvordun həkk etdirdiyi “Drive slowly Joanne” sözləri yer alır.

Model 2020-ci ildə “Phillips Racing Pulse” hərracında 4 519 875 avroya satılıb.

6. “Rolex” Ref. 6062 “Bao Dai” - 4 630 015 avro

Altıncı yerdə “Bao Dai” adı ilə tanınan əfsanəvi Ref. 6062 modeli qərarlaşıb.

1954-cü ildə Vyetnamın son imperatoru Bao Dai İsveçrədə səfərdə olarkən Cenevrədəki “Chronométrie Philippe Beguin” mağazasına daxil olaraq ən nadir və ən qiymətli “Rolex” saatını almaq istədiyini bildirib.

Nəticədə ona təqdim edilən Ref. 6062 sonradan kolleksiyaçılar arasında “Bao Dai” adı ilə məşhurlaşıb.

36 millimetrlik sarı qızıl korpuslu model tam təqvim və Ay fazaları göstəricisi ilə təchiz olunub. Qara siferblat üzərində yerləşdirilmiş brilyant saat işarələri isə onu daha da nadir edir.

Saat 2017-ci ildə “Phillips Geneva Watch Auction: FIVE” hərracında 4 630 015 avroya satılıb.

5. “Rolex GMT-Master” Ref. 1675 - Marlon Brandonun “Apocalypse Now” saatı - 4 754 112 avro

Beşinci pillədə məşhur aktyor Marlon Brandoya məxsus olmuş “Rolex GMT-Master” Ref. 1675 qərarlaşıb.

Saat “Apocalypse Now” ləqəbi ilə tanınır. Belə ki, Brando onu 1979-cu ildə ekranlara çıxan eyniadlı filmdə polkovnik Volter E. Kurtz obrazını canlandırarkən taxıb.

Uzun illər itmiş hesab edilən saat 2019-cu ildə yenidən üzə çıxıb. Hərrac zamanı korpusun arxa hissəsində həkk edilmiş “M. Brando” yazısı da aşkarlanıb.

Brando saatı 1995-ci ildə övladlığa götürdüyü qızı Petra Brando Fişerə hədiyyə edib. Hədiyyə ilə birlikdə təqdim olunan məktubda o yazırdı:

“Bu saat tank kimidir. Onunla istənilən işi görə bilərsən və o işləməyə davam edəcək. Mən istəyirəm ki, onu mənim səninlə fəxr etdiyimi xatırladan bir yadigar kimi saxlayasan.”

Saatın ən maraqlı xüsusiyyətlərindən biri bezelinin çıxarılmış olmasıdır. Petra Brando Fişerin sözlərinə görə, çəkiliş zamanı saatın diqqəti çox cəlb etdiyi bildirilib. Brando isə buna belə cavab verib:

“Əgər onlar mənim saatıma baxırlarsa, deməli mən aktyor kimi işimi düzgün görmürəm.”

Model 2023-cü ildə “Christie's Passion for Time” hərracında 4 754 112 avroya satılıb.

4. “Rolex Oyster Cosmograph” Ref. 6265 “The Unicorn” - 4 970 233 avro

Dördüncü yerdə “The Unicorn” adı ilə tanınan unikal “Rolex Oyster Cosmograph” Ref. 6265 qərarlaşıb.

Uzun illər kolleksiyaçılar əl ilə qurulan “Daytona” modellərinin yalnız paslanmayan polad və ya sarı qızıldan hazırlandığını düşünürdülər. Ağ qızıl korpuslu modelin mövcudluğu isə təsdiqlənməmişdi.

Bu təsəvvür 2013-cü ildə dəyişdi. Həmin il ağ qızıldan hazırlanmış unikal Ref. 6265 ictimaiyyətə təqdim olundu.

Araşdırmalara görə, saat 1970-ci ildə Almaniyadakı bir satıcı üçün xüsusi sifarişlə hazırlanıb və bir il sonra təhvil verilib. Daxili sənədlərdə model Ref. 6265/9 kimi qeyd olunub. “Rolex” tarixən ağ qızıl modellər üçün “9”, sarı qızıl modellər üçün isə “8” indeksindən istifadə edib.

Saat məşhur kolleksiyaçı Con Qoldberqerə məxsus olub və sonradan ağ qızıl bilərziklə tamamlanıb.

“The Unicorn” 2018-ci ildə “Phillips Daytona Ultimatum” hərracında 4 970 233 avroya satılıb.

3. “Rolex” Ref. 6062 - 5 330 000 avro

İlk üçlüyü daha bir son dərəcə nadir Ref. 6062 modeli açır.

“Rolex” tarixən mürəkkəb funksiyalara malik saatları ilə tanınmadığından bu model xüsusi əhəmiyyət daşıyır. Saat həftənin günü, ay, tarix və Ay fazaları göstəricilərini birləşdirir.

36 millimetrlik sarı qızıl “Oyster” korpuslu modeldən ümumilikdə təxminən 350 ədəd istehsal olunduğu güman edilir.

Bu nümunəni fərqləndirən əsas xüsusiyyət qara laklı siferblat və altı brilyant saat işarəsidir. Brilyantlar 1, 3, 5, 7, 9 və 11 mövqelərində yerləşdirilib.

Model ilk dəfə 2006-cı ildə satılıb, daha sonra uzun müddət şəxsi kolleksiyada qalıb. Saat 2025-ci ildə “Monaco Legend Auctions Exclusive Timepieces” hərracında 5 330 000 avroya alıcı tapıb.

2. “Rolex Cosmograph Daytona” Ref. 16599SAAEC “Rainbow Zenith Daytona” - 5 869 805 avro

İkinci pillədə “Rolex”un VIP müştərilər üçün hazırladığı ən məşhur kataloqdankənar modellərdən biri yer alır.

Təxminən 1994-cü ildə istehsal edilmiş ağ qızıl korpuslu saatın bezelində göy qurşağı effekti yaradan 44 baget formalı sapfir daş yerləşdirilib. Məhz buna görə model “Rainbow Daytona” adı ilə tanınır.

Siferblat pave üsulu ilə düzülmüş brilyantlarla örtülüb, saat işarələri isə mavi sapfirlərdən hazırlanıb.

Model iki səbəbə görə xüsusi əhəmiyyət daşıyır. Birincisi, o, “Rolex”un rəsmi “Rainbow Daytona” seriyasından təxminən 20 il əvvəl istehsal edilib. İkincisi isə saatın “Zenith El Primero” bazasında hazırlanmış 4030 kalibri ilə təchiz olunmasıdır.

Saat 2024-cü ildə “Phillips Reloaded: The Rebirth of Mechanical Watchmaking, 1980–1999” hərracında 5 869 805 avroya satılıb.

1. “Rolex Cosmograph Daytona” Ref. 6239 “Paul Newman” - 15 170 911 avro

Siyahının zirvəsində hərrac tarixində satılmış ən bahalı “Rolex” saatı qərarlaşıb.

Bu model 26 oktyabr 2017-ci ildə Nyu-Yorkda keçirilən “Winning Icons – Legendary Watches of the 20th Century” hərracında təqdim olunub və məşhur aktyor Pol Nyumana məxsus olub.

Məlumata görə, saatı aktyora 1969-cu ildə çəkilən “Winning” filminin istehsalı zamanı həyat yoldaşı Coann Vudvord hədiyyə edib.

Model sonradan “Paul Newman” siferblatı kimi məşhurlaşan “Exotic” dizayna malikdir. Arxa qapaqda isə “DRIVE CAREFULLY ME” (“Mənim üçün ehtiyatla sür”) sözləri həkk olunub.

Hərrac zamanı qiymət birbaşa 10 milyon ABŞ dollarından başlayıb. Təxminən 12 dəqiqə davam edən gərgin təklif yarışından sonra saat anonim telefon alıcısına satılıb.

Alıcı komissiyası daxil olmaqla yekun satış qiyməti 15 170 911 avro təşkil edib. Bu nəticə Ref. 6239-u yalnız tarixin ən bahalı “Rolex” modeli deyil, həm də dünyanın ən qiymətli kino rekvizitlərindən birinə çevirib.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

PR böhranı brendi necə gücləndirə bilər?

18.06.2026

BMW imperiyası "Volkswagen"dən daha tez çökə bilər

18.06.2026

Bir saat üçün 15 milyon avro: ən bahalı “Rolex” modelləri

18.06.2026

"PayPal Ventures" yeni investisiyaları dayandırdı

18.06.2026

AMB iki şirkətə elektron pul təşkilatı lisenziyası verib

18.06.2026

"Google"un 2,7 milyard dollar xərclədiyi mühəndis "OpenAI"a keçdi

18.06.2026

Startapların inkişafı üçün 425 min manatlıq layihə

18.06.2026

Onlar ayda orta hesabla 4 saat daha çox işləyiblər

18.06.2026

"Dövlət qurumları süni intellekti tənzimləyən qərarlar qəbul etməlidir"

18.06.2026

Hüquq texnologiyaları startapı 3,8 milyon dollar investisiya alıb

18.06.2026

Azərbaycanda vençur kapitalı fondları üçün yeni qaydalar müəyyənləşir

18.06.2026

İslam İnkişaf Bankı Azərbaycanda layihələrə 1,3 milyard dollar vəsait yatırıb

18.06.2026
BMW və Mercedes-Benz-in ən populyar modelləri neçə manata təklif olunur?

BMW və Mercedes-Benz-in ən populyar modelləri neçə manata təklif olunur?

18.06.2026

Vəfatdan sonra yaxınlara ödəniş edən sığortada son 5 il

18.06.2026

Kvant kompüterləri hazırlayan “Atom Computing” 300 milyon dollardan çox yatırım aldı

18.06.2026

Qlobal bazarlarda FED və sülh qarışıqlığı: Nə baş verir?

18.06.2026

Süni intellekt insanları əvəz etməyəcək, daha çox iş yeri yaradacaq - Ceff Bezos

18.06.2026
Azərbaycanda az işləyib yüksək maaş alan sahələr

Azərbaycanda az işləyib yüksək maaş alan sahələr - SİYAHI

18.06.2026

"Azərbaycanda süni intellektin məsuliyyətli tətbiqi üçün mühüm addımlar atılır"

18.06.2026

"Apple" məhsullarında qiymət artımı qaçılmaz ola bilər

18.06.2026

Məzənnə

Yüklənir...