Redaktor
Uğursuzluğun açarı: İş müsahibəsində hansı sual sizi sınağa çəkir?
Əksər işə namizədlər hesab edirlər ki, müsahibədə suallar onların keçmiş təcrübəsi və bacarıqları ilə bağlı olacaq. Lakin bəzən rekruterlər (ən yaxşı namizədləri komandaya cəlb etmək və işə qəbul üçün məsul olan şirkət işçisi) tamamilə başqa şey axtarır.
Valyuta.az xəbər verir ki, beynəlxalq audit şirkətində İnsan Resursları şöbəsinin rəhbəri Sandra Oliver "CNBC Make It"ə müsahibəsində deyib ki, o, bütün namizədlərə vəzifə təklif etməzdən əvvəl bir sual verir. Onun sözlərinə görə, bu üsulla namizədin güclü və zəif tərəflərini tez müəyyən etmək mümkündür.
Oliver qeyd edib ki, müsahibədə o, namizədlərdən bir məqsəd nümunəsi göstərmələrini, onu necə həyata keçirdiklərini izah etmələrini, həmçinin həyata keçirmədikləri bir məqsədi paylaşmalarını xahiş edir. Onun sözlərinə görə, çox namizəd üçün uğursuzluqlardan danışmaq çətin olsa da, məhz buna görə bu sual verilir.
"İnsanların özlərinə münasibətini başa düşmək üçün müsahibəyə belə başlamağı sevirəm. İnsanlar bu mövzulardan danışmağı sevmir", deyə Oliver bildirib.
İnsan Resursları şöbəsinin rəhbəri vurğulayıb ki, namizədlərin bu sualdan yayınmasını istəmir: o, tam dürüstlük axtarır. O, istəyir ki, namizədlər keçmiş iş təcrübəsində səhv edə biləcəklərini qəbul etsin və həmin səhvlərdən nələr öyrəndiklərini paylaşsınlar.
Əvvəllər Nyu York Universitetinin Stern Biznes Məktəbinin professoru Suzi Velç bildirib ki, bəzən potensial olaraq çox yaxşı namizədlər naməlum səhvlərə görə müsahibədə uğursuz olur. O, belə hallardan bir neçəsini açıqlayıb.
Velç deyib ki, bir dəfə o, çox zəkalı, çevik, səmimi və çalışqan bir tələbəni öyrədirdi, lakin namizəd bütün müsahibələrdə uğursuz olurdu. Nəticədə professor onunla sınaq müsahibəsi keçirib və problemi tez aşkarlayıb.
"Ənənəvi sual verdiyimdə – "Uzunmüddətli karyera məqsədləriniz hansılardır?" – o gülümsədi və mənə dedi ki, bir gün öz biznesini qurmaq istəyir", deyə Velç qeyd edib.
Velçin sözlərinə görə, işəgötürən işçidən eşitmək istəmədiyi ən son şey budur ki, o, fürsət düşən kimi işdən çıxmağı planlaşdırır. Rekruterlər üçün digər “qırmızı xətt” isə namizədin şəxsi zaman və şəxsi məkanının nə qədər vacib olduğunu vurğulamasıdır.
Paşa Məmmədli