Redaktor
Avropa Komissiyası İlon Maskın “X” platforması ilə bağlı araşdırmaya başlayıb
Avropa Komissiyası İlon Maskın sahibi olduğu “X” sosial şəbəkəsinin süni intellekt əsaslı çatbotu "Grok" ilə bağlı rəsmi araşdırmaya start verib.
Valyuta.az xəbər verir ki, buna səbəb platformanın daxili süni intellekt alətinin real insanların - o cümlədən azyaşlı qızların - razılığı olmadan cinsi xarakterli şəkildə “soyundurulmuş” görüntülərinin yaradılmasına imkan verməsi olub.
Araşdırma “X” platformasının bu cür kontentin yaradılması və yayılması risklərini kifayət qədər azaldıb-azaltmadığını müəyyənləşdirməyi hədəfləyir. Əgər pozuntu təsdiqlənsə, Avropa İttifaqının Rəqəmsal Xidmətlər Aktı (DSA) çərçivəsində şirkət qlobal illik dövriyyəsinin 6%-dək cərimə oluna bilər.
Qeyd edək ki, ötən ilin dekabrında Avropa Komissiyası “X” platformasını hesab təsdiqləmə nişanları və reklam təcrübələri ilə bağlı 120 milyon avro məbləğində cərimələmişdi. “Grok” çatbotu daha əvvəl də Avropada hüquqi pozuntularla bağlı araşdırmaların mərkəzində olub və hazırda Fransa, Almaniya və Böyük Britaniyada da yoxlamalar davam edir.