Redaktor
“Son 3 ədəd qaldı” cümləsi müştərini almağa vadar edir"
Bəzən ehtiyac bir məhsuldan yox, sonuncu olma hissindən yaranır. Eyni anda üç məhsul görürük, amma diqqətimiz avtomatik olaraq “bitmək üzrə olan”a yönəlir. Seçim azaldıqca dəyər artır, qərar isə sürətlənir.
Bəs 3 məhsuldan yalnız birinin “son 3 ədəd qaldı” olması (qıt olması) seçimimizi həqiqətən dəyişirmi?
Marketoloq Samir Mehdiyev Valyuta.az-a bildirir ki, qıtlıq effekti marketinqdə ən güclü psixoloji mexanizmlərdən biridir və “son 3 ədəd qaldı” kimi ifadələr bunun ən klassik nümunəsidir:
"Marketinq baxımından bu cümlə sadəcə stok məlumatı deyil, insan beynində “indi qərar verməliyəm” siqnalını aktivləşdirən bir təkandır. İnsanlar itirmə ehtimalını qazancdan daha güclü hiss etdikləri üçün məhdudluq mesajı alış qərarını sürətləndirir və tərəddüdü azaldır. Xüsusilə rəqəmsal mühitdə, alternativlərin çox olduğu şəraitdə bu cür mesajlar diqqəti fokuslayır və hərəkətə keçməyə vadar edir".
"Bununla yanaşı, qıtlıq effektinin təsiri tamamilə onun etibarlılığından asılıdır. İstifadəçi eyni məhsulu günlərdir “son 3 ədəd” statusunda görürsə, bu mesaj artıq psixoloji təsirini itirir və manipulyasiya kimi qəbul olunur. Bu isə brendin etibarına zərbə vurur və uzunmüddətli münasibət qurmağı çətinləşdirir. Marketinqdə qısamüddətli satış artımı naminə etibar riskə atıldıqda, bu strategiya çox neqativ nəticə yarada bilər"- deyə S.Mehdiyev qeyd edir.

"Peşəkar marketoloq qıtlıqdan planlı şəkildə istifadə edir. Real stok, real zamanlama və uyğun auditoriya əsas götürülür. Məqsəd insanı aldatmaq yox, qərarvermə prosesini asanlaşdırmaq və sürətləndirməkdir. Bu balans qorunduqda “son 3 ədəd qaldı” mesajı sadə bir cümlədən çıxıb satışa real təsir edən güclü alətə çevrilir".
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMarketinqdən başlayıb Dünya Bankının rəhbəri olan şəxs - SƏHƏR OXUSU
19.03.2026