Redaktor
"Fed" bu axşam növbəti faiz qərarını açıqlayacaq
ABŞ Mərkəzi Bankı (Fed) bu gün ilin ikinci faiz qərarını açıqlayacaq.
Valyuta.az xəbər verir ki, bazarlar böyük ehtimalla faiz dərəcələrinin dəyişməz saxlanılacağını proqnozlaşdırır. CME-nin "FedWatch" alətinə əsasən, investorlar faizlərin sabit qalacağına 99% ehtimal verir.
Qərarın Bakı vaxtı ilə saat 21:00-da, "Fed" sədri Cerom Pauellin mətbuat konfransının isə 21:30-da keçirilməsi gözlənilir.
Analitiklər bildirir ki, Pauellin xüsusilə inflyasiya və əmək bazarı ilə bağlı açıqlamaları bazarlar üçün əsas istiqamətverici olacaq. ABŞ-da inflyasiya son aylarda azalaraq illik 2,4%-ə qədər geriləsə də, faizlərin aşağı salınmasının yenidən qiymət artımını sürətləndirə biləcəyi ilə bağlı narahatlıqlar qalır.
Eyni zamanda, geosiyasi risklər və enerji qiymətlərində mümkün artım da "Fed"in qərarlarına təsir edən əsas amillər sırasında göstərilir. Son açıqlanan məşğulluq statistikasının gözləntilərdən zəif olması isə iqtisadiyyatda stagflyasiya riskləri ilə bağlı müzakirələri gücləndirib.
Qərarla yanaşı, "Fed"in gələcək illər üzrə faiz proqnozlarını əks etdirən və "dot-plot" kimi tanınan qrafik də açıqlanacaq. Bu qrafikdə "Fed" üzvlərinin 2026-2028-ci illər üzrə gözləntiləri yer alacaq.
Hazırda ABŞ-da baza faiz dərəcəsi 3,75-3,50% aralığında saxlanılır.
Sərvanə Rəmixanova