Redaktor
Bankları və istifadəçiləri qoruyan 10 STARTAP
Fırıldaqçılıqla mübarizə kibertəhlükəsizlik və fintex sektorunda əsas istiqamətlərdən birinə çevrilir. Dələduzluq, şəxsiyyət oğurluğu, hesabların ələ keçirilməsi və süni intellekt dəstəkli maliyyə cinayətləri fonunda şirkətlər yeni texnologiyalara daha çox investisiya yatırır.
Valyuta.az xəbər verir ki, EU-Startups Avropada fırıldaqçılığın qarşısını almaq üçün texnologiyalar hazırlayan ən perspektivli 10 startapın siyahısını açıqlayıb.
Kibercinayətkarların istifadə etdiyi üsullar mürəkkəbləşdikcə startaplar da süni intellekt əsaslı həllərlə şübhəli fəaliyyətləri daha sürətli aşkarlamağa, rəqəmsal identifikasiya proseslərini gücləndirməyə və maliyyə itkilərinin qarşısını almağa çalışırlar.
Siyahıda yer alan şirkətlərdən biri olan Madrid mərkəzli "Acoru" banklara və maliyyə qurumlarına vəsait köçürülməzdən əvvəl fırıldaqçılığı müəyyən etməyə imkan verən platforma hazırlayıb. Şirkət 2023-cü ildə yaradılıb və indiyədək 14 milyon avro investisiya cəlb edib.
Londonda fəaliyyət göstərən "AVIEL" Intelligence isə "mule account" kimi tanınan və cinayətkarlar tərəfindən pul köçürmələri üçün istifadə olunan hesabları aşkarlayır. Startap süni intellektlə işləyən xüsusi virtual profillər vasitəsilə fırıldaqçıları izləyir və onların fəaliyyətini analiz edir.
Digər London startapı "FALKIN" bank müştərilərinin fırıldaqçılıq riskinə məruz qaldığını ödəniş həyata keçirilməzdən əvvəl müəyyən etməyə kömək edən texnologiya hazırlayıb.
Parisdə yerləşən "MokN" şirkəti oğurlanmış istifadəçi məlumatlarının istifadəsinin qarşısını almağa yönəlmiş kibertəhlükəsizlik həlləri təqdim edir. Şirkət saxta giriş portalları yaradaraq kibercinayətkarları tələyə salır və onların fəaliyyətini erkən mərhələdə aşkarlayır. "MokN" bu gün 1 milyondan çox istifadəçini qoruduğunu bildirir.
Fransanın digər startapı "Prelude" istifadəçilərin həqiqi olub-olmadığını müəyyən etmək üçün telekommunikasiya məlumatları, cihaz identifikasiyası və davranış modellərindən istifadə edir. Şirkət bu sahədə 24,3 milyon avro investisiya cəlb edib.
İsveçin "PryvX" startapı isə telekommunikasiya, maliyyə və sığorta şirkətlərinin məxfi məlumatları paylaşmadan birlikdə fırıldaqçılıqla mübarizə aparmasına imkan yaradan platforma hazırlayıb.
Parisdə yerləşən "Qevlar AI" təhlükəsizlik əməliyyat mərkəzləri üçün süni intellekt əsaslı həllər təqdim edir. Platforma təhlükəsizlik siqnallarını analiz edərək onların real təhlükə olub-olmadığını müəyyənləşdirir. Şirkət indiyədək 38,9 milyon avro investisiya alıb.
Madriddə yaradılan "Sybol" korporativ rəqəmsal identifikasiya sistemləri hazırlayır. Şirkətin texnologiyası saxta sənədlərin, saxta şirkət kimliklərinin və icazəsiz girişlərin qarşısını almağa kömək edir.
Londonda fəaliyyət göstərən "Tunic Pay" banklar və ödəniş şirkətləri üçün real vaxt rejimində fırıldaqçılıq risklərini qiymətləndirən həllər təqdim edir. Platforma ödəniş həyata keçirilməzdən əvvəl riskləri müəyyən etməyə imkan verir.
Siyahını tamamlayan Barselona mərkəzli "Zynap" isə generativ süni intellektdən istifadə edərək şirkətlərə potensial kibertəhdidləri əvvəlcədən müəyyənləşdirməyə kömək edir.
Sərvanə Rəmixanova