"Rəhbərliyin “Ərizəni yaz, işdən çıx” deməsi qanuna ziddir"

Redaktor

08.12.2025 15:00
629

"Rəhbərliyin “Ərizəni yaz, işdən çıx” deməsi qanuna ziddir"

Bir çox müəssisələrdə işçilərə müəyyən müddət çalışdıqdan sonra “ərizə yaz, işdən çıx” tələbi irəli sürülür. Yəni faktiki olaraq işəgötürən əmək münasibətlərinə xitam vermək istəyir, lakin bunu rəsmən öz təşəbbüsü ilə etməyərək, işçinin özünün ərizə yazmasını tələb edir. İşçi də bildirir ki, ərizə yazmaq istəmir.

Bu zaman proses necə tənzimlənir?

Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov Valyuta.az-a bildirib ki, əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun tənzimlənir və əmək müqaviləsinə xitam verilməsinin hüquqi əsasları bu sənəddə açıq şəkildə göstərilib:

"Əmək müqaviləsinə xitam verilməsi yalnız qanunla müəyyən edilmiş hallarda mümkündür. İşəgötürənin “ərizə yaz, işdən çıx” kimi təklif və ya tələb irəli sürməsi qanunvericiliyin müddəalarına ziddir. İşdən çıxmaq üçün ərizə təqdim olunması yalnız işçinin şəxsi təşəbbüsünə əsaslana bilər. Əgər bu təşəbbüs işəgötürənin yönləndirməsi ilə baş verirsə, bu artıq əmək hüquqlarının pozulması sayılır".

N.Xəlilov qeyd edib ki, Əmək Məcəlləsinin 70-ci maddəsində göstərilən hallarda işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilər: "Bu hallara müəssisənin ləğvi, ştatların ixtisarı, işçinin əmək funksiyalarını pozması, sınaq müddətində özünü doğrultmaması və digər əsaslar daxildir. Yəni əmək müqaviləsinə bir çox əsaslarla yanaşı bu iki halda da xitam verilə bilər: ya işçi öz iradəsi ilə ərizə yazaraq işdən çıxmaq istəyini ifadə edir, ya da işəgötürən qanunvericilikdə nəzərdə tutulan əsaslara istinad edərək müqaviləyə xitam verir".

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...