Redaktor
İş yerini məhkəməyə vermək işçinin karyerasına təsir edir?
Bəzən işçi ilə iş yeri arasında müəyyən problemlər yaranır. Hətta bu problemlər tərəflər arasında həll olunmur və işçi məhkəməyə müraciət etməyi düşünür. Lakin məhkəmədən sonrakı baş verəcək proseslər işçini də narahat edir. Əgər işçi iş yerini məhkəməyə versə, bu addım onun gələcək karyerasına təsir edə bilər?
İnsan Resursları üzrə mütəxəssis Asim Həsənov Valyuta.az-a bildirdi ki, işçinin işlədiyi müddətdə məhkəməyə və ya rəsmi şikayət mexanizmlərinə müraciət etməsinin həm riskli, həm də rahat tərəfləri mövcuddur.
Onun sözlərinə görə, işçi hələ müəssisədə çalışdığı dövrdə şikayət edirsə, bu, müəyyən psixoloj təzyiqlər yarada bilər: “Rəhbərlik və kollektiv tərəfindən qısnama, münasibətlərin soyuması, iş mühitində neqativ davranışlar ilə üzləşmək ehtimalı arta bilər. Qanun çərçivəsində olsa belə, bəzi müəssisələrdə işçinin vəzifə öhdəliklərindəki ən xırda boşluqlardan istifadə edilərək ona qarşı əlavə təzyiq mexanizmləri işə salına bilər”.
A.Həsənov vurğulayır ki, işçi məhkəməyə müraciət etməzdən əvvəl əlindəki sübutların gücünü real şəkildə dəyərləndirməlidir: “Əgər məhkəmə prosesində iddialar tam sübut olunmazsa və işçi həmin müəssisədə fəaliyyətini davam etdirərsə, sonrakı dövrdə ona olan etimad ciddi şəkildə zəifləyə bilər.
Bununla belə, məhkəməyə müraciət etmək işçi üçün “son nöqtə” demək deyil. Əksinə, bu, problemin hüquqi müstəvidə qiymətləndirilməsi və yekun qərarın verilməsi üçün qanuni bir mexanizmdir. Burada əsas risk məhkəmənin özü yox, məhkəmə prosesinin düzgün idarə olunmamasıdır. İşçinin hüquqi baxımdan məhkəməyə müraciət etmək tam haqqıdır və bu addım avtomatik olaraq onun haqsız olduğu anlamına gəlmir”.

Ekspert bildirir ki, işçi ilk növbədə narazılığını müəssisədaxili mexanizmlər vasitəsilə bildirməlidir: “Kadrlar şöbəsi və hüquq bölməsi ilə məsləhətləşmələr aparılmalı, rəsmi cavablar tələb edilməlidir. Əgər bu mərhələdə problem həllini tapmır və işçinin hüquqları davamlı şəkildə pozulursa, yalnız bundan sonra məhkəməyə müraciət etmək daha sağlam yanaşma sayılır”.
Məhkəmədən sonra iş dəyişmək nə dərəcədə risklidir?
O, bildirir ki, işçi məhkəməyə müraciət etdikdən sonra işdən ayrılıb yeni iş yeri axtararsa, hüquqi baxımdan onun qarşısında rəsmi maneə yoxdur: “Heç bir işəgötürən namizədi “əvvəlki iş yerini məhkəməyə verib” deyə açıq şəkildə rədd edə bilməz. Bu məlumat əmək kitabçasında və ya rəsmi sənədlərdə əks olunmur. Lakin praktiki reallıqda bəzi dolayı təsirlər mümkündür. Referans yoxlaması zamanı əvvəlki işəgötürənlə qeyri-rəsmi əlaqə qurularsa, münasibətin necə bitməsi şifahi şəkildə ötürülə bilər. Bu isə bəzi işəgötürənlərin risk almamaq üçün namizədə ehtiyatla yanaşmasına səbəb ola bilər”.
A.Həsənov qeyd edir ki, əgər işçinin məhkəməyə müraciəti əsaslandırılmışdırsa, məsələn, əmək haqqının ödənilməməsi, qanunsuz işdən çıxarılma, əmək müqaviləsinin pozulması, məcburi əlavə iş, təzyiq və ya diskriminasiya halları ilə bağlıdırsa, bu, etik və hüquqi baxımdan tam haqlı mövqedir. Belə vəziyyətlər düzgün izah edildikdə, gələcək müsahibələrdə ciddi problem yaratmaya bilər”.
Hüquqi baxımdan bu proses necə qiymətləndirilir?
Vəkil Cavanşir Qasımzadə Valyuta.az-a bildirib ki, bu tip hallar əmək mübahisəsi hesab olunur və onların hansı çərçivədə qiymətləndirilməsi Əmək Məcəlləsi ilə müəyyən edilir.
Onun sözlərinə görə, işçi hüquqları pozulduqda əvvəlcə işəgötürənə müraciət etməlidir: “Hüquqlar bərpa olunarsa, mübahisə bitmiş sayılır. Əks halda işçinin iki əsas yolu var: ya Əmək Müfəttişliyi Xidmətinə şikayət etmək, ya da məhkəməyə müraciət etmək. Əgər məqsəd pozulmuş hüququn bərpasıdırsa, məsələ məhkəmədə həll olunur. Müəssisənin inzibati qaydada cəzalandırılması istənilirsə, bu zaman müvafiq quruma şikayət edilir. Hətta hər iki mexanizmdən paralel şəkildə istifadə etmək də mümkündür”.
Vəkil qeyd edir ki, şikayətdən sonra iş yerində münasibətlərin necə formalaşması birbaşa müəssisənin peşəkarlıq səviyyəsindən asılıdır: “Qeyri-peşəkar mühitdə işçi sıxışdırıla, ona qarşı neqativ mövqe nümayiş etdirilə bilər. Lakin peşəkar müəssisələrdə hüquq bərpa edildikdən sonra işçinin şikayət etməsinin heç bir əhəmiyyəti qalmır. Əsas məsələ müəssisənin hüquqi və maliyyə baxımından zərər görməməsidir”.

C.Qasımzadə deyir ki, işdən ayrıldıqdan sonra yaranan əmək mübahisələri isə əsasən iki istiqamətdə olur: ya işə bərpa tələbi, ya da hesablanmış ödənişlərin verilməsi ilə bağlı iddialar: “Bu mərhələdə artıq işçi əvvəlki müəssisədə çalışmadığı üçün ona birbaşa təzyiq göstərilməsi mümkün deyil. Lakin qeyri-peşəkar iş mühitlərində əvvəlki işəgötürənin yeni iş yerinə qeyri-rəsmi məlumat ötürməsi halları da istisna edilmir”.
Ekspert vurğulayır ki, yalnız ciddi qüsurları olan və ya bilərəkdən qanun pozuntularına yol verən müəssisələr şikayət edən işçidən narahat ola bilər: “Hüquqlara riayət edən, peşəkar müəssisələr üçün isə işçinin məhkəməyə müraciət etmiş olması problem sayılmır”.
Sərvanə Rəmixanova