Redaktor
Çin daha bir 100 milyon tonluq neft yatağı kəşf edib
China National Offshore Oil Corporation (CNOOC) Çinin Bohay dənizində daha bir iri neft yatağının aşkarlandığını açıqlayıb.
Valyuta.az xəbər verir ki, kəşf Bohay dənizinin dayaz Neogen laylarında yerləşən Qinhuangdao 29-6 neft yatağı ilə bağlıdır. Bu, 2019-cu ildən bəri Çinin ən böyük xam neft hasilatı bazası olan Bohay neft regionunda aşkarlanan ardıcıl yeddinci 100 milyon tonluq neft yatağıdır.
China Media Group-un məlumatına əsasən, yeni kəşf Çinin dənizdə neft və qaz ehtiyatlarını daha da gücləndirir və ölkənin milli enerji təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Bildirilir ki, Qinhuangdao 29-6 neft yatağı Bohay dənizinin mərkəzi hissəsində yerləşir və son illərdə aşkar edilmiş Qinhuangdao 27-3 yatağından sonra regionda qeydə alınan növbəti yüz milyon tonluq litoloji neft yatağıdır. Aparılan sınaqlar bir quyunun gündəlik təxminən 370 ton xam neft hasil edə bildiyini göstərir ki, bu da yatağın yüksək kəşfiyyat potensialına malik olduğunu təsdiqləyir.
CNOOC-un rəsmisinin sözlərinə görə, şirkət dayaz Neogen maili zonalarda karbohidrogenlərin miqrasiyası və yığılması modelləri üzrə innovativ texnologiyaların tətbiqini gücləndirib və məhz bu yanaşma son kəşfə imkan yaradıb.
Qeyd olunub ki, bu nəticə maili ərazilərin yalnız karbohidrogenlərin keçid zonası olduğu barədə mövcud yanaşmanı şübhə altına alır və ətraf yüksəkliklərdə yerləşən maili sahələrin əhəmiyyətli neft ehtiyatlarına malik ola biləcəyini göstərir.
Tənzilə Ağabalayeva