Redaktor
Assosiasiya sədri: "Azərbaycanda mövsümün sonlarında narın qiyməti hətta 15 manata qalxır"
Azərbaycanda mövsümün sonlarında, xüsusilə yanvar-fevral aylarında narın 1 kiloqramının qiyməti hətta 15 manata kimi qalxır.
Bunu "Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşov bildirib.
O qeyd edib ki, əsasən nar yığımının əvvəlində narın növü və təbii ki, keyfiyyətinə görə qiymət dəyişir: "Narın 1 kiloqramı 1-5 manat arasında dəyişir. Lakin mövsümün sonlarında, xüsusilə yanvar-fevral aylarında onun qiyməti hətta 15 manata kimi bahalaşır".
F. Qaraşov vurğulayıb ki, Azərbaycanda yeni subsidiyalar fermerlər üçün əlavə təşviq olacaq və əkin sahələrinin genişlənməsinə kömək edəcək: "Bundan başqa, müasir intensiv bağçılığın tətbiqini sürətləndirməyə təkan verəcək, məhsuldarlıq və keyfiyyət artımını da öz növbəsində dəstəkləyəcək. Amma bu gün iqlimin qeyri-sabitliyi bəzi bağlarda məhsuldarlığa ciddi təsir edir. Yeni bazarlara çıxış və logistika xərcləri, süni qiymət artımları ciddi maneələr törədir. Bundan başqa fermerlərin texniki və maddi dəstəyə də daima ehtiyacı var. Həmçinin dərman və gübrə qiymətlərindəki artım da məhsulun maya dəyərinə mənfi təsir göstərir. Təbii ki, burada Azərbaycan dövləti tərəfindən subsidiyaların və intensiv bağların dəstəklənməsi, fermerlər üçün təlim və resursların artırılması, yeni ixrac bazarlarının artırılması fermerlərimizin gələcək inkişafı və ümumilikdə narçılıq sektorunun inkişafına müsbət təsir göstərər".
Onun sözlərinə görə, Rusiya ənənəvi olaraq hələ də ən böyük xarici bazarlardan biridir: "Həmçinin Gürcüstan, Qazaxıstan kimi ölkələr əsas ixrac bazarlarımızdır. Rusiya ilə Ukrayna arasında müharibədən öncə Ukrayna əsas ixrac bazarlarımızdan idi. Yeni bazarlara çıxış üçün planlar mövcuddur. Buraya Fars körfəzi ölkələri, Avropa daxildir. Ən əsası Çini gələcək potensial üçün ən səmərəli bazarlardan hesab edirik".
Assosiasiya sədri deyib ki, uzunmüddətli perspektivdə narçılığın Azərbaycanın kənd təsərrüfatı sahəsində mühüm yer tutacaq: "Bundan başqa, emal sənayesi üzrə də artımın daha intensivləşməsinə ümid edirik. Hazırda emal məhsulları kimi nar şirəsi, narşərab, konsentrat kimi məhsullar il ərzində daxili və xarici bazarlarda öz dadı və tərkibi ilə kifayət qədər rəqabət yaradır. İl ərzində aktiv satışları özündə saxlayır. Qeyd edək ki, bu il istehsal müəssisələrində nar qıtlığının olması ilə bağlı assosiasiyaya müraciətlər olub. Burada tədarükçülərin 1 ton narı hətta 5-6 rayondan çətinliklə topladıqları ilə bağlı məlumatlar daxil olmuşdu. Yekun olaraq il ərzində emal zavodlarında kifayət qədər məhsulun olmaması problemi diqqətə çatdırılıb".
©Report.az