Süni intellektlə insan işçiləri əvəz etdiyini bildirən 7 şirkət

Redaktor

26.02.2026 13:40
451

Süni intellektlə insan işçiləri əvəz etdiyini bildirən 7 şirkət

Son illərdə süni intellektin bir gün insan işçiləri əvəz edəcəyi ilə bağlı narahatlıqlar artıb və görünür, bu gələcək artıq reallığa çevrilməyə başlayıb.

"HP" və "IBM" kimi şirkətlər bəzi vəzifələrin süni intellektlə əvəz olunduğunu bildiriblər. "HP" 2028-ci ilə qədər 4 min – 6 min arası iş yerini ixtisar etməyi planlaşdırır və bunu süni intellekt əsaslı məhsuldarlıq tədbirləri ilə əsaslandırır. "Klarna"nın işçi sayı isə son dörd ildə iki dəfə azalıb və şirkətin baş icraçı direktoru bunun gələcəkdə daha da azalacağını bildirib.

Keçən il "MIT" tərəfindən yayımlanan araşdırmaya əsasən, süni intellekt artıq ABŞ əmək bazarının 11,7 faizini əvəz edə bilər. Tədqiqatda 151 milyon ABŞ işçisini modelləşdirən və müxtəlif peşələr üzrə bacarıqların süni intellektlə üst-üstə düşməsini ölçən "Iceberg Index" adlı əmək simulyasiya alətindən istifadə olunub.

Şirkətlər süni intellekt tətbiqinin son ixtisarlarda oynadığı rolu getdikcə daha açıq şəkildə etiraf edirlər. Bəzi şirkətlər ixtisarların səbəbi kimi birbaşa süni intellekti göstərsələr də, digərləri məsələ ilə bağlı qeyri-müəyyən mövqe sərgiləyərək işçilərin həqiqətən süni intellektlə əvəz olunub-olunmadığına dair aydınlıq yaratmırlar.

Bununla yanaşı, bəzi sahələrdə ixtisarlar aparılsa da, digər istiqamətlərdə yeni iş yerləri yarana bilər. Dünya İqtisadi Forumunun sorğusuna görə, qlobal şirkətlərin 41 faizi növbəti beş il ərzində süni intellekt səbəbilə işçi sayını azaltmağı planlaşdırır. Eyni zamanda, böyük verilənlər, maliyyə texnologiyaları və süni intellekt sahələrində texnoloji iş yerlərinin 2030-cu ilə qədər iki dəfə artacağı gözlənilir.

Aşağıda insan işçiləri süni intellektlə əvəz etdiyini bildirən və ya bu istiqamətdə siqnal verən şirkətlərin siyahısı təqdim olunur.

"HP"

"HP" korporativ işçi heyətinin həcmini süni intellekt təşəbbüsləri nəticəsində azaltdığını açıqlayıb. Şirkət 2028-ci ilin sonunadək 4 min – 6 min arası iş yerini ixtisar etməyi planlaşdırır və bu dəyişikliklərin təxminən 1 milyard dollar qənaət edəcəyini bildirir. Strategiyaya işçi ixtisarları, platformaların sadələşdirilməsi, proqramların konsolidasiyası və məhsuldarlığın artırılması, həmçinin süni intellektin tətbiqi daxildir.

"IBM"

"IBM"in baş icraçı direktoru Arvind Krişna ötən il "The Wall Street Journal"a bildirib ki, şirkət yüzlərlə insan resursları əməkdaşını süni intellektlə əvəz edib. 2025-ci ilin dördüncü rübündə isə qlobal işçi heyətinin birrəqəmli faizini əhatə edən minlərlə iş yerinin ixtisar ediləcəyi açıqlanıb.

Krişna qeyd edib ki, şirkət prioritetlərini dəyişərək süni intellekt və kvant texnologiyaları sahəsində daha çox əməkdaş işə götürəcək. O, həmçinin proqramlaşdırma və satış sahələrində işçi qəbulunun artdığını vurğulayıb. 2023-cü ildə o bildirmişdi ki, beş il ərzində arxa ofis vəzifələrinin təxminən 30 faizi avtomatlaşdırıla bilər.

"Amazon"

"Amazon"un baş icraçı direktoru Endi Cessi süni intellekt əsaslı səmərəliliyin gələcək illərdə işçi sayını azaldacağını bildirib. Lakin şirkət 14 min iş yerinin ixtisarını elan edərkən bunun süni intellektlə deyil, korporativ mədəniyyətlə bağlı olduğunu vurğulayıb.

Cessi bildirib ki, qərar maliyyə və ya süni intellektlə birbaşa əlaqəli deyil. Şirkət nümayəndələri də ixtisarların süni intellekt səbəbilə həyata keçirilmədiyini təkrar ediblər. Bununla belə, şirkət rəhbərliyi süni intellekti internetdən bəri ən transformativ texnologiya adlandırıb.

"Salesforce"

"Salesforce"un baş icraçı direktoru Mark Benioff ötən il şirkətin müştəri dəstəyi bölməsində süni intellekt agentlərindən istifadə edərək işçi sayını azaltdığını bildirib. Onun sözlərinə görə, dəstək heyəti 9 mindən 5 minə endirilib.

Şirkət nümayəndəsi isə açıqlayıb ki, bu dəyişiklik təşkilati transformasiyanın bir hissəsi olub və yüzlərlə əməkdaş digər sahələrə – satış, peşəkar xidmətlər və müştəri uğuru istiqamətlərinə yönləndirilib.

"Klarna"

"Klarna"nın baş icraçı direktoru Sebastian Siemiatkovski bildirib ki, son dörd ildə şirkətin işçi sayı 7 mindən 3 minə düşüb və 2030-cu ilə qədər bu rəqəmin 2 mindən aşağı enəcəyi gözlənilir.

Onun sözlərinə görə, azalma həm ixtisarlar, həm də işdən ayrılanların yerinin doldurulmaması hesabına baş verib. Şirkətin süni intellekt köməkçisi 853 tamştatlı əməkdaşın gördüyü iş həcmini yerinə yetirir və illik təxminən 58 milyon dollar qənaət təmin edir.

"Fiverr"

"Fiverr"in təsisçisi və baş icraçı direktoru Miça Kaufman şirkətin işçi heyətinin təxminən 30 faizini ixtisar etdiyini bildirib. Bu, təxminən 250 əməkdaşı əhatə edib.

Kaufman qeyd edib ki, məqsəd şirkəti daha çevik və sürətli “AI-first” modelinə keçirməkdir. O, gələcəkdə yalnız süni intellekt alətlərindən istifadə bacarığı olan şəxslərin işə qəbul ediləcəyini bildirib.

"WiseTech"

"WiseTech"in baş icraçı direktoru Zubin Appu şirkətin süni intellekt əsaslı səmərəlilik səbəbilə 2 min iş yerini, yəni işçi heyətinin 30 faizini ixtisar etdiyini açıqlayıb.

Onun sözlərinə görə, süni intellekt daha az əməkdaşla daha yüksək məhsuldarlıq əldə etməyə imkan verir. Appu bildirib ki, mühəndisliyin əsas fəaliyyəti kimi əl ilə kod yazılması dövrü başa çatır və bəzi sahələrdə, o cümlədən müştəri xidmətlərində işçilərin yarısı ixtisar oluna bilər.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"SpaceX"dan böyük addım- "Anysphere"i 60 milyard dollara alır

17.06.2026

Azərbaycanın Xorvatiyaya neft ixracı 60%-dən çox azalıb

17.06.2026

“Azərişıq” 13,4 milyon manatlıq tender elan edib

17.06.2026

Bakıda 50 milyon dollarlıq saziş imzalandı

17.06.2026

Fərid Osmanov: Startaplar üçün konvertasiya edilən borc mexanizmi tətbiq ediləcək

17.06.2026

TuranBank Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə 15 milyon ABŞ dolları həcmində niyyət bəyannaməsi imzalayıb ®

17.06.2026

Uzaqdan iş modelləri yay aylarında kibertəhlükəsizlik risklərini artırır

17.06.2026

Dünya hava limanlarının reytinqi açıqlandı - SİYAHI

17.06.2026

Azərbaycanda işəgötürənlər işçilərə səhm verə biləcəklər

17.06.2026

Təsisçi və kiçik səhmdarlarla bağlı mühüm dəyişiklik

17.06.2026

Azərbaycana gəlsələr, 20 il vergi verməyəcəklər

17.06.2026

Azərbaycanda "Banklar haqqında" qanunun əhatə dairəsi genişləndirilir

17.06.2026

Bankların yığım əmanətləri: Ən çox faizi hansı bank verir?

17.06.2026

Avropanın ən məşhur kurortlarından biri turizm böhranı yaşayır: Səbəb nədir?

17.06.2026

Süni intellekt dəstəkli saxta rəhbərlər şirkətləri təhdid edir

17.06.2026

"SpaceX"in dəyəri 2,6 trilyon dollara yüksəlib, şirkət qısa müddətə "Amazon"u geridə qoyub

17.06.2026

Səhiyyədə yenilik - Rayonlarda 65 yaşı tamam olan həkimlərin işləməsinə icazə veriləcək

17.06.2026

​"Mərkəzi Asiya və Azərbaycanda islam bankçılığının payı cəmi 4%-dir"

17.06.2026

Sabah Azərbaycanda 36 dərəcə isti olacaq

17.06.2026

Nabran yolu nə vaxt açılacaq?

17.06.2026

Məzənnə

Yüklənir...