Redaktor
Şirkəti sevirsən, amma rəhbərlə işləyə bilmirsən - çıxış yolu nədir?
Bəzi hallarda əmək bazarında belə bir vəziyyət yaranır: insan uzun müddət arzuladığı böyük və nüfuzlu bir şirkətdə işə qəbul olunur və bu onun üçün mühüm nailiyyət sayılır. Lakin müəyyən müddətdən sonra məlum olur ki, çalışdığı şöbənin müdiri və ya departament rəhbəri ilə münasibətlər problemli xarakter daşıyır. Belə vəziyyətdə işçi şirkətin özündən və gördüyü işdən razı qalır, lakin rəhbərlə ünsiyyət və iş mühiti onu psixoloji baxımdan narahat edir. Nəticədə əməkdaş iş yerini tərk etmək istəmir, çünki həmin şirkətdə işləmək onun üçün həm karyera, həm də inkişaf baxımından əhəmiyyətlidir. Eyni zamanda rəhbərlə münasibətlər işçinin motivasiyasına və işdən məmnunluğuna mənfi təsir göstərə bilər.
Yəni problem şirkətdə deyil, konkret rəhbərlə bağlıdırsa, əməkdaş hansı addımları atmalıdır?
"SAT Group” şirkətinin həmtəsisçisi, idarəçi və biznes konsultant Anar Bayramov Valyuta.az-a bildirib ki, burada vəziyyət kifayət qədər sadədir. İlk növbədə, əməkdaş öz rəhbərliyi ilə münasibətləri yaxşılaşdırmaq istiqamətində addımlar atmalıdır:
"Ünsiyyət bacarıqları bu prosesdə xüsusi əhəmiyyət daşıyır. Məsələləri açıq və aydın şəkildə müzakirə etmək, qarşılıqlı anlaşma yaratmağa çalışmaq vacibdir. Rəhbərin davranışı qeyri-konstruktiv və ya “siyasi” xarakter daşıyırsa, əməkdaşın eyni şəkildə davranması düzgün deyil. Əksinə, o, mövqeyini açıq və şəffaf şəkildə ifadə etməlidir. Əgər problem həll olunmursa, məsələni daha yuxarı rəhbərlik səviyyəsinə qaldırmaq (eskalasiya etmək) məqsədəuyğun hesab edilir. Bu proses də şəffaf aparılmalı və əvvəlcədən rəhbərə bu barədə məlumat verilməlidir. Müzakirələr həm birgə, həm də ayrı-ayrılıqda daha yuxarı rəhbərliklə aparıla bilər. Əsas məqsəd problemin konstruktiv həllinə nail olmaqdır. Əgər məsələ yuxarı səviyyədə də həllini tapmırsa, bu, problemin rəhbərlik üçün prioritet olmadığını və ya onun həllinə maraq göstərilmədiyini göstərə bilər. Belə hallarda əməkdaşın iş yerini dəyişməsi mümkün variant kimi nəzərdən keçirilə bilər.
Bununla yanaşı, əməkdaş taktiki yanaşma da seçə bilər. Məsələn, rəhbərliyin müvəqqəti olaraq digər prioritetlərə fokuslandığını nəzərə alaraq, müəyyən müddət sonra məsələni yenidən gündəmə gətirmək mümkündür. Bu cür yanaşma da bəzi hallarda effektiv nəticə verə bilər".

A.Bayramov həmçinin, əməkdaşın taktiki yanaşmanı da seçə biləcəyini qeyd edib:
"Məsələn, rəhbərliyin müvəqqəti olaraq digər prioritetlərə fokuslandığını nəzərə alaraq, müəyyən müddət sonra məsələni yenidən gündəmə gətirmək mümkündür. Bu cür yanaşma da bəzi hallarda effektiv nəticə verə bilər".
Mayya Hüseynova