Redaktor
Qlobal şirkətdəki işindən ayrılıb ailəsi ilə startap qurdu
"Nvidia" şirkətində proqram mühəndisi kimi çalışmış Derek Foulton Şimali Karolinada həyat yoldaşı ilə birgə "Carolina Cloud" adlı startap quraraq cəsarətli bir addım atıb. Bu qərarı onun həm texnologiyaya olan həvəsini yenidən kəşf etmək, həm də oğluna fərqli bir gələcək təqdim etmək istəyindən qaynaqlanır.
Valyuta.az xəbər verir ki, Foultonun texnologiya ilə tanışlığı hələ 2006-cı ildə ilk "MacBook"unu alması ilə başlayıb.
Problem həll etmə bacarığı və yaradıcılıq qabiliyyəti onu məlumat elmi və kəmiyyət analizləri sahələrinə yönəldib. "Nvidia"ya marağı isə universitetdən bir dostunun bu şirkətdəki proqram mühəndisliyi vəzifəsi ilə bağlı paylaşımı ilə yaranıb. Beləliklə, texnologiya sənayesində nüfuzlu bir şirkətdə çalışmağa başlayıb.
İlk vaxtlar "Nvidia"da işləmək Foulton üçün öyrənmə baxımından ruhlandırıcı olub. Lakin bir neçə aydan sonra o, sərt idarəetmə üslubu və məhdud layihə imkanları ilə qarşılaşaraq sıxıldığını hiss edib. Çoxlarının düşündüyünün əksinə olaraq, "Nvidia"dakı maaş onun həyatını kökündən dəyişməyib. Bu da onu karyerasını yenidən nəzərdən keçirməyə vadar edib.
Öz şirkətini qurmaq arzusu Foultonun uzunmüddətli planları arasında olub. O və həyat yoldaşı "Carolina Cloud" startapına 20 min dollar sərmayə qoyaraq, əsas diqqəti hedge fondlar və genomika kimi sahələr üçün yüksək məhsuldarlıqlı hesablama xidmətlərinə yönəldiblər. Şirkət rəqabətli qiymət və fərqlənən müştəri xidməti ilə iri təminatçılardan fərqli mövqe tutmağı hədəfləyir.
"Nvidia"dan ayrıldıqdan sonra Foulton zehni rifahında əhəmiyyətli irəliləyiş hiss etdiyini bildirib. Onun yuxusu düzəlib, sosial həyatı canlanıb və texnologiyaya olan marağı yenidən güclənib. Müştərilərdən gələn ilkin maraq gözləntilərə uyğun olduğu üçün, "Carolina Cloud"un gələcəyinə ümidlə baxır. Foulton qarşıdakı 18 ay ərzində şirkətin rentabelliyini qiymətləndirməyi planlaşdırır. Əgər nəticələr uğurlu olmasa, ənənəvi iş rejiminə qayıda biləcəyini deyir. Hələlik isə sahibkarlığın verdiyi azadlıq və məmnunluqdan zövq alır.
Mayya Hüseynova