Redaktor
"Economist" "dəyər itirən dollar dövrü" elan etdi - FOTO
ABŞ-ın “The Economist” nəşri yeni buraxılışının üz qabığında dolları yaşıl ilan formasında təsvir edərək Amerika valyutası ilə bağlı risklərə diqqət çəkib.
Valyuta.az xəbər verir ki, nəşr "Hiyləgər, dəyər itirən dollar dövrü. Amerika aktivlərinin sahibləri buna öyrəşməli olacaqlar" ifadəsi yer verib.
Məqalə müəlliflərinin sözlərinə görə, ABŞ prezidenti Donald Trampın 20 yanvar 2025-ci il tarixində andiçmə mərasimindən sonra dollar indeksi 10 faizdən çox azalıb. Ticarət məlumatlarına əsasən, bu müddətdə Amerika valyutası avroya nisbətən təxminən 15 faiz ucuzlaşıb.
Nəşr həmçinin investorlar arasında panika dövrlərinin daha tez-tez baş verdiyini vurğulayıb. Nümunə kimi 2025-ci ilin aprel ayı göstərilir. Həmin vaxt Donald Tramp idxala baza rüsumunun tətbiq ediləcəyini elan edərək bunu “azadlıq günü” adlandırmışdı. “Economist” qeyd edir ki, bu cür məqamlarda investorlar kütləvi şəkildə Amerika aktivlərindən imtina etməyə başlayır ki, bu da səhmlərin və dolların ucuzlaşmasına səbəb olur. Məqalədə hesablanıb ki, ötən il bu hal əvvəlki onilliklərlə müqayisədə təxminən üç dəfə daha çox müşahidə edilib.
“Bu panika dalğaları dollar aktivlərinin artıq təhlükəsiz sığınacaq olmadığı nizamsız bir dünyanı göstərir”, deyə məqalədə qeyd edilir.
ABŞ-ın rəsmi statistika xidməti və “Ekspert RA” reytinq agentliyinin məlumatlarına əsasən, Donald Trampın ikinci prezidentlik müddətində dollar demək olar ki, 3 faiz dəyər itirib. 2025-ci ilin yekunlarına görə isə dolların alıcılıq qabiliyyəti 2,6 faiz azalıb. Mütəxəssislər bu göstəricilərin əsas səbəbləri kimi inflyasiyanın dinamikasını və Federal Ehtiyat Sisteminin pul-kredit siyasətinin yumşaldılmasını göstərirlər.
Paşa Məmmədli
