Redaktor
“Pocket eSIM” 1,5 milyon dollar investisiya alıb
eSIM əsaslı mobil bağlantı həlləri hazırlayan “Pocket eSIM” 1,5 milyon dollar həcmində Seed mərhələli investisiya alıb.
Valyuta.az xəbər verir ki, şirkətin 1,5 milyon dollarlıq investisiya turunda “Ziraat Portföy”, “Bacacı Yatırım Holding”, “Milenium VC” və “Negmar Venture” iştirak edib.
İstanbul mərkəzli şirkət yeni investisiyanı məhsul inkişafı proseslərini sürətləndirmək, komanda strukturunu gücləndirmək, texnoloji infrastrukturunu təkmilləşdirmək və beynəlxalq genişlənmə planlarını dəstəkləmək üçün istifadə edəcəyini açıqlayıb.
“Pocket eSIM” 2024-cü ildə Eymən Özkan və Akif Enes Kütük tərəfindən təsis edilib. Şirkət istifadəçilərə fiziki SIM kart olmadan dünyanın 200-dən çox ölkəsində mobil internet paketlərinə sürətli və münasib qiymətlərlə çıxış imkanı yaradır. Xüsusilə tez-tez səyahət edən istifadəçilərə yönələn platforma tətbiq vasitəsilə 750 mindən çox istifadəçiyə xidmət göstərir və turizm və aviasiya sektorlarında yüzlərlə tərəfdaşla əməkdaşlıq edir.
Şirkət süni intellekt inteqrasiyası vasitəsilə tətbiq və API-lərdə daha innovativ, miqyaslana bilən və səmərəli həllər təqdim etməyi hədəfləyir. “Pocket eSIM” yaxın zamanda səs və SMS funksiyalarını da əlavə etməyi planlaşdırır.
Qlobal bazarda genişlənmək məqsədilə şirkət ABŞ, Böyük Britaniya və Dubayda ofislər açmağı planlaşdırır.
“Pocket eSIM”in həmtəsisçisi Eymən Özkan investisiya ilə bağlı açıqlamasında bunun şirkət üçün mühüm dönüş nöqtəsi olduğunu bildirib. Onun sözlərinə görə, məqsədləri qlobal mobil məlumat çıxışını daha asan, sürətli və istifadəçi dostu etməkdir:
“Əvvəlki investisiya turumuzla birlikdə Türkiyədə marka və korporativ əməkdaşlıqlarımızı artıraraq yerli bazardakı payımızı genişləndirdik. Bu investisiya ilə diqqətimizi tam şəkildə qlobal bazarda böyüməyə yönəldəcəyik. ABŞ, Böyük Britaniya və Dubayda ofislər açmağı planlaşdırırıq”.
Mayya Hüseynova