Redaktor
"Microsoft" "OpenAI"nın mənfəətini 7,6 milyard dollar artırdı
"Microsoft" 2026 maliyyə ilinin ikinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
Valyuta.az xəbər verir ki, şirkətin gəlirləri illik müqayisədə 17% artaraq 81,3 milyard dollara çatıb və analitik gözləntiləri üstələyib.
"Microsoft Cloud" gəlirləri isə ilk dəfə 50 milyard dolları keçib, bu da şirkətin süni intellekt və bulud strategiyasının maliyyə nəticələrinə açıq şəkildə əks olunduğunu göstərir.
Rübün ən diqqətçəkən məqamlarından biri "Microsoft"un "OpenAI" ilə tərəfdaşlığı olub. Şirkət açıqlayıb ki, "OpenAI"yə yatırımla bağlı göstəricilər xalis mənfəətə 7,6 milyard dollar müsbət təsir göstərib. Bu, süni intellekt laboratoriyasına edilən investisiyanın birbaşa mənfəətə bu miqyasda töhfə verdiyi nadir hallardan biri kimi qiymətləndirilir.
Bloomberg-in məlumatına görə, "OpenAI" hazırda 750-830 milyard dollar aralığında qiymətləndirmə ilə yeni investisiya turunu nəzərdən keçirir. Bu isə gələcək dövrlərdə "Microsoft"un "OpenAI"dən əldə etdiyi gəlirlərin daha da artmasına səbəb ola bilər.
Qeyd edək ki, "OpenAI"nin "Microsoft"dan 250 milyard dollarlıq əlavə "Azure" xidməti alışı üzrə öhdəliyi mövcuddur. Bu razılaşmadan sonra "Microsoft"un hələ gəlirə çevrilməmiş müqavilə öhdəlikləri 392 milyard dollardan 625 milyard dollara yüksəlib. Şirkət bildirir ki, bu məbləğin təxminən 45%-i "OpenAI" ilə bağlıdır.
Sərvanə Rəmixanova