Eyni məhsulu hər market bir qiymətə satır

Redaktor

25.02.2026 09:00
125

Eyni məhsulu hər market bir qiymətə satır - 4 səbəbi var

Eyni məhsulun bir marketdə tutaq ki, 80 qəpiyə, digərində isə 95 qəpiyə satılması istehlakçılarda sual yaradır. Məsələn, bəzən bildirilir ki, böyük marketlər şəbəkəsində məhsullar daha keyfiyyətli və uyğun şəraitdə saxlanılır. Bəzən isə bildirilir ki, bu xərclər sadəcə brenləşmə ilə bağlıdır.

Bu fərq həqiqətən “brend xərcindən” qaynaqlanır, yoxsa arxa fonda başqa hansısa amillər var?       

Valyuta.az-a danışan biznes konsultant Pərviz Əzimov bildirib ki, supermarketlər arasında qiymət fərqlərinin yaranması müxtəlif amillərlə bağlıdır:

"İlk növbədə, bu, hər bir supermarketin qiymət strategiyası ilə əlaqədar ola bilər. Bəzi şəbəkələr daha aşağı qiymət siyasəti seçir, digərləri isə daha yüksək qiymət tətbiq edir. Məsələn, hansısa supermarket iddia edə bilər ki, daha keyfiyyətli xidmət göstərir və xidmət səviyyəsinə daha çox önəm verdiyi üçün rəqiblərindən qismən bahadır. Bu, mağazada daha çox işçi saxlanılması, 24 saat fasiləsiz xidmət göstərilməsi və ya digər əlavə xidmətlərlə əsaslandırıla bilər. İkinci mühüm amil yerləşmə ilə bağlıdır. Bahalı yaşayış komplekslərində, böyük rezidensiyalarda və ya icarə haqqının yüksək olduğu şəhər mərkəzlərində fəaliyyət göstərən supermarketlər xərclərini nəzərə alaraq qiymətlərdə fərq yarada bilirlər. Hətta eyni şəbəkənin müxtəlif ərazilərdə yerləşən mağazaları arasında da qiymət fərqi müşahidə oluna bilər. Üçüncü amil supermarketin fəaliyyət göstərdiyi seqmentdir. Premium seqmentə aid olan supermarketlərdə qiymətlər, adətən, digər mağazalarla müqayisədə daha yüksək olur. Azərbaycanda da bu kateqoriyaya daxil olan supermarketlər mövcuddur".

Dördüncü mühüm məsələnin supermarketin bazar gücü olduğunu deyən P.Əzimov qeyd edib ki, məhsulun distributordan alınması zamanı dövriyyə həcmi böyük olan şəbəkələr daha sərfəli şərtlərlə və daha yüksək endirimlərlə məhsul əldə edə bilirlər:

"Məsələn, 5 mağazası olan və ay ərzində müəyyən məhsuldan 10 min ədəd satan supermarketlə, 100 mağazası olan və həmin məhsuldan 500 min ədəd satış həyata keçirən şəbəkənin alış qiymətləri eyni olmur. Böyük həcmdə satış edən tərəf daha aşağı alış qiyməti əldə edə bilir və bu da son qiymətə təsir göstərir. Beləliklə, qiymət fərqləri müxtəlif iqtisadi və strateji səbəblərlə formalaşır. Bu, supermarketin öz biznes qərarıdır və həmin qərarın arxasında müəyyən strateji yanaşma dayanır. Necə ki, supermarketlə məhəllə marketi arasında açıq qiymət fərqi müşahidə olunur, eyni şəkildə supermarketlərin öz aralarında da qiymət rəqabəti nəticəsində fərqlər yarana bilər".

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...