Redaktor
“Ən güclü karyera heç kimə “sağ ol” deməyə məcbur olmayan karyeradır”
Bəzən bir insanın karyerasında yüksəlməsi təkcə öz bacarığı ilə olmur. Onun yolunu açan, qapıları göstərən və ya arxa duran biri də olur. İlk baxışda bu, tam normal və hətta təqdirəlayiq görünür. Amma problem çox vaxt uğurdan sonra başlayır.
Çünki həmin dəstəyi verən şəxs bir müddət sonra bu yaxşılığı açıq şəkildə xatırladır: “bu yerə mənim sayəmdə gəldin”. Bu cümlə isə münasibəti minnətdarlıqdan asılılığa çevirir. Yardım alan tərəf tədricən özünü borclu hiss edir və peşəkar qərarlarında da sərbəst davranmaqda çətinlik çəkir. Bəs birinin dəstəyi ilə irəli çəkilmək uzunmüddətli karyerada hansı riskləri yaradır? Bir insandan gələn təklifi qəbul etməzdən əvvəl nəyə diqqət etmək lazımdır? Karyerada sağlam dəstək ilə təhlükəli himayə arasındakı əsas fərq nədir?
Valyuta.az-a açıqlamasında “DK Agency” şirkətinin direktoru, ticarət idarəetmə və françayzinq üzrə mütəxəssis Doğan Tomris bildirir ki, himayə ilə gələn yüksəliş, əvvəlcə lift kimidir, sürətli və rahat. Amma bu liftin düyməsi başqasının əlindədir:
“Birinci risk peşəkar kimliyin silinməsidir. Ətrafınız sizi “filankəsin adamı” kimi tanıyır. Öz bacarığınız, təcrübəniz, qərarlarınız arxa plana keçir. Nə qədər yaxşı işləsəniz də, etiket yapışır ki, o, onsuz bura gələ bilməzdi.
İkinci risk qərar azadlığının itirilməsi olur. Himayəçi, bilərək, ya bilməyərək, sizin qərarlarınıza müdaxilə edir. “Mən sənə bu qapını açdım, indi mənim dediyimi et” məntiqi işə düşür. Siz artıq peşəkar deyil, icraçısınız.
Üçüncü risk odur ki, himayəçi gedəndə siz də gedirsiniz. Əgər siz öz dəyərinizi sübut etməmisinizsə, himayəçinin gedişi ilə sizin mövqeyiniz də sarsılır. Başqaları sizə boş yer kimi baxır”.

O deyir ki, karyerada sağlam dəstək ilə təhlükəli himayə arasındakı əsas fərqi tapmaq lazımdır:
“Mənim uzun illər restoran və otel sektorunda gördüyüm mənzərə budur: mikro komandalar qurarkən bəzən deyirik ki, öz adamlarımız olsun, işi bilənlər olsun. Amma biz o mühitdən gedəndə ilk zərər görənlər məhz həmin adamlar olur. Çünki onlar sistemə deyil, şəxsə bağlı idilər.
Hər dəstək pis deyil, amma hər dəstəyin arxasında nə durduğunu anlamaq vacibdir. Bu təklif mənim bacarığıma, yoxsa sədaqətimə görədir? Əgər sizi seçmələrinin səbəbi peşəkar keyfiyyətlərinizsə, bu sağlam bir fürsətdir. Amma əgər gözlənti mənə sadiq olacaqsan düşüncəsidirsə, bu artıq himayə tələsidir.
Özünə sual ver: Bu imkan məni inkişaf etdirəcək, yoxsa asılı edəcək? Sağlam dəstək sizə yeni bacarıqlar qazandırır. Təhlükəli himayə isə sizi bir nöqtədə saxlayır, rahat, amma inkişafsız”.
D.Tomrisin sözlərinə görə, əsl lider heç vaxt etdiyi yaxşılığı silah kimi istifadə etməz: “Ona görə düşünmək lazımdır ki, bu adam sabah bu yaxşılığı xatırladacaqmı? Lider xatırlatmaz, amma himayəçi edər. İllər əvvəl keçmiş baş direktoruma demişdim: “Siz bizə çox şans verdiniz”. O isə cavab verdi: “Xeyr, siz aldınız. Mən hamıya eyni idim. Siz çox yaxşı aldınız, mən də bir az sizinlə işlədim, maraqlandım”. Bu cavab, əsl liderin cavabıdır. O, öz rolunu kiçiltmədi, amma mənim əməyimi də sahiblənmədi. Sağlam dəstək məhz belə görünür”.
“Sağlam dəstək sizi gücləndirir və buraxır. Təhlükəli himayə sizi yüksəldir və bağlayır. Bu gün peşə təhsilində tələbələrimə həmişə deyirəm ki, kimsəni ucaltmayın, özünüzü ucaldın. Siz ən yaxşısını etdiyiniz müddətcə kimsəyə ehtiyacınız yoxdur”.
“İşgüzar münasibətlər tərəfdarıyam. Əlaqələr və prioritetlər balanslaşdırılmalıdır. Dəstək qəbul edin, amma asılılıq yaratmayın. Minnətdar olun, amma borclu olmayın. Ən güclü karyera, heç kimə “sağ ol” deməyə məcbur olmayan karyeradır. Çünki siz onu öz əməyinizlə qazanmısınız” – deyə D.Tomris qeyd edib.
Şəbnəm İbrahimxəlilova