Redaktor
Rusiyada neft şirkətlərinin iflası dalğası başladı - KİV
Rusiya neftinin bir barelini 40 dollara qədər ucuzlaşdıran ABŞ sanksiyaları Rusiya Federasiyasının əsas hasilat regionlarında kiçik neft şirkətlərinin bir sıra iflaslarına səbəb olub.
Valyuta.az xəbər verir ki, "Komersant"ın məlumatına görə, Rusiya dövlət bankı VTB "First Oil" qrupuna daxil olan, Yakov Qoldovskinin rəhbərlik etdiyi neft şirkətləri barədə iflas müraciəti etməyi planlaşdırır. Şirkət təxminən 6 milyard rubl borc yığıb və onu ödəyə bilmir.
Mənbənin verdiyi məlumata görə, "First Oil" şirkətinin maliyyə vəziyyəti COVID-19 pandemiyası dövründə pisləşmişdi, yeni ABŞ sanksiyaları isə neftçiləri xam nefti böyük endirimlə satmağa məcbur edərək vəziyyəti daha da çətinləşdirib. Məqalədə qeyd olunur ki, kreditorlar qarşısındakı borclar artıb və onların idarə olunmasında çətinliklər yaranıb.
"First Oil" Rusiya nefti hasil edən ilk şirkət deyil ki, iflas təhlükəsi ilə üzləşir. "The Moscow Times"ın məlumatına görə, 2025-ci ilin sonunda "Yangpur" şirkəti iflas proseduruna düşüb. Bu şirkət Rusiya ərazisində "Belarusneft"in maraqlarını təmsil edir və Yamal-Nenets Muxtar Dairəsində iki yatağı işləyir.
"Bir qədər əvvəl vergi orqanlarının iddiaları əsasında Astraxan neft şirkəti və "Gornıy" NK iflasa uğrayıb, hansı ki, Neneç Muxtar Dairəsinin cənubunda üç lisenziyaya sahib idi. Yanvarda Moskva Kredit Bankı iflas etmiş şirkətlərin sahiblərindən təxminən 7 milyard rubl tələb edib", deyə jurnalistlər bildiriblər.
Məqalədə "Rosstat" məlumatlarına istinad edilərək qeyd olunur ki, Rusiya ərazisində neft hasil edən şirkətlərin yarısı mənfəətsizdir.
"2025-ci ilin yanvar-noyabr aylarında onlar cəmi 575 milyard rubl zərər görüb. Mənfəət əldə edən şirkətlər isə 11 ay ərzində mənfəətlərini iki dəfədən çox azaldaraq 3 trilyon rublə endiriblər", deyə jurnalistlər yazır.
Bildirilib ki, ixrac gəlirlərinin azalması və yüksək əsas faiz dərəcəsi neftçilər üçün "partlayış təhlükəli kokteyl"ə çevrilib. Bütün bunlar Rusiya Mərkəzi Bankının məlumatına görə, bankları sahəyə verilmiş 2,7 trilyon rubl kreditləri restrukturizasiya etməyə məcbur edir. Beləliklə, Rusiya neft-qaz sektoru restrukturizasiyaların həcmi və payı üzrə ölkə iqtisadiyyatında liderə çevrilib.
"Neft hasilatı sektoru böhran vəziyyətinə doğru sürüşür və son sanksiyalar bu prosesi sürətləndirəcək", deyə Harvard Universitetində Rusiya və Avrasiya Araşdırmaları Mərkəzinin eksperti Kreyq Kennedi bildirib.
Paşa Məmmədli