Redaktor
"Samsung"un 85 illik yüksəlişi: balıq dükanından qlobal texnologiya nəhənginə
Real dünyada milyard dollarlıq şirkətlər göydən düşmür. Onlar müharibə zonalarından, iqtisadi böhranlardan, uğursuz məhsullardan və idarə heyəti daxilindəki qarşıdurmalardan keçərək formalaşırlar.
1995-ci ildə "Samsung"un rəhbəri 150 min ədəd qüsurlu telefon və mikrodalğalı sobanın 2 min əməkdaşın gözü qarşısında yandırılmasını əmr etmişdi. Bu, emosional addım deyil, dönüş nöqtəsi idi. Həmin hadisə şirkətdə orta səviyyəli yanaşmanın sonu və keyfiyyətə yönəlmiş yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
"Samsung"un tarixi müasir dövrün iqtisadi möcüzələrindən biri hesab olunur. 1938-ci ildə Koreya əsasən kənd təsərrüfatına söykənən və müstəmləkə idarəçiliyi altında olan ölkə idi. 2023-cü ilə gəldikdə isə Cənubi Koreya dünyanın 10-cu ən böyük iqtisadiyyatına çevrilib. Bu yüksəlişdə bir sahibkarın riski və bir şirkətin inkişafı mühüm rol oynayıb. Həmin şəxs Li Byonq-çol, şirkət isə "Samsung" idi. O, Daequ şəhərində əriştə və qurudulmuş balıq satan kiçik ticarət dükanı ilə fəaliyyətə başlayıb.
78 il sonra "Samsung Group"un illik gəlirləri 300 milyard dolları ötüb, şirkətin zavod və məhsulları isə bütün dünyaya yayılıb. Müəyyən dövrlərdə "Samsung"un illik satışları Cənubi Koreyanın ÜDM-nin təxminən 20 faizinə bərabər olub. Qlobal bazarda göndərilən hər beş smartfondan biri "Samsung"a məxsus olub, şirkət dünya televizor bazarının 28,3 faizinə nəzarət edərək 19 il ardıcıl liderliyini qoruyub.
İmperiyanın başlanğıcı
Li Byonq-çol 1910-cu ildə Koreyanın zadəgan təbəqəsi sayılan yanban ailəsində anadan olub. O, Yaponiyanın nüfuzlu "Waseda University" ali məktəbinə qəbul olunsa da, təhsilini yarımçıq qoyub. Vətənə qayıtdıqdan sonra müxtəlif biznes təşəbbüslərinə başlayıb. 1930-cu illərdə düyü dəyirmanı biznesinə sərmayə qoysa da, regional bazarların çökməsi nəticəsində vəsaitini itirib. 28 yaşında bir neçə yük maşını alaraq "Samsung Trading Company"ni təsis edib. Şirkətin adı “Üç ulduz” mənasını verir və uzunömürlülük, davamlılıq rəmzi kimi seçilib. Kiçik anbar qısa müddətdə beynəlxalq ticarət platformasına çevrilib. Daequdan Çin və Koreya daxilində Yaponiyada istehsal olunan istehlak mallarının ixracı şirkətə sürətlə mənfəət qazandırıb.
Müharibə və dönüş nöqtəsi
İkinci Dünya müharibəsi və ardınca 1950–1953-cü illərdə Koreya müharibəsi ölkə iqtisadiyyatını dağıdıb. "Samsung"un ofisləri məhv edilib. Li Byonq-çol isə Busan şəhərinə köçərək fəaliyyətini şəkər emalına yönəldib. Daha sonra tekstil fabriki və un istehsalı müəssisəsi yaradıb.
1950-ci illərin sonuna doğru "Samsung" artıq ölkənin ən iri şirkətlərindən birinə çevrilmiş və korporativ borclanmanın 19 faizini təşkil etmişdi.
1960-cı illərdə hökumətin sənayeləşmə siyasəti fonunda şirkət bankçılıq, sığorta, sement, gübrə və neft sektorlarına daxil olub. 1969-cu ildə isə "Samsung Electronics" təsis edilib və ilk məhsul kimi ucuz, ağ-qara televizor istehsalına başlanılıb.
Qısa müddətdə kalkulyatorlar və yarımkeçiricilər istehsalı da portfelə əlavə olunub. 1978-ci ilə qədər şirkət 5 milyon televizor istehsal edib.
Keyfiyyətə dönüş və qlobal yüksəliş
Li Byonq-çol 1987-ci ildə vəfat edib və rəhbərlik oğlu Li Kun-hiyə keçib. O, 1993-cü ildə Almaniyada rəhbər heyət qarşısında çıxış edərək köklü dəyişikliklərin zəruriliyini vurğulayıb. 1995-ci ildə isə keyfiyyət standartlarına cavab verməyən 150 min məhsulun məhv edilməsi qərarını verib.
Bu addımdan sonra şirkət istehsal proseslərini yeniləyib, elmi-tədqiqat xərclərini artırıb və qısa müddətdə aşağı keyfiyyətli brend imicindən qlobal texnologiya liderinə çevrilib.
2000-ci illərdə "Samsung" LCD panellər, yaddaş çipləri və smartfon bazarında mövqeyini gücləndirib. "Galaxy" seriyası ilə "Apple" şirkəti ilə rəqabətə girərək 2013-cü ildə qlobal smartfon satışlarında liderliyə yüksəlib.
Yarımkeçiricilər sahəsində liderlik
2017-ci ildə "Samsung" dünyanın ən böyük çip istehsalçısına çevrilib. 2024-cü ildə şirkət yalnız yarımkeçiricilərdən 66,5 milyard dollar gəlir əldə edib. Bu istiqamət rəqəmsal iqtisadiyyatın əsas dayağı kimi qiymətləndirilir.
Hazırda "Samsung" smartfon, televiziya və yaddaş çipləri bazarında lider mövqeyini qoruyur. Şirkət ABŞ-ın Texas ştatında zavodlara milyardlarla dollar sərmayə yatırır, 3 və 2 nanometrlik çiplərin kütləvi istehsalını həyata keçirir.
Süni intellekt mərhələsi
Şirkət "Galaxy AI" adlı süni intellekt sistemini artıq 200 milyon cihazda aktivləşdirib və növbəti il bu rəqəmi 400 milyona çatdırmağı planlaşdırır. Eyni zamanda, "Google"un "Gemini" modeli ilə əməkdaşlıq çərçivəsində süni intellekt funksiyaları smartfon və digər məişət cihazlarına inteqrasiya olunur.
Hazırda şirkət Li Byonq-çolun nəvəsi Li Ce-yonqun rəhbərliyi altındadır. Analitiklərin fikrincə, "Samsung" yaxın illərdə qabaqcıl çip istehsalı sahəsində "TSMC" şirkətinə ciddi rəqib ola bilər.
Cənubi Koreya iqtisadiyyatında rol
Müxtəlif dövrlərdə "Samsung"un fəaliyyəti ölkə ÜDM-nin 20 faizini təşkil edib. Şirkət Cənubi Koreyanın sənayeləşməsi, məşğulluq səviyyəsinin artması və texnoloji inkişafında əsas hərəkətverici qüvvələrdən biri olub.
Bu gün "Samsung" yalnız texnologiya brendi deyil, həm də Cənubi Koreyanın iqtisadi transformasiyasının simvolu kimi qiymətləndirilir.
Tənzilə Ağabalayeva